Hadisə

Mülki işi cinayət işinə necə çevrildi? – müstəntiq Asif Əliyevin etirafı, vətəndaşa tələ və naməlum himayəçi – ŞOK DETALLAR

Azərbaycan qanunvericliyində mülki iş Mülki Məcəllə, cinayət işi isə Cinayət Məcəlləsinə uyğun araşdırılır, buna uyğun cəzalar verilir. Mülki işə görə cinayət işinin açılması qanunvericilikdə qeyri-mümkündür. Masallı rayonunun Hişkədərə kənd sakini Ağayev Elnur Feyruz oğlunun başına gələnlər ortaya çıxmayana qədər bu halın praktikada baş verdiyini demək də çətin idi.  
Elnur Ağayevin başına gələnlərsə Mülki Məcəllənin Cinayət Məcəlləsinə qarışdırıldığını, mülki işin birdən-birə cinayət işinə çevrildiyini, hüquq-mühafizə orqanlarındakı daşıdıqları missiyaya layiq olmayanlar tərəfindən qanunvericiliyin pozulduğunu ortaya çıxarır.
Miq.az Elnur Ağayevin şikayəti əsasında baş verən hüquq pozuntusunu araşdırıb.
Hər şey belə başlandı…
Hər şey Mansurova Elnarə Fərhad qızının Ağayev Elnur Feyruz oğlundan xahişi ilə başladı. Elnur Ağayev vaxtilə sahibkarlıq fəaliyyəti ilə məşğul imiş. Keçmiş iş yoldaşı Elnarə Mansurova ondan xahiş edir ki, 14000 manat pulunu da öz biznesinə qoysun və qazancdan ona da versin. Tərəflər arasında rəsmi qaydada kredit müqaviləsi bağlanır və razılaşırlar ki, Elnur Ağayev borc aldığı pulu Elnarə Mansurovaya bir il sonra qaytaracaq. Borcun qaytarılacağı müddətə qədər isə o, Mansurovaya hər ay qazanc olaraq 450 manat pul verəcək. Belə də olur: Elnur Ağayev hər ay öz biznesinə şərik olaraq qoşduğu Elnarə Mansurovaya 450 manat qazanc olaraq verir. O vaxta qədər ki, özünün biznesi iflasa uğrayır və qazanc əldə edə bilmir. Lakin Elnura Mansurovaya qazanc olaraq ümumilikdə 3150 manat pul verir.
Məsələ Elnura Mansurova tərəfindən normal qarşılanır və o, kredit müqaviləsinin bağlandığı Bakı şəhəri 53 saylı Notariusa ərizə ilə müraciət edərək, 14000 manat borcla bağlı heç bir mübahisənin olmadığını bildirir. Onun ərizəsinə əsasən kredit müqaviləsinə 12.03.2014-cü il tarixli 01/375 saylı İcra Qeydi verilir. 28.01.2015-ci il tarixində Masallı rayon İcra şöbəsində “Borclu Ağayev Elnur Feyruz oğlundan 14000 manat pul alınaraq, Mansurova Elnarə Fərhad qızına verilməsi barədə” icraata başlamaq haqda qərar qəbul edilir.
Elnur Ağayev deyir ki, əmlakı olmadığı üçün həyat yoldaşının adına olan “Opel Zafira” markalı 90 KX 426 dövlət qeydiyyat nişanlı avtomobilə həbs qoyulur: ” İş Masallı rayon İcra şöbəsindən Nəsimi rayon İcra şöbəsinə göndərildi, çünki həyat yoldaşım Nəsimi rayonunda qeydiyyatdadır. Oradan məni çağırdılar, getdim. Avtomobilimə həbs qoyuldu. Bununla yanaşı, məhz Elnura Mansurovanın hesabına 500 manat, 2000 manat, 400 manat və 400 manat pul köçürmüşdüm”.
Rasim Hacıyevin israrı və Asif Əliyevə tapşırıq
Elnarə Mansurova isə hesabına pulun köçürülməsinə baxmayaraq, Yasamal rayon prokurorluğuna Elnur Ağayevdən şikayət ərizəsi ilə müraciət edir.
“İşə Yasamal Rayon Polis Bölməsinin müstəntiqi Əli Məmmədov baxırdı. Müstəntiq bunun mülki iş olduğunu dedi və 2014-cü ilin 21 avqustunda qərar qəbul etdi ki, məsələ ilə bağlı cinayət işinin başlanması rədd edilir. Daha sonra işi Yasamal Rayon Prokurorluğuna qaytardı”, – deyə E.Ağayev danışır.
Üzərindən bir il keçir və E.Ağayev Elnarə Mansurovanın hesabına pul köçürməyə davam edir. Lakin təxminən bir il sonra – 2015-ci ilin 18 iyul tarixində Yasamal Rayon Prokurorluğu işin yenidən araşdırılması üçün polis bölməsinə göndərilir. Bu dəfə işə müstəntiq Əli Babayev baxır. 2015-ci ilin 18 iyulunda onun tərəfindən məsələ ilə bağlı cinayət işi açılır.
E.Ağayev deyir ki, Əli Babayev onu polis bölməsinə dəvət edib: “Məsələ ilə bağlı araşdırma aparandan sonra 2015-ci ilin dekabr ayında işə xitam verdi və geriyə-Yasamal Rayon Prokurorluğuna qaytardı. Mən isə İcra qərarına uyğun olaraq Elnarə Mansurovanın hesabına pul köçürürdüm”.
Hər iki müstəntiqin işə xitam verməsinin səbəbi məsələnin mülki iş olması idi. Lakin görünür, bu, Yasamal rayonunun prokuroru Rasim Hacıyevi qane etmir və o, mülki işin cinayət işinə çevrilməsi üçün işi üçüncü dəfə Yasamal Rayon Polis Bölməsinə göndərir.
E.Ağayevin sözlərinə görə, iş üçüncü dəfə göndəriləndə “Digər müstəntiq işi dəqiqliyi ilə araşdırmayıb” səbəbi irəli sürülüb.
2016-cı ilin əvvəlində İş Yasamal Rayon Polis Bölməsinin müstəntiqi Asif Əliyevə həvalə olunur. Müstəntiq Elnur Ağayevi dəfələrlə idarəyə dəvət edir və məsələni araşdırır. Lakin…
55 min manatlıq evə 14 min manat
E.Ağayev deyir ki, bir gün yolda gedərkən polis əməkdaşları onu saxlayır və haqqında axtarış olduğunu deyirlər.
“Mən nə vaxt çağırıblar getmişəm, amma niyə haqqımda axtarış elan ediblər?! Bunu soruşanda polis əməkdaşları heç nə bilmədiklərini dedi. Məni 26-cı bölməyə apardılar. Orada Yasamal Rayon Polis Bölməsinə gətirdilər. Orada 48 saat saxladılar, dedilər ki, məhkəməyə çıxarılmalıyam. Lakin biz Elnarə Mansurova ilə anlaşdıq ki, bir ev var, sataq, onun pulunu verək. Biz evi bir ay müddətinə satacağımızı dedik, lakin sata bilmədik. Evin etibarnaməsini də Elnarə Mansurovaya vermişdik ki, o da müştəri taparaq, evi sata bilər. Evi deyilən müddətdə sata bilməyəndə, Elnarə dedi ki, evə öz borcu qədər, yəni 14 min manat verir. Halbuki evin qiyməti 50-55 min manatdır, həmçinin, mənim Elnarə Mansurovaya borcum 12 min manat qalıb. Hətta mən dedim ki, 35 minə sataq, borcu ödəyəndən sonra heç olmasa mənim də əlimdə pul olsun, küçədə qalmayım. Amma Elnarə başladı ki, sən evi satmaq istəmirsən, Asif Əliyev də bildirdi ki, sən borcu vermək istəmirsən. Necə vermək istəmirəm ki, evin etibarnaməsini Elnarə Mansurovaya vermişdim”, – deyə o bildirir.
“Prokuror deyir ki, bu adam həbs olunmalıdır” – Asif Əliyevin etirafı
Elnur Ağayev deyir ki, Yasamalın prokuroru Rasim Hacıyev onun həbs olunmasını tələb edir. Buna görə də nəyin bahasına olursa olsun mülki işi cinayət işinə çevirmək istəyirlər: “Bunu mənə Asif Əliyevin özü deyib. Mən ona dedim ki, “siz özünüz də yaxşı bilirsiniz ki, bu mülki işdir, amma cinayət işinə çevirmək istəyirsiniz. Mənə bunun doğru səbəbini deyin”. Bildirdi ki, “bizdə bilirik ki, mülki işdir, amma mən heç kiməm. Prokuror deyir ki, bu adam tutulmalıdır”. Bunu Asif Əliyevin özü deyib”.
Mülki iş necə cinayət işinə çevrildi?
2016-cı ilin avqustunda Elnur Ağayev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılır və onun ölkəni tərk etməsinə qadağa qoyulur.
E.Ağayev bildirir ki, onun iki xəstə övladı var və övladlarının müalicəssi üçün hər 6 aydan bir İrana getməlidir: “İndi ölkədən çıxışıma qadağa qoyulub və nə edəcəyimi bilmirəm”.
Onun haqqında çıxarılan qərarda deyilir: “O, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə keçmiş iş yoldaşı Mansurova Elnarə Fərhad qızı ilə mütəmadi apardığı xoşniyyətli söhbətlərdə kommersiya fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edəcəklərini deyərək, etibarını qazanmış, vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq, əvvəlcədən qaytarmaq niyyəti olmayaraq, özgənin əmlakını ələ keçirərək mənimsəmək məqsədilə 04.03.2012-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu M.Müşfiq küçəsi 500-cü məhəllə 12/11 nömrəli üvanda yerləşən 53 saylı notariat kontorunun qarşısında 14000 manat pulunu, 2013-cü ilin avqust ayının 10-da Yasamal rayonu H. Cavid parkının qarşısında 3000 manat pulunu və 2013-cü ilin sentyabr ayının 9-da Yasamal rayonu Ə.Ələkbərov küçəsi 87 saylı ünvanın qarşısında 2000 manat pulunu, ümiumilikdə 19000 manat külli miqdarda pulunu ələ keçirib, zərərçəkmiş Mansurova Elnarə Fərhad qızına külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdi”.
5 min haradan peyda oldu?
Elnur Ağayev deyir ki, Elnarə Mansurovadan 14 min manatdan başqa heç bir pul almayıb.
“Bu absurddur. Necə ola bilər ki, mən Elnarə Mansurovaya 14 min borclu olduğum halda, o əlavə mənə 2 min manat, sonra da 3 min manat verir. Halbuki, bizim aramızda 14 min manat borcla bağlı icra qeydi var. Həmçinin, Elnarə Mansurovanın vəkilinin ofisində mənim vəkilimin iştirakı ilə aramızda 14 min borcun olduğuna dair sənəd imzalanıb. Həmin sənəddə mənim, Elnarə Mansurovanın, həmçinin, vəkillərin imzası var. Necə olur ki, bu borcu qaytarmamış, Elnarə Mansurovaya deyirəm ki, mənə 5 min manat pul ver, o da verir. Bu absurddur. Sadəcə olaraq, mənim haqqımda cinayət işi açmaq üçün bu 5 min manatı uydurublar. Məhkəmədə hakim Elnarə Mansurovadan soruşur ki, bu adam sənə borclu olduğu halda, niyə əlavə 5 min manat verdin. Deyir ki, “ağladı, mənim də yazığım gəldi”. Gülməlidir. Hətta Elnarə Mansurova iddia edirdi ki, mən ona borcun qaytarılması ilə bağlı icra qərarı çıxandan sonra heç nə ödəməmişəm. Halbuki, ayrı-ayrılıqda 2 min, 500, 400 manat pul köçürmüşəm və bu rəsmi qaydada olub. Ödənişlərin çekləri də var”, – deyə E.Ağayev danışır.
“Qızın pulunu niyə vermirsən?” – Rasim Hacıyevin iradı
2016-cı ilin 20 dekabrında Asif Əliyev Elnur Ağayevi bölməyə çağırır. Ona müxtəlif instansiyalara yazdığı şikayətlərə görə irad tutur və deyir ki, prokuror onun haqqında çox pis düşüncədədir.
“Mənə dedi ki, saat 3-də səni Elnarə Mansurova ilə üzləşdirəcəm. Mən etiraz etdim ki, dəfələrlə üzləşmişik, hər şey ortadadır. Dedi ki, bu sözləri prokurora da deyə bilrsən? Dedim ki, bəli. Saat 15:00-da məni prokuror Rasim Hacıyevin yanına apardı. Prokuror mənə dedi ki, qızın pulunu niyə vermirsən. Mən də verdiyimi dedim, bütün prosesi açıqladım. Bildirdim ki, icra qeydi var, bir adam haqqında iki yerdə iş açmaq olmaz. Məni otaqdan bayıra çıxartdılar. Sonra da bildirdilər ki, saat 17:00-da məhkəməndir. Daha sonra məhkəmə dekabrın 21-nə təyin edildi”.
Məhkəmə qərarı: “Bu mülki işdir, cinayət tərkibi daşımır”
Dekabrın 21-də məhkəmə keçirilir və hakim məsələnin mülki iş olduğu, heç bir cinayət tərkibi daşımadığı haqda qərar çıxarır. Dekabrın 27-də isə apelyasiya məhkəməsi keçirilir. Apelyasiya məhkəməsi də protesti təyin etmir və məsələnin mülki iş olması haqda qərarı qüvvədə saxlayır.
Tələ: iş gizli şəkildə Ağır Cinayətlər Məhkəməsinə göndərilib
Lakin Yasamal rayon prokurorluğu işdən əl çəkmir və Elnur Ağayevin həbsi üçün yeni addımlar atır.
“Məhkəmədə hakim prokurordan soruşdu ki, bu işi nə vaxt Ağır Cinayətlər Məhkəməsinə göndərəcəksiniz. Cavab verdi ki, 2017-ci ilin 7 yanvar tarixində. Həmin tarix gəlib çatdı, amma məni heç kim çağırmadı. Yanvarın 11-də Asif Əliyev zəng etdi ki, niyə gəlməmisən. Dedim ki, məni heç kim çağırmayıb. Yanına getdim, dedi ki, sən Elnarənin pulunu yavaş-yavaş ödə. Yanvar ayının sonunda Asif Əliyev dedi ki, işi təhvil-təslim edir. Fevralın əvvəlində isə dedi ki, işi bağlayıram. Dedim ki, gəlin məsələni düzgün həll edək. Bildirdi ki, bu iş sənin xeyrinədir. Prokuror və prokurorun ətrafındakılar bu məsələnin mülki iş olduğunu deyirlər. Güman ki, işə xitam veriləcək. Mən də dedim ki, onda Elnarə Mansurovanın hesabına pul köçürməkdə davam edirəm. Mənə bildirdi ki, hələ gözlə, qoy iş həll olunsun, sonra “üçdən, beşdən” köçürərsən. Mən də onun dediyi kimi etdim, sonra məlum oldu ki, məni aldadıb. Xəbər tutdum ki, iş artıq Bakı şəhər prokurorluğuna gedib. Asif Əliyevdən soruşdum, o da bildirdi ki, şəhər prokurorluğunda baxan kimi bu işin cinayət işi olduğunu dedilər. Bakı şəhər prokurorluğuna getdim, iş artıq orada idi. İşə Yasamal rayonu üzrə kurator olan Vidadi adlı prokuror baxırdı. Vəkilimlə həmin prokurorun yanına getdik, hər şeyi olduğu kimi danışdıq. Biz ora gedəndə həftənin 5-ci günü idi. Prokurora dedim ki, Asif Əliyev dünən sizin yanında olub, o da inkar elədi. Sonra da Asif Əliyevə zəng elədi, telefonda nəsə danışdılar, amma hiss etdim ki, nəsə tələ qurublar. Prokuror bizə dedi ki, sabah şənbədir, şənbə günləri adətən qərar vermirlər. Birinci, yaxud ikinci günü gəlməyimizi məsləhət gördü. Mən altıncı gün Asif Əliyevin yanına getdim, ona Vidadi adlı prokurorun dediklərini dedim. O da bildirdi ki, artıq iş ondan çıxıb. Birinci gün səhər saat 11:00-da Bakı Şəhər Prokurorluğuna getdim, aşağıdan Vidadi adlı prokurora zəng etdim. Mənə telefonda dedi ki, iş artıq şənbə günü Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Mənə oyun oynadılar. Məqsədləri də budur ki, işi gizli şəkildə Ağır Cinayətlər Məhkəməsinə göndərsinlər, mən də heç nə edə bilməyim”, – E.Ağayev qeyd edir.
Respublika prokurorluğunda naməlum himayəçi
Olduqca müəmmalı görünən bu işin arxasında nəyin dayandığı maraqlıdır. Və Yasamal rayon prokurorunun mülki işi cinayət işinə çevirmək üçün israr etməsi, müstəntiq Asif Əliyevin oyunu və etirafları, məhkəmələrin məsələnin mülki iş olması haqda qərarlarına rəğmən, bu işin üzrində dayanmaları, Bakı şəhər prokurorluğundakı Vidadi adlı prokurorun Elnur Ağayevi aldatması və işin gizli şəkildə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi şübhəli suallar yaradır.
E. Ağayev bildirir ki, onlar dolayısı yolla işin kimin tərəfindən sifariş verildiyini öyrəniblər: “Asif Əliyev söhbətlərinin birində dedi ki, “bu nə məsələdir ki, bunu birbaşa Respublika Prokurorluğundan istəyirlər”. Biz öyrəndik ki, bu mülki işin cinayət işinə çevrilməsini Respublika Prokurorluğunda idarə rəislərinin biri tələb edir, lakin həmin adamın adının kim oduğu bizə məlum deyil. Amma mən Respublika Prokurorluğundakı himayəçinin niyə belə etdiyini də anlamıram. Ağlıma yalnız o gəlir ki, yəqin Elnarə Mansurova ilə nəsə əlaqəsi var”.
E.Ağayev yeganə çıxış yolunu Prezident İlham Əliyevə müraciət etməkdə görüb. Artıq dövlət başçısına, Baş Prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, Ombudsman Elmira Süleymanovaya, Bakı şəhər prokuroru Əziz Seyidova, Yasamal rayon prokuroru Rasim Hacıyevə müraciət edib.
















Qarşı tərəfi də dinləməyə hazırıq.
Miq.Az 

Bənzər yazılar

Back to top button