DünyaSiyasət

Rusiyada inqilaba start verildi: Navalnının qəfil dönüşünün səbəbi məlum oldu (ŞƏRH)

“Təqvimdə 2021-ci ilin yanvarı olsa da, Rusiya daha çox 1917-ci ilin yanvarını xatırladır”.

AzToday.az xəbər verir ki, bu fikri politoloq Xaqani Cəfərli Rusiyada yaşanan siyasi hadisələri şərh edərkən deyib.

Politoloq hesab edir ki, müxalifət lideri Aleksey Navalnının birdən-birə Rusiyaya qayıtması qərarının arxasında hakimiyyətin ötürülməsi prosesinin qarşısını almaq məqsədi dayanır:

“Noviçok” zəhəri ilə sui-qəsdə uğradıqdan sonra Almaniya kansleri Angela Merkelin qonağı statusunda Berlinə aparılan və dünyanın ən yaxşı tibb müəssisələrindən hesab olunan “Şarite” hospitalında müalicə olunan Rusiya müxalifətinin lideri Aleksey Navalnı yanvar 13-də əksəriyyət üçün gözlənilməz bir şəkildə Rusiyaya dönmək qərarını açıqladı.

Məlum oldu ki, müxalifət lideri yanvarın 17-də Berlin-Moskva reyisinə bilet alıb. Navalnının Rusiyaya dönəcəyi gözlənilsə də, heç kim onun məhz yanvar ayının ikinci ongünlüyündə qayıdacağını gözləmirdi. Çünki yanvarın 19-da Avropa Şurası Parlament Assambleyasında Aleksey Navalnının zəhərlənməsi ilə bağlı fransalı deputat Jak Merin məruzəsinin müzakirəsi nəzərdə tutulmuşdu və Navalnı həmin tədbirə dəvətli idi. ABŞ-ın yeni adminstrasiyasının Navalnını yanvarın 20-də Vaşinqtonda, Co Baydenin inaqurasiyasında görməyi arzu etdiyi də məlum idi. Hətta belə məlumatlar da vardı ki, Navalnının Co Baydenlə görüşü də nəzərdə tutulub. Bundan başqa, Avropanın əksər lideri Navalnının tam sağalmasını gözləyirdi və çoxsaylı görüşlərin olacağı anons edilirdi.
Ancaq Navalnı qəflətən yanvarın 17-də Rusiyaya dönəcəyini elan etdi. Bundan dərhal sonra Rusiya hüquq-mühafizə orqanları Navalnının dönəcəyi halda dərhal həbs olunacağı ilə bağlı ard-arda məlumatlar yaymağa başladılar. Belə təəssürat yarandı ki, Rusiya hüquq-mühafizə orqanları müxtəlif cinayətlərdə ittiham etdikləri şəxsi məhkəmə qarşısına çıxarmaq əvəzinə Rusiyaya dönməsinin qarşısını almaq üçün onu qorxutmağa çalışırlar. Rusiya hüquq-mühafizə orqanlarının 13 yanvardan 17 yanvardək fəaliyyətini başqa cürə izah etmək mümkün deyil. Rusiya hüquq-mühafizə orqanları Navalnını Moskvaya dönməkdən çəkindirməyə çalışdıqları kimi, dost və silahdaşlarının Navalnını qərarından daşındırmağa çalışdıqları da məlumdur. Hətta bəzi dostlarının bu məqsədlə Almaniyaya səfər etdikləri də məlumdur. Ancaq bütün bunlara baxmayaraq, Navalnı yanvarın 17-də Rusiyaya dönmək qərarından vaz keçmədi. Navalnının bu qərarının səbəbi və ya səbəbləri haqqında bəzi ehtimallar irəli sürmək olar.

Çoxsaylı məlumat və şərhləri təhlil etdikdən sonra gəldiyim qənaət ondan ibarət idi ki, aprel ayının sonuna kimi Rusiyada hakimiyyətin ötürlməsinə cəhd ediləcək və Navalnı bununla bağlı məlumatlı olduğu üçün həbsxanada olsa da, vətəndə olmaq istəyir. Ancaq onun fərqindəydim ki, bunun üçün hökmən yanvarın 17-də qayıtmağa ciddi ehtiyac yox idi. Deməli, Navalnının həbs olunacağına əmin olduğu halda yanvarın 17-də Rusiyaya dönməsinin daha ciddi səbəbi var.

Fikirimcə, Navalnının yanvarın 17-də Rusiyaya dönməsinin səbəbi ilə bağlı sualın cavabı yanvarın 19-da baş verən bir neçə hadisədir. Yanvarın 19-da Navalnı “Dənizçi sükutu”(Matrosskaya tişina) istintaq təcridxanasından müraciət yayaraq tərəfdarlarını küçə və meydanlara çıxmağa çağırdı. Bunun ardınca isə Navalnının tərəfdarları yanvar ayının 23-də bütün ölkə boyu “Oğru və qatillərə qarşı” şüarı ilə mitinqlər keçirəcəklərini açıqladılar.

Elə həmin gün Navalnının Yuotebe kanalı üzərindən ictimai rəydə nüvə bombası effekti yaradan “Putin sarayı. Ən böyük rüşvətin tarixçəsi” adlı film yayıldı. Bu film Putinin həyatının qaranlıq, çirkli və hiddət doğuran bütün anlarına işıq salaraq Rusiyanın avtoritar liderinin imicinə öldürücü zərbə vurdu. Navalnının qurucusu olduğu “Korrupsiya ilə mübarizə Fondu”nun araşdırması əsasında hazırlanmış filmə 40 saat ərzində 37.5 milyondan çox baxış olub. Bu, Putinin imicinə hansı zərbənin dəydiyini müəyyən etməyə imkan verən mühüm göstəricidir. Yanvarın 19-da baş verən bu üç hadisə yanvarın 17-də Navalnının dönüşünün səbəbini müəyyən etməyə imkan verir. Belə görünür ki, Navalnı yanvarın 17-də dönərək inqialbi proseslərə start vermək istəyib. Əminliklə demək olar ki, Navalnı istəyinə nail olub və Rusiyada inqilabi prosesə start verilib. Bu inqilabi prosesin isə yalnız bir məqsədi var. Bu da hakimiyyətin ötürlməsinə imkan verməməkdən ibarətdir.

1917-ci ilin yanvar-fevral aylarında baş verən hadisələr mart ayında taxt-tacın ötürülməsinə imkan vermədi. Belə görünür ki, Navalnı da hakimiyyətin qarşıdakı aylarda ötürlməsinin qarşısını almaq niyyətindədir”.

Bənzər yazılar

Back to top button