Siyasət

Human Rights Watch təşkilatı Qubad İbadoğlunun azadlığa buraxılmasına çağırıb

Beynəlxalq insan haqları təşkilatı Human Rights Watch (HRW) Azərbaycanda müxalif siyasətçi Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib və ölkə hakimiyyətini ona qarşı ittihamları ləğv etməyə və onu həbsdən azad etməyə çağırıb.

Qurumun iyulun 25-i axşam saatlarında yaydığı məlumatda qeyd olunur ki, saxlanılan zaman polis İbadoğlu və həmin vaxt onun yanında olan həyat yoldaşına qarşı kobud rəftar edib.

HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia bildirib ki, “İbadoğlunun həbsi Azərbaycanda hökuməti tənqid edənlərə qarşı şübhəli ittihamların irəli sürülməsi ilə bağlı çoxdankı modelə tamamilə uyğundur”. – Bu cür saxta ittihamlar yalnız bir məqsədə xidmət edir – ölkədə müxalifəti, tənqidi səsləri susdurmaq. O, dərhal azadlığa buraxılmalıdır”.

HRW qeyd edir ki, tanınmış azərbaycanlı siyasətçi İbadoğlu 2014-cü ildə sosial-demokrat platformada yaradılmış Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədridir. İbadoğlu 2021-ci ilin fevralından hərəkatı siyasi partiya kimi qeydiyyatdan keçirməyə çalışır

“2023-cü ilin iyununda İbadoğlu digər iki azərbaycanlı müxalif siyasətçi Cəmil Həsənli və Arif Məmmədovla birlikdə Böyük Britaniyada azərbaycanlı gənclərin ali təhsilinə dəstək olmaq, onları xarici universitetlərdə təhsil almağa göndərmək və Azərbaycanın gələcəyi naminə yeni peşəkar nəsil yetişdirmək üçün Azərbaycan Gənclərinin Təhsil Fondunu yaradıb”, – HRW-nin bəyanatında deyilir.

İbadoğlu Facebook-da bildirib ki, fond ianələr, eləcə də korrupsioner Azərbaycan elitaların müsadirə ediləcək xarici aktivləri hesabına maliyyələşdiriləcək.

İbadoğlu uzun illər dövlət maliyyə idarəçiliyi, səmərəli idarəetmə və büdcə şəffaflığı ilə bağlı araşdırmalar aparan qeyri-hökumət qrupuna – İqtisadi Araşdırmalar Mərkəzinə rəhbərlik edib. Hakimiyyət 2014-cü ildə vətəndaş cəmiyyətinə qarşı kütləvi repressiyaların bir hissəsi olaraq qrupun bank hesablarını dondurdu və qurum qapadılıb. HRW daha sonra qeyd edir ki, siyasi motivli ittihamlarla üzləşən İbadoğlu 2015-ci ilin əvvəlində siyasi sürgünə məcbur edilib, 2021-ci ilin yayında qısa müddətə Azərbaycana qayıdıb və 2023-cü ilin iyun ayının sonunda yenidən qayıdıb.

İbadoğlu həm də ABŞ və Avropanın müxtəlif təhsil ocaqlarında dərs demiş, tanınmış siyasi iqtisadçıdır. Bu yaxınlara qədər o, London İqtisadiyyat Məktəbində baş qonaq olub.

“İbadoğlu saxta pul hazırlamaqda, almaqda və ya satmaqda şübhəli bilinir. Açıqlamaya görə, İbadoğlu Anar Əliyev adlı bir şəxsi ifadəsi əsasında saxlanılıb. Guya İbadoğlu ona yerli valyutaya mübadilə etmək üçün dollar verib.

İbadoğlu ona qarşı bütün ittihamları rədd edir”, – HRW-nin bəyanatında deyilir.

HRW diqqət çəkir ki, prokuror heç bir əsaslı səbəb göstərmədən İbadoğlunun sırf törədilmiş cinayətin ağırlığına əsaslanaraq həbs edilməsini məhkəmədən xahiş edib.

“Məhkəmənin Q.İbadoğlunun barəsində həbs qətimkan tədbirinin belə mücərrəd və əsassız səbəblərin tanınması ilə bağlı qərarı Avropa İnsan Hüquqları Konvensiyasının əsassız həbslərə qarşı təminatını pozur. Məhkəmələr həbsin təqsirləndirilən şəxs üçün aidiyyəti olan konkret faktlar və şəxsi şəraitlə əsaslandırılan son tədbir olmasını təmin etmək öhdəliyinə malikdir”, – HRW-nin bəyanatında deyilir.

“İbadoğluna qarşı irəli sürülən ittihamlar inandırıcı deyil”, – Qoqiya deyib. “Hakimiyyət onu dərhal azad etməli və qondarma ittihamlardan əl çəkməlidir. O, həbsdə qaldığı müddətdə, onlar ona dərmanlara çıxışı təmin etməli və ona mümkün olan ən yüksək səviyyədə qayğı göstərməlidirlər”, – Qogia yekunlaşdırdı.

Bənzər yazılar

Back to top button