Siyasət

Tofiq Zülfuqarovdan Laçın dəhlizi ilə bağlı Lavrova sərt diplomatik cavab

Sabiq xarici işlər naziri Tofiq Zülfuqarov Laçın dəhlizi ilə bağlı yaranmış son vəziyəti şərh edib.

Qaynarinfo xəbər verir ki, Tofiq Zülfuqarov Rusiya xarici işlər naziri Serqey Lavrovun son açıqlamalarına münasibət bildirib:

“Müharibədən və Ermənistan silahlı qüvvələrinin darmadağın edilməsindən sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrini aradan qaldırmaq məqsədilə Birgə Bəyanat qəbul olundu.

– Bu məqsədlə Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılması nəzərdə tutulurdu. Bu müddəa Sülhməramlı qüvvələrin nəzarətində qalan ərazilərə də aid edilirdi.

– Ermənistan Respublikası indiyə qədər 10 noyabr Bəyanatının bu müddəasını tam şəkildə yerinə yetirməkdən boyun qaçırır. Bu məsələdə öz iştirakını ört-basdır etmək məqsədilə rəsmi şəxslər həmin silahlı birləşmələri Ermənistanın nəzarətində olmayan birləşmələr kimi təqdim etməyə çalışırlar. “Həbi əsir” kateqoriyasına aidiyyəti olmayan saxlanılan şəxslərin qaytarılması problemi məhz bununla bağlıdır. Və həqiqətən də, iki aylıq sülhdən sonra bu nə həbi əsirlərdir?

– Hətta bu şəxslərin hərbi əsir olmadıqlarını ehtimal etsək belə, o zaman Ermənistanın bu vətəndaşları Azərbaycan ərazisinə necə keçiblər, nəyə görə bizim xəbərimiz olmadan əcnəbi vətəndaşlar ərazimizə keçə bilirlər?

– Lavrov bəyan edir ki, Dağlıq Qarabağla Ermənistan arasında 10 noyabr Bəyanatı sərbəst hərəkəti nəzərdə tutur və bu belədir. Lakin hərəkətin azadlığı müvəqqəti əsaslarla və yalnız sülhməramlıların nəzarətində olan ərazilərdə yaşayan erməni milliyyətindən olan şəxslər üçün nəzərdə tutulur.

– Rusiya öz dövlət başçısının timsalında, dəfələrlə etiraf edib ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Bu isə o deməkdir ki, suveren hüquqlar, o cümlədən əcnəbi vətəndaşların sərhəddən hərəkətinə nəzarət Azərbaycanın səlahiyyətli şəxsləri tərəfindən həyata keçirilməlidir. Sülhməramlıların bu prosesdə müvəqqəti iştirakına yol verilə bilər, lakin bu və ya digər əcnəbi vətəndaşın buraxılması qərarını Azərbaycan tərəfi qəbul edir.

– Bununla əlaqədar nazir Lavrova xatırlatmaq yerinə düşərdi ki, sülhə məcburetmə əməliyyatlarından fərqli olaraq sülhün dəstəklənməsi əməliyyatları qəbul edən ölkənin hər hansı suveren hüququnun məhdudlaşdırılmasını nəzərdə tutmur.

– Ermənistan Respublikası vətəndaşlarının, o cümlədən rəsmi şəxslərin səfərlərinə məhdudiyyətlərin tətbiqinin zəruriliyi, Azərbaycan Respublikasının ərazisinin ilhaq olunmasından və işğalçılıq siyasətindən imtina olunması və bunların pislənilməsi barədə Ermənistan tərəfdən rəsmi bəyanatın indiyə qədər səslənməməsidir.

– Ermənistanın rəsmi şəxslərinin, Sülhməramlıların nəzarət zonasında yaşayan erməni əhalisinin reinteqrasiyası prosesində tərəf kimi iştirak etmək niyyətlərindən xəbər verən birtərəfli bəyanatlar Azərbaycan tərəfindən qəbul olunmur və suveren qonşu ölkənin daxili işlərinə müdaxilə etmək cəhdi kimi qiymətləndirilir.

– Sülhməramlı qüvvələr, müşahidə missiyaları fəaliyyətlərini suveren Azərbaycan Respublikasının ərazisində həyata keçirdiklərinə görə, Sülhün Dəstəklənməsi Qüvvələrinin və monitorinq həyata keçirən qüvvələrin mandatının işlənilməsi və qəbul olunmasında Ermənistan Respublikasının nümayəndələrinin iştirakı yolverilməzdir və Azərbaycan tərəfindən qətiyyətlə rədd olunur.

– Sülhü Dəstəkləyən Qüvvələrin dövlətlərarası sərhədlərin bərpası işində iştirak etməsi amili bunun üçün əsas ola bilməz, çünki erməni tərəfindən Rusiya hərbçilərinin olması, sərhədlərin mühafizəsi haqqında ikitərəfli Rusiya-Ermənistan razılaşmaları ilə tənzimlənir.

– Sülhün Dəstəklənməsi Qüvvələrinin və Müşahidə missiyasının mandatı, sülh prosesinin tərəfdaşları qismində dəvət olunan Türkiyə və Rusiyanın iştirakı ilə danışıqların gedişində hazırlanmalı və həmin qüvvələri öz suveren ərazisində qəbul edən Azərbaycanla müvafiq Razılaşma Memorandumunun imzalanması nəticəsində qəbul olunmalıdır”.

Qeyd edək ki, Serqey Lavrov son mətbuat konfransında Ermənistanla Qarabağ arasında gediş–gəlişə münasibət bildirərək bunu təbii sayıb: “Məhz buna görə Laçın dəhlizi konsepsiya kimi heç kim tərəfindən inkar edilməyib. Ona görə də bu, azərbaycanlı qonşularımız da daxil olmaqla, bütün tərəflərin razılığının predmetidir. 10 noyabr Bəyanatında Laçın dəhlizinə paralel olaraq yeni dəhlizin, eyni zamanda Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhlizin yaradılması əksini tapıb. Ermənistan rəsmiləri Dağlıq Qarabağdakı humanitar fəaliyyətə cəlb olunub. Ona görə də bu əlaqələrə mane olmaq üçün bir səbəb görmürəm”.

Bənzər yazılar

Back to top button