Siyasət

“Xarici donorların Azərbaycana cəlb olunması çox vacibdir” (MÜSAHİBƏ)

Ramin Hacılı: “QHT nümayəndələri ölkəmizin beynəlxalq siyasətində aparıcı rol almalıdır”

Azərbaycan Avropa Hərəkatının rəhbəri, politoloq Ramin Hacılı Qaynarinfo-nun suallarını cavablanıdırıb.

– Ramin bəy, Vətən savaşı dövründə Azərbaycan Vətəndaş Cəmiyyətinin fəaliyyətini necə qiymətləndirirsiz?

– Nəinki vətəndaş cəmiyyəti, bütün azərbaycanlılar həmrəylik göstərdi. Ancaq peşəkarlıq baxımından çatışmazlıqlar var. Bunun səbəbi böyük çoxluğa məlumdu. İllərlə ölkədə ciddi QHT adına nə varsa, onu məhv etmək üçün Əli Həsənov əlindən gələni edib. Yalnız öz təşkilatımızı misal gətirməyim bəs edər. Avropa Hərəkatı dünyanın ən ciddi təşkilatlarından biridir. Biz onun Azərbaycan təmsilçiliyini yaratdıq, hətta özünü bu hərəkata dürtüşdürən “Artsax” adlı qondarma təşkilatı da ləğv etdirməyi bacarmışdıq. Əli Həsənov nə etdi? Bizim fəaliyyətimizin qarşısını aldı. Beləliklə, təkcə böyük və dövlətçi komanda fəaliyyətsiz qalmadı, həm də ölkəmiz itirdi.

QHT-lər haqda yaradılan mənfi imici xatırlayın. Qrant zarafatlarını, qrant alıb iş görməyin pis bir şey kimi təqdim edilməsində Əli Həsənovun kurasiyasında olan yerli medianın “fədakar rolunu” xatırlayın. Nə oldu? Beynəlxaql aləmlə əlaqələrimiz kəsildi, dünya təmsilçiliyimiz az qala sıfıra endi və ölkə olaraq çox şey itirdik. Mən istəyirəm Azərbaycan cəmiyyəti Əli Həsənovun ölkəmizə vurduğu zərbənin mahiyyətini dərindən görsün. Bu, korrupsiyadan, talandan çox-çox daha böyük zərbədi. O, ölkəmizin inkişafına tövhə verən qurumları, istedadlı şəxsləri, beyin mərkəzlərini, cəmiyyətin inkişafında katalizator rolunu oynayan aktivistləri, düşünən adamları, proqressiv gəncliyi, media peşəkarlığını, hər ölkə üçün keçilməz olan 4-cü hakimiyyəti – mətbuatı, TV-ni məhv etdi. Bunun ziyanını təsəvvür etməyimizi istəyirəm.

Biz bütün bu sahələri yenidən və dağıntılar arasından yığmalı, düzəltməli olacağıq. QHT-lərin inkişafı istiqamətində dövlət büdcəsindən ayrılan milyonları Ramiz Mehdiyev – Əli Həsənov suyun başını kəsən əjdaha hərisliyi ilə udub. Elə bir sxem qurmuşdular ki, ələbaxan, savadsız, bazar təfəkkürlü adamlar bütün bu sahələrdə artırdı. Nəticədə Vətəndaş Cəmiyyəti konsepsiyası mahiyyətini dəyişdi, alverçilər yığnağı imici qazandı və ölkəmizin ən lazımlı sferası sıradan çıxdı. Lazımlı ona görə deyirəm ki, cəmiyyətin bütün sorunlarına dövlətlə paralel cavabdeh olan tərəf həm də Vətəndaş Cəmiyyətidi. Bura erkən nikahlarla mübarizədən, maarifçilikdən tutmuş Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşama yollarını tapmağa qədər hər şey aiddi.

– İndi Əli Həsənov yoxdu. Necə düşünürsüz, bu istiqamətdə dəyişikliklər var və ya olacaq?

– Dəyişiklik senzuranın qaldırılması ilə başlaya bilər. Müəyyən addımların atıldığını da görmək mümkündü. Yeni agentliyin yaradılması, telekanallarda əvvəlki bayağılığın və məsuliyyətsizliyin azalması, internet TV-lərin fəaliyyətinin nisbətən basqısız olması və s. Xüsusilə İTV-nin fəaliyyətini vurğulamaq istəyirəm. İTV yarandığı gündən indiyə kimi ilk dəfə olaraq təyinatı üzrə fəaliyyət göstərməyə çalışır. Ürkək addımlarla olsa da əvvəlki illərlə müqayisədə media sektorunda dəyişiklik sezilir. Mətbuata təyziqlərin azalması bu sahənin öz-özünə inkişaf etməsinə təkan ola bilər. Senzura olan yerdə inkişafdan danışmaq mümkün deyil. Mən çox ümid edirəm ki, “dəmir yumruq” yalnız düşmən tərəfə yönələcək. Mediaya, Vətəndaş Cəmiyyətinə, ictimai sferaya isə azadlıq veriləcək. Biz əvvəlki illərdə nə qədər KİV nümayəndəsinin xırda bir məsələ üstündə həbs olunduğu görmüşük. Belə hallar jurnalistika sahəsində çalışanları, çalışmaq istəyənləri işdən soyudur, qərəzsiz mediaçıların, müstəqil jurnalistlərin fəaliyyətini əngəlləyir.

– Bəs QHT sahəsində dəyişiklik gözlənilirmi?

– Dəyişiklik olacağı ilə bağlı siqnallar var. Vətən savaşından bir müddət əvvəl Prezidentin göstərişi ilə köməkçisi Hikmət Hacıyev QHT rəhbərləri ilə görüşlər keçirdi. Mən də həmin görüşlərə qatıldım. Hikmət bəy problemləri və təklifləri deməyimizi istəyirdi. Demək olar ki, mövqeyindən asılı olmayaraq tanınan QHT rəhbərlərinin hamısı görüşlərə dəvət almışdı. Anlaşılan o idi ki, dövlət bizdən bu sahədə olan problemləri öyrənmək istəyirdi, çıxış yolları axtarırdı. Doğru inkişaf konsepsiyası məhz bu şəkildə hazırlanır. Biri həkimə gəlib problemlərini deməsə, ona necə diaqnoz qoyular və müalicə necə aparıla bilər? Bu baxımdan seçilən yolu doğru hesab edirəm.

Bizim illərdi istədiyimiz də bu idi. Bir sahənin inkişaf etməsini istəyirsənsə həmin sahənin peşəkarları ilə məsləhətləşmələr aparmaq lazım gəlir. Savaş bitəndən sonra maraqlandım və məlum oldu ki, təkliflərimiz müvafiq nazirliklərlə, komitələrlə, icra strukturları ilə müzakirə olunur. Gəldiyim nəticə o oldu ki, Prezidentin bəyan etdiyi ictimai nəzarətin formalaşdırlıması işində QHT-lərin gücü artırılacaq. Əvvəllər də icra orqanları yanında ictimai şuralar bu funksiyanı həyata keçirirdi. Lakin ciddi nəticə əldə etmək mümkün olmadığından boşluqları aradan qaldırmaq ehtiyacı yarandı. Şəxsən mən bu cəhdlərin quş qoymaq xətrinə olmadığını, dəyişiklik və inkişaf yolunda atıldığını düşünürəm. Düşüncəmi Hikmət bəyin görüşə başlarkən işlətdiyi bir cümləsi möhkəmləndirdi. O təxminən belə dedi, “cənab Prezident tapşırıb ki, QHT sektorunun problemlərini öyrənib mənə məruzə edin və Vətəndaş Cəmiyyəti sahəsini dirçəltmək üçün lazımlı addımları ataq.”

– Sizcə, hansı addımlar atılmalıdır ki, bu sahə dövlətimizə fayda verə bilsin?

– İlk növbədə Azərbaycana xarici donorların cəlb olunması vacibdi. Bunun üçün Xarici fondlar, Beynəlxalq təşkilatlar, QHT-lər, yerli fondlar, İctimai Birliklər, Assosasiyalar haqqında qanunların və mövcud qanunvericiliyin də daxil olduğu sadələşdirilmiş konsepsiyanın qəbul olunması əsas şərtdir. Paralel olaraq Vətəndaş Cəmiyyəti İnstitutları müstəqil mövqeyi olan tərəfə çevrilməlidi. Bu sahəni qazanc yeri kimi yox, ölkəyə xidmət kürsüsü kimi görən peşəkarlar dəstək alarsa, sahə inkişaf yolu tutar. Xüsusilə savaş sonrası dönəmdə peşəkar QHT-çilər ölkəmizin beynəlxalq siyasətində üzərlərinə məsuliyyət götürərək aparıcı rol almalıdılar. Bu, çağdaş dünyanın tələbləri sırasındadır. Mən dövlətimizin müasir çağırışlara cavab verəcək gücə sahib olması üçün tələb olunan addımların atıldığını gördüyün üçün nikbinəm.

Qaynarinfo.Az

Bənzər yazılar

Back to top button