İqtisadiyyat

Ziya Məmmədovun Göyçaydakı möhtəşəm mülkü əlindən alındı – FOTOFAKT

Onun nazir olarkən Göyçayda ələ keçirdiyi 20 hektardan artıq bağ sahəsi və orada inşa etdirdiyi villa “AZNAR”-ın balansına keçdi; mülk 4,5 milyon manata qiymətləndirilib, amma həmin məbləğ Məmmədovlara yox, dövlətə ödənilib; oliqarxı bitirirlər…

Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədə olarkən korrupsiya vəsaitləri hesabına oliqarxa çevrilmişdi. O, sərbəst şəkildə heç ayda 5000 manat pul qazana bilməyəcək oğlu Anar Məmmədovu iş adamı elan edib, dövlətdən oğurladığı pulları onun sərəncamına verib dövr etdirirdi. Məmmədovlar xeyli sayda şirkətlər yaratmışdılar, bank sahibi olmuşdular (Bank of Azerbaijan), üstəlik, ölkə boyunca min hektarlarla torpaq sahələrini yağmalamışdılar.

Hətta Bakı Beynəlxalq Avtovağzalını da özəl obyektləri kimi rəsmiləşdirməyə nail olmuşdular. Bunlar əslində cinayət xarakterli fəaliyyətdir; bir nazirin bank, göydələnlər, çınqıl karxanaları, toyuq fabriki, istirahət-əyləncə mərkəzləri, min hektarlarla torpaq sahələrini əldə etməsi təbii ki, qanunla qadağan edilən məsələdir. Amma o, özünün sərbəst şəkildə heç bir kapitalı olmayan oğlunu cəmiyyətə iş adamı kimi sırıyıb, guya bu mal-mülklərin, biznesin onun olduğuna dair alibi yaradırdı. Hansı ki, Anar Məmmədov 1982-ci il təvəllüdlüdür və iri iş adamı kimi təqdim ediləndə, 24-25 yaşları vardı. Əlbəttə, Azərbaycan reallığında bu mümkünsüzdür. Bunlar hər kəsə bəlli idi və o da gözlənilirdi ki, xüsusi ilə 2010-2015-ci illər ərzində ölkədə harınlıqlar edən Məmmədovlar klanı cəzalandırılacaq, onların oğurluq vəsaitlər hesabına əldə etdikləri əllərindən alınacaq.

Bu baş verdi; Ziya Məmmədovun nazirliyi ümumiyyətlə, ləğv olundu, qardaşı Elton Məmmədov 2015-ci ildə deputat mandatı ilə vidalaşdı, oğlu Anar Məmmədovun sərəncamında olan şirkətlər, obyektlər, avtovağzal geri alınmağa başladı, bankları da qapadıldı. Həmçinin Ziya Məmmədovun müxtəlif vəzifələrə yerləşdirdiyi şəxsləri görəvdən almağa başladılar. Düzdür, hazırda onun azı iki adamı icra başçısı vəzifəsində qalır – Ucarın icra başçısı Mənsur Məmmədov və Zərdabın icra başçısı Lütvəli Babayev. Heç şübhəsiz ki, onlar da yaxın zamanlarda vəzifə ilə vidalaşacaqlar…

Hazırda isə Ziya Məmmədovun regionlarda ələ keçirmiş olduğu böyük mülklərin ondan geri alınması prosesi sürətlənib. Belə ki, Ziya Məmmədov nazir olduğu vaxtlarda Göyçayın Potu və Hüngütlü kəndləri arasında yerləşən 20 hektardan artıq səfalı bir yeri zəbt eləmişdi. Həmin vaxtlar onun qohumu, hazırda Ucarın icra başçısı olan Mənsur Məmmədov Göyçayın icra başçısı idi. Ziya Məmmədov Mənsur Məmmədovun vasitəsilə Göyçayda 20 hektardan artıq ərazini kəndlilərin əlindən aldı və orada böyük bir villa tikdirdi. Hətta həmin mülkdə vertolyot meydançası ilə inşa etdirmişdi.

Meşənin, Yuxarı Şirvan kanalının kənarında yerləşən bu ərazilər ən məhsuldar torpaq sahəsi sayılır. Z.Məmmədov oranı kəndlilərin əlindən alıb, şəxsi mülkünə çevirmişdi. Ziya Məmmədov nazir vəzifəsindən azad ediləndən sonra rayon camaatı həmin yağmalanmış ərazilərin Ziya Məmmədovdan geri alınması üçün müraciətlər də etmişdi. Bu günlərdə çox heyrətamiz bir olay baş verib: Ziya Məmmədovun həmin möhtəşəm villasını əlindən alıblar! Sözügedən mülkün giriş qapısına fotoda gördüyünüz bu lövhə yerləşdirilib: “AZNAR Qapalı Səhmdar Cəmiyyətinə məxsus Nar Bağı”. Musavat.com müxbirinin rayon sakinlərindən aldığı məlumata görə, Ziya Məmmədov uca hasara aldığı 20 hektar ərazidə nar bağı salıbmış.

Bu mülkün “AZNAR”ın balansına keçməsi prosesi isə olduqca maraqlıdır. Adıçəkilən müəssisə həmin bağı öz balansına keçirmək üçün 4,5 milyon manat pul ödəyib. Amma Ziya Məmmədova yox, dövlətə. Belə ki, Ziya Məmmədovun nazirliyi ləğv edildikdən, daha doğrusu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə birləşdirildikdən sonra təhvil-təslim zamanı Ziya Məmmədovun nazir olduğu dövrdə burada yüz milyon manatdan çox yeyintiyə yol verildiyi aşkarlanıb. Ziya Məmmədova isə tapşırılıb ki, mal-mülkünü satıb, həmin vəsaiti dövlət büdcəsinə qaytarsın, yoxsa həbs olunacaq. Məmmədovun ölkədən çıxışı yasaqlanıb və hazırda onun “yediklərinin qusdurulduğu” dönəmdir. Göyçaydakı mülkü də hərraca çıxarılıb və “AZNAR” həmin ərazini alıb. Pul isə, dediyimiz kimi, dövlətə ödənilib.

Şirkət bu ərazini aldıqdan sonra orada nar bağına xüsusi qulluq edilməyə başlanılıb. Hazırda həmin bağda işləmək üçün 50-dən çox şəxsin işə götürüldüyü və müəssisənin əsas nar tədarükü zonası kimi çalışdırıldığı qeyd edilir.

Bununla yanaşı, bizi bilgiləndirən mənbə qeyd edir ki, Ziya Məmmədovun Ucardakı müəssisələri, obyektləri, Göyçay, Goranboy və Tərtər ərazisindəki daş-çınqıl karxanaları da eyni qaydada əlindən alınıb.

Bənzər yazılar

Back to top button