Cəmiyyət

Ən optimal yol: Ekspert ali təhsil haqlarının azaldılmasını təklif edir (ŞƏRH)

Məlum iqtisadi səbəblərdən Azərbaycanda 100 faiz pulsuz ali təhsil məsələsi yenidən aktuallaşıb. Hakimiyyət də bu istiqamətdə müəyyən işlər həyata keçirir. Artıq cari tədris ilində ali məktəblərə qəbul planının yarısı dövlət sifarişi əsasında olub.

Qeyd edək ki, zəngin təbii ehtiyatlara malik olan, xüsusi ilə də neft hasil edən ölkələrin əskəriyyətində təhsil pulsuzdur. Məsələn, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirliyi və İran kimi ölkələrdə pulsuz ali təhsil var. Bir çox Avropa ölkələrində də dövlətin ali məktəblərində təhsil pulsuzdur. Özəl ali məktəblərdə təhsil alanlar üçün isə xüsusi imtiyazlar nəzərdə tutulur. Məsələn, Almaniyada ali məktəblərin əksəriyyəti pulsuz təhsil verir. Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr arasında Norveç və Finlandiyanı da göstərmək olar.

Bu baxımdan Azərbaycanda da dövlət ali məktəblərində tam pulsuz təhsil mümkündürmü?

Mövzunu Qaynarinfo üçün üçün şərh edən təhsil eksperti Kamran Əsədov bunu indiki şərtlərdə mümkün saymır.

Ekspertin sözlərinə görə, Azərbaycan pulsuz ali təhsil səviyyəsinə görə postsovet məkanında öndə gedir:

“Ali məktəblərimizin sayı 51-dir. Onların 44-u ümumi, 7-si isə xüsusi təyinatlıdır. Xüsusi təyinatlı ali məktəblərin hamısı 100 faiz ödənişsizdir. İndi plan yerlərinə baxaq. Təsəvvür edin ki, hər il ali məktəblərə 47 min nəfər qəbul olunur. Bunun da 21 mini pulsuz oxumalıdır. Bu, adi rəqəm deyil. Misal üçün 2018-ci ildə bu rəqəm 12 min idi. Dövlət başçısının sərəncamı ilə bu rəqəm artırıldı. Başqa tərəfdən dövlət sifarişi deyilən bir məsələ var. Kim ki ən yüksək bal toplayıb, onlar pulsuz oxuyur. Həm də burada dövlət və özəl universitetin fərqi yoxdur. Tutalım ki, mən 500 bal toplamışam, dövlət sifarişini verəcəksiniz Pedoqoji Universitetə. Amma mən Pedoqoji Universitetdə yox, Xəzər Universitetində oxumaq istəyirəm. Balım da pulsuz oxumağa çatır. Çox adam deyir ki, dövlət universitetləri pulsuz olmalıdır. Xeyr. Bu yanaşma yanlışdır. Dövlət universiteti pulsuz olmalıdır deyilən anlayış çox arxada qalıb. Artıq plan yerlərində ödənişsiz təhsil alanların sayı 50 faizdir. Yəni, hər iki nəfərdən biri pulsuz oxuya bilir. Amma bu iki nəfərdən biri savadlı olmalıdır. Niyə 150 bal toplayan da pulsuz oxumalıdır, 500 bal toplayan da? Konkret rəqəmləri sizə deyim. Misal üçün, bu il beynəlxalq münasibətlər ixtisasında adam 200 balla pulsuz oxuyurdu, kimsə 580 balla hüquqda pullu ödənişli oxuyur. Bu ədalətlidirmi? Yəni, bizə və cəmiyyət üçün nə lazımdır? Ən savadlılar pulsuz oxumalıdır.

Konstitusiyamıza görə də istedadlı şəxsləri dövlət pulsuz oxutdurur.

Azərbaycan pulsuz ali təhsilə görə postsovet ölkələrində birinci yerdədir. 2011-ci ildən pulsuz yerlər dövlət sifarişi adlanır, yəni, tələbələrin təhsil haqqını dövlət ödəyir. Burada ödənişlər universitetə yox, ixtisasa verilir. Misal üçün Müalicə işi ixtisasına 500 pulsuz yer ayrılır. Tələbələrin də Tibb Universiteti, “Seçenov” və Naxçıvanda oxumaq kimi seçimləri olur. Bakı Dövlət Universitetinə cari tədris ilində 6500 nəfər qəbul olub. Bunun da 70 faizi dövlət sifarişidir. 2011-ci ildən Nazirlər Kabinetinin qərarına görə, dövlət universitetləri təsərrüfat hesabına keçib. Bu o deməkdir ki, pulsuz oxuyanların təhsil haqqını dövlət ödəyir. Bu da dövlət büdcəsi üçün yüklənmə deməkdir”.

K.Əsədovun fikrincə, ölkəmizdə təhsil haqları insanların maddi vəziyyətinə adekvat deyil:

“İnsanlarımızın maddi vəziyyəti məlumdur. Ona görə burada ən yaxşı variant təhsil haqlarını aşağı salmaqdır. Təhsil haqları insanlarımızın maddi durumuna adekvat deyil və çoxdur. Bu gün Azərbaycanda təhsil haqları reallığı əks etdirə bilmir. Düşünürəm ki, ödənişsiz plan yerlərinin sayını artırmaq, eyni zamanda da təhsil haqlarını azaltmaqla təhsilin əlçatanlığını təmin etmək mümkün olar.

Sadəcə, dövlət sifarişi əsasında tələbata uyğun ixtisaslarda plan yerləri artırılmalıdır və ali təhsil almaq istəyənlərə universitetləri seçmək hüququ verilməlidir. Yəni, istedadlı və savadlı adam niyə gedib ucqarlarda olan filialda oxumalıdır ki, elə mərkəzdə daha yaxşı ali məktəbdə oxumalıdır. Bu, universitetlər arasında da rəqabətin artmasına səbəb olur”.

Bənzər yazılar

Back to top button