AnalitikaGündəmManşetÖnə çıxanlar

2018-ci ildə 37 hərbi qulluqçumuzu itirmişik – STATİSTİKA

2018-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 37 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 6 nəfəri döyüş, 31 nəfəri isə qeyri döyüş itkisidir. AzEuroNews.com xəbər verir ki, bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat verib.

Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrin 6 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 5 hərbçi xəstəlik nəticəsində, 4 nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. 8 nəfər naməlum hadisə səbəbindən, 4 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. 6 nəfər avto-qəzadan, 2 nəfərsə mina partlayışından dünyasını dəyişib. 2 hərbçi intihar edib.

Dünyasını dəyişənlərin 3 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 25 nəfəri əsgər, 4 nəfəri gizir, 5 nəfərsə zabit olub. Dünyasını dəyişənlərin 32 nəfəri Müdafiə Nazirliyinin, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Daxili Qoşunların, 1 nəfərsə Hərbi Prokurorluğun hərbi qulluqçuları olublar. Müdafiə Nazirliyi ona aid olan 32 ölüm hadisəsinin 20-si barədə hər hansı açıqlama verməyib.

Ötən dövrdə ümumilikdə 21 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). Bir nəfər mina partlayışından, 11 nəfər avtomobil qəzasından, bir nəfər erməni gülləsindən, bir nəfər mülki şəxs tərəfindən bıçaqlanmadan, bir nəfər əsgər yoldaşı tərəfindən xəsarət alıb, digər əsgərsə sərhəd pozucuları ilə mübarizədə yaralanıb. Başqa bir nəfər ciddi xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib. 4 nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Cəsur Sümərinli

2018-ci ildə 3 nəfər mülki şəxs minaya düşərək ciddi xəsarət alıb, bir nəfərsə erməni tərəfinin açdığı atəş nəticəsində xəsarət alıb. Ötən il Azərbaycan hərbçiləri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində bir nəfər Ermənistan vətəndaşını saxlayıblar.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 59 hərbi qulluqçu dünyasını dəyişmişdi. Dünyasını dəyişənlərin 19 nəfəri döyüş, 40 nəfəri isə qeyri döyüş itkisi idi.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli 2017-ci illə müqayisədə itkilərin sayının azaldığını bildirsə də, gerçəklikdə statistikanın fərqli, ölümlərin daha çox ola biləcəyini istisna etmir. Onun sözlərinə görə, atəşkəs dövründə bu sayda hərbi qulluqçunun əsasən qeyri-döyüş səbəblərindən dünyasını dəyişməsinin özü şok hadisə hesab edilə bilər. “Bu sayda itkilərin niyə baş verməsinin məsuliyyətini hakimiyyətdə hər hansı şəxs üzərinə götürmür. Belə fikir formalaşdırılır ki, əsgər ölümlərinin sayının çox olması təbiidir. Amma bu, heç də təbii deyil. Orduda gerçəkdən ciddi problemlər mövcuddur və bunlar qaldıqca əsgər ölümlərinin sayı da artacaq”, – deyə o bildirib.

Ekspert hesab edir ki, hazırda ordu mövzusu Azərbaycan cəmiyyəti üçün tamamilə qapadılıb: “Nə mətbuat, nə də cəmiyyətin müxtəlif qrupları ordu problemlərini müzakirə edə bilmir. Bu hal ildən ilə daha da şiddətlənir. Mümkündür ki, 2018-ci il itkilərinin sayı daha artıq olsun. Müdafiə Nazirliyi mətbuatın, sosial şəbəkələrin çətinliklə ortaya çıxardığı ölüm hadisələri faktlarının əksəriyyətinə nümayişkəranə şəkildə hər hansı reaksiya vermir və fikrimcə, böyük ehtimalla bir çox ölüm halları gizlədilir”, – deyə C.Sümərinli bildirdi.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrində baş verən itkilərin ənənəvi səbəbləri dəyişmədən qalır: “Buraya bədbəxt hadisələr, xəstəliklər, intihar halları, avtomobil qəzaları, qeyri-nizamnamə halları və s. daxildir. Əldə edilən məlumatlardan görünür ki, hərbi qurumlar, xüsusilə də Müdafiə Nazirliyinin rəhbərliyi baş verən faciələrin qarşısını almaqda nəinki acizdir və bu istiqamətdə ciddi tədbirlər planına belə malik deyil”. “Açıq qapı” günləri və ya “Etimad telefon”ları ilə Silahlı Qüvvələrdə mənəvi-psixoloji durumu yaxşılaşdırmaq mümkün olmayacaq. Ciddi islahatlar, hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi və ən əsası orduda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin kəskin olaraq aparılması vacibdir”, – deyə ekspert qeyd edir.

Bənzər yazılar

Back to top button