ManşetMədəniyyət

Mədəniyyət Nazirliyinin monitorinqi nəticəsində ermənilərin yüzlərlə abidəni dağıtdığı müəyyən edilib

“İşğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər dağıdılıb, bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilib”. Bu barədə Mədəniyyət Nazriliyinin fevralın 18-də yaydığı məlumatda deyilir.

Azərbaycan Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə monitorinqlərə başlayıb.

Nazirliyin məlumatında vurğulanır ki, Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri dağıdılıb. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilib. Ağdam şəhərində yerləşən Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələrinin dağıntılara məruz qoyulub. İbrahimxəlil xanın türbəsi (XIX əsr) isə tamamilə dağıdılıb.

Nazirlik bildirir ki, indiyədək dövlət qeydiyyatında olan 312 tarix-mədəniyyət abidəsi monitorinq edilib.

“Monitorinqlər zamanı azad edilmiş ərazilərdə dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 106 yeni obyekt aşkar edilib. Həmçinin monitorinqlər zamanı 571 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 286-sı kitabxana, 237-si mədəniyyət evi və klub, 19-u muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır”, deyə Mədəniyyət Nazirliyi bildirir. -0-

Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. Eyni zamanda, Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalıb.

Qeyd edilən faktlar 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”nın, “Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasının, “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya”nın müddəalarının kobud şəkildə pozulması deməkdir.

Azərbaycan Mədəniyyət Nazirliyi Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə görə məsuliyyətə cəlb olunacağına və layiqli cəzalarını alacaqlarına ümid edir, deyə məlumatda bildirilir.

Bənzər yazılar

Back to top button