Dünya

Regional müttəfiqsizlikdən siyasətin daxili bazarına

Mənzərədə qaranlıq nöqtə qalmır: İsrailin quru əməliyyatı, möcüzə olmasa, yanvarın birinci yarısında öz məqsədinə çatar-çatmaz atəşkəs sazişi imzalanacaq.

İllərdən bəri olduğu kimi, baş rolda yenə Misirdir, əvvəlki illərdən fərq isə, bu dəfə Qətərin fəallaşaraq verilən rolları bacarıqla oynamasıdır. İşin əvvəlində topa çox kəskin şəkildə girən Ankara (prezident Ərdoğan cümhuriyyətin 100-cü il bayramından 1 gün əvvəl -28 oktyabrda İstanbuldakı mitinqə düz 1,5 milyon nəfəri cəlb edə bilmişdi) günlər keçdikcə səs tembrini aşağı saldı.Və 7 oktyabrdan bəri cərəyan edən proseslərdə Türkiyənin gəlir xanəsinə yazılan hər hansı bir faktı görmək üçün mikroskop imdada yetişmir.

Hazırkı sual bundan ibarətdir: siyasi islam ayağına gəlmiş “Fələstin topu”ndan iqtidarının ən güclü vaxtında da istifadə edə bilmədisə, bundan sonra daxili siyasətə yönəlməkdən başqa çarəsi qalırmı? Xeyr, qalmır və böyük ehtimalla yanvarın əvvəlində bələdiyyə sədrliklərinə namizədlər açıqlandıqdan sonra daxili siyasətin bazarı qızışacaq.

Yarım əsrlik siyasi karyerinin zirvəsində hörmətli Rəcəb Tayyib Ərdoğanın bələdiyyə seçkisinə bu qədər önəm verməsi mütləq dünya siyasət müntəxabatına keçəcək. Düz 30 il əvvəl İstanbul bələdiyyəsinin sədrliyinə namizəd olan cənab Ərdoğanın o vaxtkı həyəcanı gözümün önünə gəldikcə Türkiyə demokratiyasının məhz yerli özünüidarə orqanlarının çalışmaları sayəsində necə inkişaf etdiyini daha yaxşı analiz edə bilirəm. İstanbul bələdiyyəsinə seçkidə yenidən qalib gəlməyin həyəcanından olacaq ki, Türkiyə siyasətinin hazırkı ən güclü şəxsiyyəti Ərdoğan namizəd göstərməkdə tərəddüd edir. Əvvəl də bir neçə dəfə yazdıq: bəlkə çox iddialı görünə bilər, ancaq AKP lideri və prezident Ərdoğanın bütün gücünü qoyacağı İstanbul bələdiyyə seçkisində bu dəfə də məğlub olması ona prezident seçkisində məğlub olmaqdan daha ağır gələcək. Ona görə siyasi müşahidəçilərin “İstanbuldakı seçki Ərdoğan ilə İmamoğlu arasında olacaq” təsbitini doğru oxumaq lazımdır.

Əlbəttə ki, bu hal Türkiyə demokratiyasını zədələyir, partiya sədrliyini anladıq, prezident səlahiyyətinin verdiyi bütün imkanlardan istifadə edən cənab Ərdoğan, artıq neçənci dəfə olacaq ki, müxalifətin namizədinə qarşı eninə-uzununa savaş açacaq. Əslində, o yaxşı bilir ki, mövcud vəziyyətdə məhkəməyə gizli təlimat verərək Əkrəm İmamoğlunun cəzalarını qətiləşdirməsi seçkini boykota da səbəb ola bilər.

Digər tərəfdən, məsələn, fevral və ya martda İmamoğlunun marafondan kənarlaşdırılaraq siyasi fəaliyyətinə qadağan qoyulması çox uzaq olmayan gələcəkdə İmamoğlunun lehinə işləyən faktor olacaq. Yəni, 1999-cu ilin martında vəzifədən uzaqlaşdırılıb siyasi qadağa ilə üzləşən Ərdoğanın bu gün eyni taleyi Əkrəm İmamoğluna layiq görməsi eyni yerdən axan suya ikinci dəfə girməkdən başqa bir şey olmayacaq.

Proseslərə İmamoğlunun cəbhəsindən baxanda onun artıq təkcə siyasətçi yox, eyni zamanda dövləti idarə etmək iddiasında olan bir şəxs profili qabağımıza çıxır. İstanbul bələdiyyəsinə seçiləndən sonra mandatının ləğv edilməsi, daha sonra çox böyük fərqlə seçilməsi müəyyən ölçüdə Tayyib Ərdoğan kimi təcrübəli bir siyasətçinin atdığı səhv addıma seçicilərin verdiyi reaksiya idi.

Keçmiş daxili işlər naziri Süleyman Soylunun bütün təhdid və hədə-qorxularına nazirin öz tərzində cavablar verən Əkrəm İmamoğlunun bu 4,5 ildə təkcə İstanbul bələdiyyəsini düşünən bir idarəçi olmayıb, ana müxalifət partiyasını əvvəlcə dizayn edib sonra sədrliyinə, daha sonra prezidentliyə namizədliyinə iddialı olduğunu bütün Türkiyə görüb. Ona görə 31 martdakı bələdiyyə seçkisi həm İstanbul bələdiyyəsinin sədri kimi Əkrəm İmamoğlunun, həm də ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının vəziyyətinə ciddi təsir göstərəcək.

Bu baxımdan partiyanın sədri seçildiyi gündən başlayaraq AKP lideri və prezident Ərdoğan ilə çox kəskin polemikalara girməyi tərcih edən Özgür Özelin siyasi gələcəyi də istisna təşkil etməyəcək. 14/28 maydakı seçkilərə blok halında gedən müxalif qüvvələrin İYİ Partiya lideri Meral Akşenerin çox vaxt burnunun ucunu görə bilməməsinə, bəzi vaxtlarda isə mənasız inadlarına görə parçalanmış vəziyyətdə olmağına baxmayın, ana müxalif partiyasının da Əkrəm İmamoğlunun da izlədiyi siyasət ya əvvəl-axır Akşeneri yenidən ittifaqın cərgələrinə qoşacaq və ya İYİ Partiyanın üzvlərinin və tərəfdar kütləsinin çoxu Akşenerin sözünə qulaq asmayaraq ana müxalifət partiyasını və onunla yeni ittifaqa hazır olan siyasi qurumları dəstəkləyəcək.

Proseslərin bu şəkildə cərəyan etməsi isə İYİ Partiyanın Türkiyə siyasət səhnəsindən silinməsinə səbəb olacaq. Ona görə “bələdiyyə seçkisi” deyib əsla yuxarıdan baxmayın. Önümüzdəki 31 mart Türkiyə siyasətindəki bütün daşları alt-üst edə bilər. Əlbəttə ki, uduzanları nəzərdə tuturuq.

Həm də iqtidar-müxalifət demədən hamısını.

Unutmadan soruşum: deyəsən, dekabrda Azərbaycanda da bələdiyyə seçkisi olmalıydı axı?

Mayis Əlizadə

Turan.az

Bənzər yazılar

Back to top button