Naxçıvanın Kərki, Qazaxın isə 7 kəndi boşaldılacaq… – Hərbi ekspert

by Aztoday Xəbər Portalı

“Azərbaycan və Ermənistan arasında 1990-ci ilə qədər mövcud olan sərhədlər bərpa olunur”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Naxçıvanın Sədərək rayonunun Kərki, Qazaxın isə 7 kəndinin boşaldılmasından danışarkən deyib. Ədalət Verdiyev bildirb ki, Ermənistanın Azərbaycanın 30 il ərzində işğal altında saxladığı bütün ərazilərin böşaldılması gözlənilən hadisədir:

“Artıq bu barədə Moskvada 3 ölkə rəhbərliyi tərəfindən bəyanat da imzalanıb. Sadəcə, kəndlərin adı həmin bəyanatda səsləndirilmədiyi üçün bəzi insanlar tərəfindən proseslərə şübhə ilə yanaşılır. Xatırlayırsınızsa, Qubadlı və Zəngilanın atəşkəsdən sonra erməni işğalçılarının nəzarətində qalan ərazilər də bir müddət sonra boşaldılmağa başladı. Ardınca Azərbaycan ordusunun bölmələri bayrağımızı Qafan vilayətinin mərkəz olan Qafan şəhərinin bir klometrliyində, tam Qafan aeroportunun ön tərəfində dalğalandırdı. Bundan başqa Kəlbəcər istiqamətində də belə proseslər cərəyan elədi. Azərbaycanın tarixi sərhədləri bərpa olunur. Nəzərə alsaq ki, Qazax rayonunda 7 kənd, Naxçıvanın isə Kərki kəndi 1990-ci ildən sonra erməni işğalçıları tərəfindən nəzarətə götürülüb, həmin ərazilərin də boşaldılması təbii proses idi. Çünki Prezident də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunacağı barədə bəyanatlar səsləndirir”.

Ədalət Verdiyev bütün bunlardan sonra adı çəkilən kəndlərin də Azərbaycanın tam nəzarətinə keçəcəyini ehtimal etməyə əsas verdiyini vurğulayıb.

Bənzər Yazılar