Vidadi Zeynalov: “Oğlumun avaralanmaması üçün göl götürmüşdük”

Print Friendly, PDF & Email

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərin birinci instansiya məhkəməsində verdiyi şikayəti üzrə məhkəmə davam edib.

AzToday.az lent.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə BTRİB-in keçmiş baş mühasibi olmuş Anar Mustafayevin vəkili Gülşən Salmanova çıxış edərək müvəkkilinə bəraət istəyib. Anar Mustafayev də vəkilinin çıxışı ilə razı olduğunu deyib.

Daha sonra BTRİB-in rəisi olmuş Beytulla Hüseynovun vəkili müvəkkili barəsində olan cinayət işində kobud qayda pozuntularından söz açıb. O, Beytulla Hüseynovun ailə üzvlərinin, eləcə də, qohumlarınım əmlakların üzərinə qoyulmuş həbslərdən danışıb. Sonda vəkil Beytulla Hüseynova bəraət tələb edib.

Daha sonra hakim təqsirləndirilən şəxslərdən dəymiş ümumi zərərdən ödəniş edib-etməyəcəklərini soruşub.

Bu zaman Vidadi Zeynalov hakimin təklifinə bu cür münasibət bildirib:” Əgər günahımız varsa, mənim bütün əmlaklarım qurbandır. Götürsünlər. Bizə demirlər ki, nə qədər pul qalıb. İşimizlə əlaqədar 550 təşkilat yoxlanılıb. Hamısından da pul alınıb. Bəs hanı o pullar? Ödənilibsə, dəqiq rəqəm desinlər. Onda biz bilək ki, nə qədər borcumuz qalıb. Ağır Cinayətlər Məhkəməsində dedilər ki, sənin zərərin 7 milyondur. Qohum-əqrəba ödədi. Əmlaklarımı satıblar. Borclarım var, faizdəyəm. İndi dəqiq rəqəm desinlər, mən əmlaklarımı verim. Oğlum avaralanmasın deyə Qəbələdə göl götürmüşük, anında da balıqçısı. Götürsünlər. Amma bizim günahımızı sübut eləsinlər”.

Daha sonra Namazalı Məmmədov çıxış edərək bildirib ki, dövlətə 4 qat pul ödəyib: “Mənə 4 milyon manatlıq ittiham verilib. Dövlətin mənə 16 milyon manat borcu vardı. Əvəzlədilər. Könüllü şəkildə bağışladım”.

Prokuror çıxış üçün vaxt istəyib. Məhkəmə noyabrın 7-də davam edəcək.