Dünya

Navalnı “qırmızı zon”a göndərilir

Məlum olduğu kimi, fevralın 20-də Moskva Şəhər Məhkəməsində müxalif siyasətçi Aleksey Navalnının şikayətinə baxılıb. Şikayət Moskva Şəhər Məhkəməsinin fevralın 2-də Navalnı barəsində çıxardığı hökmdən verilib.

Həmin hökmə əsasən, Aleksey Navalnı 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli olduğu halda, ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib. Navalnının Almaniyada müalicədən qayıtdıqdan sonrakı dövrdə də qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.

Moskva Şəhər Məhkəməsi hökmü altı həftə azaldılmasına qərar verərək Navalnının həbs müddətini 2 il 8 aydan 2 il 6 ay iki həftəyə endirib. O, cəzasını ümumi rejimli həbsxanada çəkməlidir. Qeyd edək ki, Navalnı müharibə veteranı təhqir etdiyinə görə də məhkəməyə verilib və bu iş üzrə qərar hələ elan olunmayıb. Bu səbəbdən Navalnı bir müddət də Moskvadakı istintaq təcridxanasında qala bilər.

Musavat.com mk.ru-ya istinadən xəbər verir ki, indi əsas maraq edilən sual Navalnının Rusiyanın hansı cəzaçəkmə müəssisəsinə və nə zaman göndəriləcəyidir. Qanuna görə bu, Moskva Şəhər Məhkəməsində edilən müraciət anından etibarən on gün ərzində olmalıdır. Gecikdirmək istəsələr, məhkəmədən sənədlər bir ay müddətinə istintaq təcridxanasına gedəcək. Ola da bilər ki, qərar elə həmin gün təcridxanaya göndərilsin.

Qanunvericiliyə görə həbsxana cəza almış şəxsin qeydiyyatda olduğu yaşayış yerində və ya yaxın bölgədə olmalıdır. Navalnın qeydiyyatda olduğu Moskvada ümumi rejimli həbsxana yoxdur. Bu səbəbdən onu yaxın bölgənin həbsxanasına aparmaq lazım gələcək. Bu halda Navalnı Ryazan, Tver və ya Vladimir vilayətlərindən birində cəzasını çəkməli olacaq.

Mk.ru-nun Cəzaların İcrası üzrə Federal Xidmətindəki mənbəsi deyib ki, Navalnı Vladimir vilayətindəki cəzaçəkmə müəssisəsindən birinə aparılacaq. Mənbə deyib ki, artıq həbsxana müəyyən olunub və məşhur dustağın qəbulu üçün hazırlanıb.

Bildirilir ki, Vladimir vilayətindəki həbsxanalarda daxili qaydalar ciddidir(“qırmızı zon”da deyirlər) və məhkumların qadağan olunmuş əşyalardan, o cümlədən mobil telefonlardan istifadəsi mümkünsüzdür. Həbsxanada məhkumlar digər məhkəmə instansiyalarına etdikləri müraciətlər buraxılmır, vəkillərin onlarla görüşməsinə icazə verilmir və s. Vladimirdəki həbsxanada məhkumların etirazları, onlara işgəncə və təcavüz faktları barədə də danışılır. Aydındır ki, Navalnın həbsxanaya aparılmasından sonra buradakı real vəziyyəti gizlətmək əvvəlki qədər asan olmayacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button