Siyasət

“Diaspor Komitəsinin rəhbərliyi xaricdəki azərbaycanlılara ticarət subyekti kimi baxır” – ŞƏRH

İstər 44 günlük müharibə dövründə, istər ondan öncə, istərsə də ondan sonra xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti ürəkaçan olmadı. Bu, tək bizim analizlərimizin nəticəsi deyil, həm xaricdə yaşayan həmyerlilərimizin gəldiyi qənaət, həm də Azərbaycanda yaşayan vətəndaşlarımızın müşahidələridir. Bu barədə xaricdə yaşayan həmyerlilərimizin yazdıqları və səsləndirdikləri iradlar da bunun bariz nümunəsidir.

Sirr deyil ki, dünyada ən güclü diasporlardan biri yəhudi diasporu, ikinci yerdə isə erməni diasporu dayanır. Döyüş meydanında Ermənistan ordusunu 44 günə məhv etsək də, əfsuslar olsun ki, diaspor fəaliyyətində düşmənə yenildik də deyə bilərik.

Siyasi şərhçi Azər Həsrət deyir ki, Ermənistanın diasporunun güclü olması bizdən yüz il öncə formalaşması ilə bağlıdır: “Bizim diaspor tariximiz qədim deyil. Azərbaycan diasporu yeni formalaşır. 1918- ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Avropa, Amerika və başqa coğrafi ərazilərə yayılan həmvətənlərimiz olsa da, onların sayı çox az idi. Əsas diasporumuz 1988-ci ildən başlayıb. Diaspor fəallarının tarixinə nəzər yetirsək onların gedişinin xalq hərəkatı ardından müstəqilliyinin qazanılmasından sonra olduğunu görə bilərik.

Bəzən insanlar ermənilərin diasporlarının niyə güclü olduğunu soruşurlar. Erməni diasporu bizdən yüz il öncə formalaşmağa başlayıb. Onlar bizdən yüz il öncə Amerikanın ştatlarına yerləşdikləri üçün bu gün orda xüsusilə Kaliforniya ştatında söz sahibidirlər. Amerikada amerikalı kimi doğulub, böyüyüb, söz sahibi olublar. Avropada xüsusilə Fransada çoxluq təşkil etdikləri üçün informasiya müharibəsində üstünlükləri olur.

Daha gec diaspor formalaşdırmağımız bəhanə olmamalıdır. Azərbaycan 30 ilə yaxın yol keçib, eyni zamanda diaspor fəallarımız Rusiya, Amerika və bir çox ölkələrdə oturuşublar. Diaspor fəaliyyətimizin qüsurları yalnız obyektiv səbəblərdən deyil, həmçinin məsuliyyətsizliyimizdən, naşılığımızdan, başısoyuqluğumuzdan irəli gəlir”.

Azər Həsrət qeyd edir ki, Diaspor Komitəsi müharibə dövründə diaspor nümayəndələrinin fəaliyyətini də görməzdən gəldi: “44 günlük müharibədə Azərbaycanın diaspor nümayəndələrinin olduqca yaxşı fəaliyyət göstərdiklərini müşahidə etdim. Təəssüflər olsun ki, Diaspor komitəsi bu fəaliyyətləri görməzlikdən gəldi. Ümumilikdə yaxşı işlərimiz az olmasa da, hələ bu sahədə görüləcək işlərimiz həddindən artıq çoxdur”.

Tarixçi alim, siyasi icmalçı Xaləddin İbrahimli isə Correct.az-a açıqlamasında deyir ki, xaricdə fəaliyyət göstərən diaspora təşkilatları parçalanmış vəziyyətdədir: “Azərbaycan diasporu formalaşmamış olsa da, diaspora fəaliyyətinə çox ehtiyacımız var. Dünyada təxminən 50 milyon Azərbaycan türkü var. Bunun 10 milyonu müstəqil, qalanı Cənubi Azərbaycan daxil başqa ölkələrin tərkibində yaşayırlar. Dövlət özünün diaspora siyasətini qurmalıdır. Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanın xaricdəki diaspora təşkilatları parçalanmış vəziyyətdədir.

İki tərəf var. Birinci tərəf mövcud siyasi idarəetməni dəstəkləyir, digəri diaspor təşkilatının funksiyasının idarəetməni dəstəkləmək olmadığı iddiasını ortaya qoyur. Güney Azərbaycan diasporasında bölünmüş tərəflərdən biri İran, fars rejiminin gizli və ya açıq tərəfdarlarını dəstəkləyir, digər tərəf onlara qarşı çıxır. Azərbaycan diasporası ilk növbədə Güney və Quzey Azərbaycan arasında fərq qoymadan fəaliyyət göstərməli, idarəetmədə kimin olmasından asılı olmayaraq milli problemlərin həllinə yönəlməlidir.

İnsanlar diaspor təşkilatlarına güvənməyərək fərdi təşəbbüslər etməyə çalışırlar. Bu belə olmamalıdır. Azərbaycan və Türkiyə, Güney və Quzey Azərbaycan vahid diaspor şəklində birləşməlidir. Ən azından ümumilli məsələlərdə güclər bir arada olmalıdır. Təəssüflər olsun ki, bu sahədə olan təşkilati əskiklər normal fəaliyyətə icazə vermir. Erməni diasporasında bu fərqlidir. Bir çox təşkilatları fəaliyyət göstərir, fəaliyyətlərinə düzəlişlər edirlər, çəkici bir zindana vururlar. Bu səbəbdən effektiv nəticələr əldə edirlər”.

Xaləddin İbrahimli əlavə edir ki, Diaspor Komitəsinin əvvəlki rəhbərliyi xaricdə yaşayan azərbaycanlılara ticarət subyekti kimi baxsa da yeni rəhbərlik də əvvəlkindən çox da fərqlənmir:

“Diasporla iş üzrə Dövlət Komitəsinin bünövrəsi yanlış qoyulub. Onlar borçalılıları, Dərbənddəkiləri, bəzən Güney Azərbaycandakıları diaspor hesab etdilər. Halbuki onlar tarixi yaşadıqları yerdə məskunlaşıblar. Rus imperiyasının siyasəti nəticəsində zaman-zaman parçalanıb, fərqli dövlətlərin tərkibində qalıblar. Azərbaycan coğrafiyanın harasıdır, birinci bunun tərifi verilməlidir. Bura daxildir: Güney və Quzey Azərbaycan, Dərbənd, Borçalı, azərbaycanlılardan təmizlənsə də Ermənistan əraziləri. Bu tarixi Azərbaycan torpaqlarıdır. Diaspor Komitəsinin əvvəlki rəhbərliyi xaricdəki azərbaycanlılara ticarət subyekti kimi baxırdı. Onun işi intiriqalar yaratmaq, ticarətlə məşğul olmaq idi. Bu formalaşmaqda olan diaspor təşkilatlarına böyük zərbə oldu. İndi hansı işlə məşğul olduqlarını bilmirəm. Lakin nəticə göz qabağındadır. Bir tərəfi İran rejimi parçalayıb, digər tərəfi Bakının siyasəti. Çoxları bu səbəbdən bir araya gələ bilmirlər. Düşünürəm ki, ortada əvvəlki komitənin fəaliyyətindən fərqli bir şey yoxdur”. (Konkret.az)

Bənzər yazılar

Back to top button