Bizim seçimCəmiyyət

Qaliblərdən biri – Mənsur Paşayev

Faşizm üzərində qələbənin növbəti ildönümü qeyd olunur. İkinci Dünya savaşında qazanılan zəfərdə Azərbaycan xalqının da böyük payı var. Hitler Almaniyası ilə müharibədə 650 mindən çox igid oğul və qızımız iştirak edib. Onların əksəriyyəti döyüş əməliyyatları zamanı göstərdikləri şücaətlərə görə orden və medallarla təltif olunublar.

Qələbənin qaliblərindən biri də Mənsur Ağaməmməd oğlu Paşayevdir. O, 1920-ci ildə Lənkəran rayonunun Şağlaser kəndində dünyaya gəlib. Müharibənin acı xəbəri onların da kasıb qapısını döyür və həyatda çox çətinliklər görən 21 yaşlı Mənsur 1941-ci ilin sentyabrında Vətənin müdafiəsinə yollanır. Lənkəranlı gənc qısa müddətdə komandirlərinin və döyüşçü yoldaşlarının hörmətini qazanmağı bacarır, serjant rütbəsi alır.

…1943-cü il oktyabrın 22-si. Şimyonovka kəndi uğrunda gərgin döyüşlər gedir. Mənsur Paşayev minomyotu ilə düşmənin gizləndikləri nöqtələri nişan alaraq onların bir ədəd pulemyotunu, onlarla əsgərini məhv edir. Sərrast atəşlə faşistlərin olduğu səngərlər darmadağın olur. Bu döyüşdən sonra Mənsur “İgidliyə görə” medalı ilə təltif edilir.

Cəsur döyüşçü 1945-ci ilin yanvarında Radom istiqamətində gedən döyüşlərdə minemyotundan düşmən istiqamətinə atəş açaraq faşistlərin bir pulemyotunu və 5 əsgərini məhv etməyi bacarır. Yanvarın 16-da isə daha bir ağır döyüş əməliyyatına göndərilir və komandanlığın tapşırığını yerinə yetirən igid azərbaycanlı həmin döyüş zamanı 88 alman əsgərini məhv edir. Sovet ordusunun bu uğurlu əməliyyatı barədə dərhal Ali Baş Komandan Stalinə məlumat verilir, Stalinin əmri ilə bir qrup əsgər və zabit yüksək mükafatlarla təltif olunur. Onlardan biri də igid həmyerlimiz Mənsur Paşayev olur. Mənsur o zaman ən nüfuzlu mükafatlardan hesab olunan “Qızıl ulduz” ordeninə layiq görülür. Bir il sonra onun sinəsini ikinci “Qızıl ulduz” ordeni bəzəyir.

…1945-ci il martın 8-də Mənsur Paşayev daha bir çətin tapşırıq alır. Faşistləri tələyə salmağı bacaran Mənsur Paşayev onlara göz açmağa imkan vermir. Qısa fasilələrlə 2 gün çəkən döyüş zamanı o, yağı düşmənin 2 pulemyotunu və 13 əsgərini məhv edir. Bu əməliyyata görə M. Paşayev ikinci “Qızıl ulduz” ordeninə layiq görülür.

Mənsur Paşayev Berlin uğrunda gedən döyüşlərdə də şücaət göstərir. 1945-ci il aprelin 22-də strateji əhəmiyyətə malik Şpisi körpüsünün faşistlərdən təmizlənməsində xüsusi fərqlənir, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edir. Körpünün alınmasında göstərdiyi rəşadətə görə M.Paşayev “2-ci dərəcəli Vətən Müharibəsi” ordeni ilə təltif olunur.

Müharibədən sonra orden və medallarla doğma Lənkərana qayıdan Mənsur Ağaməmməd oğlu Paşayev Hacınisə xanımla ailə həyatı qurur, bu evlilikdən Aydəmir, Firdovsi, Seydəmir, Dəmir və Hakim adında oğlanları və 6 qız övladı dünyaya gəlir. Ömrünün sonuna qədər halal zəhmətlə yaşayan, quruculuq işlərində yaxından iştirak edən Mənsur kişi 1999-cu ildə, 79 yaşında həyatla vidalaşır və Şağlaser kənd qəbristanlığında dəfn edilir.

Faşizm üzərində qələbənin ildönümü ərəfəsində bu savaşən qəhrəmanlarını böyük ehtiramla anırıq. Onlardan biri də Mənsur Paşayevdir.

Etibar Cəbrayıloğlu

Bənzər yazılar

Back to top button