DünyaManşet

“Nokia” şirkəti Rusiya xəfiyyəsinə işləyib – “Nyu-York Tayms”

Finlandiyanın “Nokia” telekommunikasiya, informasiya texnologiyaları və məişət elektronikası şirkəti Rusiya hakimiyyətinin kibercasusluq əməliyyatlarında – telefon danışıqlarının dinlənməsi, mobil ismarışların, elektron poçtla göndərilən məktubların ələ keçirilməsi işində yaxından iştirak edib. Novator.az saytı xəbər verir ki, bunu ABŞ-ın “Nyu-York Tayms” qəzeti yazıb.

Yazıda xatırladılır ki, bugünlərdə “Nokia” Moskvanın Ukraynaya hərbi təcavüzünü pisləyərək Rusiyaya texnoloji avadanlıqların satışını dayandırıb: “Ancaq şirkət satışı dayandırandan sonra nələri arxada buraxdığını qeyd etməyib. “Nokia” Rusiya hökumətinin ən güclü rəqəmsal nəzarət alətini (Əməliyyat-Axtarış Fəaliyyəti Sistemini) ölkənin ən böyük telekommunikasiya şəbəkəsinə (MTS operatoruna) qoşmaq üçün proqram təminatı verdiyini, xidmət göstərdiyini deməyib”.

“Nyu-York Tayms” vurğulayır ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti telefon danışıqlarını dinləmək, ismarışları, elektron poçt yazışmalarını, habelə digər virtual kommunikasiyaları izləmək üçün Əməliyyat-Axtarış Fəaliyyəti Sistemindən yararlanır.

Qeyd olunur ki, Federal Təhlükəsizlik Xidməti müxalif lider Aleksey Navalnını və onun tərəfdarlarını güdmək, onların telefon danışıqlarına qulaq asmaq üçün də eyni sistemdən istifadə edib.

Qəzetin yazdığına görə, “Nokia” şirkəti ən azı 5 il ərzində Əməliyyat-Axtarış Fəaliyyəti Sistemini Rusiyanın ən böyük telekommunikasiya operatoru olan MTS-ə qoşmaq üçün lazımi avadanlıqlar çatdırıb, xidmətlər göstərib.

“Nokia” məlumat mübadiləsinin ələ keçirilməsi üzrə texnologiyalar istehsal etməsə də, şirkət Əməliyyat-Axtarış Fəaliyyəti Sisteminin MTS şəbəkəsinə qoşulmasını planlaşdırmaq, optimallaşdırmaq və ortaya çıxan problemləri aradan qaldırmaq işində Rusiyanın dövlət şirkətləri ilə sıx əməkdaşlıq edib.

Bunu jurnalist araşdırması nəticəsində əldə olunan sənədlər üzə çıxarıb. 2008-2017-ci illəri əhatə edən sənədlər “Nokia”nın Rusiya xəfiyyəsinə kömək edərkən nə iş gördüyünü çox yaxşı anladığını da təsdiqləyib.

Jurnalist sorğusuna cavabında “Nokia” sənədlərin düzgünlüyünü danmayıb. Amma şirkət dövlətlərin kəşfiyyat məqsədilə istifadə etdiyi əsas şəbəkə avadanlıqlarının təchizatı prosesi üzrə beynəlxalq standartları pozmadığını da iddia edib.

“Nokia” həmçinin hökumətləri texnologiya satışında daha aydın ixrac qaydaları tətbiq etməyə çağırıb və Rusiyanın Ukraynaya təcavüzünü qeyd-şərtsiz pislədiyini diqqətə çatdırıb.

Rusiyanın MTS rabitə operatoru “Nyu-York Tayms”ın məsələ ilə bağlı sorğusunu cavabsız qoyub.

Bənzər yazılar

Back to top button