İdman

“Qarabağ” Madriddə meydana çıxır

Bu gün Çempionlar Liqasında II dövrəyə start veriləcək. Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” IV turun ilk oyun günündə meydana çıxacaq.

Ağdam təmsilçisi səfərdə “Atletiko” ilə görüşəcək. Madrid təmsilçisi ilə qarşılaşma yeni inşa olunan “Metroplitano” stadionunda keçiriləcək.

Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların dueli autsayderlikdən qaçmaq baxımından da önəmlidi. Qrupda qələbəsi olmayan Qurban Qurbanovun yetirmələri səfərdə sensasiyaya imza atsa, qazanılacaq 3 xalla sonuncu pillədən qurtulacaq. Madridlilər isə zirzəmiyə düşməmək üçün uduzmamalıdı.

İki həftə öncə Bakıda keçirilən görüşdə gözlənilmədən xal itirən Dieqo Simeonenin yetirmələri Çempionlar Liqasında mübarizəni davam etdirmək şanslarını minimuma salmamaq üçün qalib gəlməlidi. Xal itkisi madridliləri liderlərdən uzaq salacaq.

“Qarabağ” isə 1/8 final şanslarını itirmək təhlükəsi ilə üz-üzə qalib. Çünki çempionumuz Madriddən xalsız dönsə, “Roma” öz meydanında “Çelsi”ni məğlub etsə, ağdamlıların qitənin ən nüfuzlu klub turniri ilə vidalaşması rəsmiləşəcək.

Bunun baş verməməsi üçün xal qazanmağa borclu “Qarabağ” evdəki heç-heçənin də təsadüfi olmadığını Madriddəki uğurla sübut etməlidi. Əldə olunacaq xal həm ölkə, həm də klub reytinqi baxımından da böyük önəm kəsb edir.

Qeyd edək ki, “Atletiko” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Çempionlar Liqası
IV tur, C qrupu
31 oktyabr

23.45 Atletiko (İspaniya) – Qarabağ (Azərbaycan)
Hakimlər: Deniz Aytekin, Qvido Kleve, Markus Hakker, Eduard Beytinqer (Almaniya).
Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand.
Madrid. “Metropolitano” stadionu.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button