Cəmiyyət

Qarabağdakı ermənilər xüsusi sığınacaqda və bu müəssisədən kənarda yaşayırlar

Ölkə vətəndaşları Qarabağda yaşayan ermənilərin sayını, onların statusunu, bu adamların hüquq və vəzifələrini, ərzaq təminatı normasını və bizdən tutulmuş vergilərdən ibarət dövlət büdcəsindən maliyyələşdirilən hər şeyi bilməkdə haqlıdırlar. Lakin Qarabağın azad olunmasından yeddi ay sonra biz ancaq onu bilirik ki, ermənilər orada qalıb yaşayırlar. Onlar hansı ölkənin vətəndaşlarıdır? Neçə nəfərdir, adları nədir və yaşları neçədir? Əgər bizim həmvətənlərimiz deyilsə, niyə Azərbaycanda dövlətin hesabına yaşayırlar?

Bu məsələlərlə bağlı Turan agentliyi Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) Aparatına müraciət edib.

Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadənin imzaladığı rəsmi cavab məktubunda ombudsman Səbinə Əliyevanın Qarabağın erməni sakinlərilə görüşməsi barədə məlumat təsdiqlənib. Rumzadə xatırladır ki, öz mandatı çərçivəsində ombudsman ölkəmizdə yaşayan və milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini məsələlərinə diqqət yetirir.

Martın 28-də ombudsman Xankəndi şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Müəssisədə, eləcə də müəssisədən kənarda yaşayan və xidmətlərdən faydalanan erməniəsilli sakinlərlə görüşüb, onların hüquq və azadlıqlarının təmini vəziyyətilə maraqlanıb, ombudsmanın səlahiyyətləri barədə ətraflı məlumat verib. Eləcə də psixoloq və sosial işçilər tərəfindən sakinlərə göstərilən sosial xidmətlər, qida təminatı monitorinq olunub.

Rəsmi məktub “İnformasiya əldə etmək haqqında” qanunun 35-ci maddəsinə əsasən Ombudsman Aparatının məlumata məhdudiyyət qoymaq hüququnun xatırladılması ilə başa çatır. Ermənilərin ərzaq təminatı barədə sualları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmək təklif olunub. Bu qurum Turan-ın suallarını cavablandırmayıb.

2023-2024-cü illərdə Azərbaycanın rəsmi orqanları 2023-cü ilin sentyabrında region sakinlərinin Ermənistana kütləvi gedişindən sonra Qarabağda qalan ermənilərin sayını açıqlamayıblar. Azərbaycan KİV Ermənistan KİV-in və beynəlxalq təşkilatların rəqəmlərindən sitat gətirməyə məcburdur, lakin bu məlumatların doğru olduğuna əminlik yoxdur.

Dövlət KİV və fərdi şəxslər – Azərbaycan vətəndaşları tərəfindən çəkilmiş ayrı-ayrı video və telereportajlardan aydın olur ki, Xankəndidə ermənilər şəhərdə sərbəst hərəkət edirlər. Xankəndidə fərdi evlərdə tək yaşayan erməni kişi və qadın haqqında iki videoçarx da məlumdur. Onların sözlərinə görə, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Qırmızı Xaçın əməkdaşları onların yanına gəlir, ərzaq məhsulları verir, lazım olduğunda tibbi yardım göstərirlər.

İki aydan bir qədər çox öncə Real TV-nin müxbiri Bakıda anadan olmuş və Xankəndidə sığınacaqda yaşayan erməni Kamo Eduardoviç Ayrepetyanla söhbət edib. O, təmiz Azərbaycan dilində deyib ki, sığınacaqdakı yaşayış şəraitindən, yemək, təmiz yataqdan tam razıdır. Yarım ildən bir qədər çox öncə isə Baku TV kanalı bildirib ki, Xankəndidə beş erməni, Qarabağ kəndlərində isə iki erməni Azərbaycan Miqrasiya Xidmətinin stasionar və mobil məntəqəsinə müraciət edərək bu ölkənin vətəndaşlığını almaq istədiklərini bildiriblər. Onların adları açıqlanmayıb.

Qarabağdakı ermənilərlə əlaqədar hər şeyin məxfiliyinin səbəbi aydın deyil. Hətta ötən ilin sentyabrında Qarabağdan gedən ermənilərin sayı ilə bağlı məlumatı Azərbaycanda Yerevan mənbələrindən əldə ediblər. Bu, gedənlərlə bağlı Azərbaycan Sərhəd Xidmətinin əməkdaşlarının dəqiq uçotuna baxmayaraq baş verib. Belə ki, onlar ictimaiyyətə hesabat təqdim etməyiblər.(Turan)

Bənzər yazılar

Back to top button