Siyasət

Minsk Qrupunun Ermənistana səfəri: məqsəd nədir? (ŞƏRH)

“Onların ümidi Qarabağda yaşayan ermənilər üçün hansısa statusun verilməsidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistana gözlənilən səfərinə aydınlıq gətirərkən deyib. Politoloq qeyd edib ki, onlar statusun verilməsi üçün danışıqların davam etməsinin tərəfdarıdır:

“Onlar bundan əvvəlki siyasətlərini davam etdirmək istəyirlər. Bu və ya digər yollarla ermənilər kompakt yaşayan bölgələri Azərbaycandan qopartmaq istəyir. Əvəllər buna güc tətbiq edirdilər, amma müharibədən sonra diplomatik yola keçiblər. Azərbaycanın siyasətinə gəlincə, hesab edirəm ki, bundan əvvəl yürüdülən siyasət davam edəcək. Azərbaycan Ermənistanın hansısa status müzakirəsinə yol verə bilməz. Çünki indi Ermənistan qonşu ölkədir, sərhədlər bərpa olunur. Onun Azərbaycanın daxili işinə qarışmağa bu və ya digər şəkildə müdaxilə etməyə ixtiyarı yoxdur”.

Tofiq Zülfüqarov hesab edir ki, ermənilərin Qarabağa qayıtması prosesi Rusiya və Türkiyə vasitəsi ilə həyata keçirilir:
“Burada digər ölkələr üçün yer yoxdur. Azərbaycan digər ölkələri bu prosesə cəlb etməz. Bu, Azərbaycanın daxili işidir və artıq öz partnyorlarını seçib”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistana səfəri gözlənilir. Bu barədə Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan jurnalistlərə açıqlamasında bildirib.

Bənzər yazılar

Back to top button