GündəmİqtisadiyyatManşet

Deputatlar və ekspertlər hərbçilərin əməkhaqlarına əlavələr barədə

Artiq bir neçə aydır ki, Qarabağ bölgəsində xidmət edən hərbi qulluqçulara verilən ikiqat əməkhaqqının yarıya qədər azaldılması ilə bağlı şikayətlər eşidilir. Hələ belə şikayətlərin eşidilməyə başlandığı ilk vaxtlarda (yanvar ayında) Maliyyə Nazirliyi bununla bağlı açıqlama verdi. Orada qeyd edilirdi: «Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir».

Eyni zamanda, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birlikdə dəqiqləşmənin aparılmasının vacibliyi qeyd olunurdu.

Hərbi jurnalist Səxavət Məmməd qeyd edib ki, hərbçilərin maaşı birqat verilib və maliyyə xidmət rəisləri hətta bildiriblər ki, maaş bundan sonra ancaq birqat veriləcək. Bundan əlavə, 13-14-cü maaşlar da 50 faiz kəsinti ilə verilib. Tələb edəndə isə deyirlər ki, maliyyə problemi var».

Jurnalist qeyd edib ki, hərbçilərin maaşlarının birqat edilməsinə görə artıq problemlər yaranıb. Çünki onlar öncədən xərcləri əlavələrdən çıxış edərək planlaşdırıblar. Bəzilərinin ipoteka və digər kreditləri var.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Kamal Cəfərov Turan-a bildirib ki, «Hərbi qulluqçuların statusu haqqında» qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanıb və ödənilib. İşğaldan azad edilmiş ərazilərdə xidmət edən, o cümlədən hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə alınmaqla, hərbi qulluqçuların əmək haqlarına əlavə əmsallar formasında ediləcək. Yaxın vaxtlarda hərbi qulluqçuların əməkhaqlarına əlavələrin verilməsi Nazirlər Kabinetinin qərarı formasında təmin ediləcək.

Parlament komitəsinin digər üzvü Elman Məmmədov Turan-a bildirib ki, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi artıq Qarabağ regionunda xidmət edən hərbçilərin maaşları ilə bağlı açıqlama veriblər. O hesab edir ki, hərbçilərin maaşları dəyişməməlidir, əksinə artırılmalıdır.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, hərbi qulluqçuların əməkhaqlarının azaldılmasının səbəbi maliyyə çətinliyi ilə əlaqədardır. Suyun, yanacağın qiymətlərin qaldırılması da bundan irəli gəlir. “Amma hərbi məsələ elə məsələdir ki, burada maaşların azaldılması yolverilməzdir, çünki hərbçilər həyatları bahasına qələbəni təmin edirdilər. Təxminən 3 min nəfər şəhid olub, bir çoxları yaralanıb”, -İ. İsmayıl bildirib.

Hətta dinc dövrdə də dağlarda xidmət edən hərbçilərin əməkhaqları daha yüksək idi, nəinki düzənlikdə xidmət edənlərin. “Burada məsələnin maddi tərəfdən çox mənəvi tərəfi vacibdir. Çünki Qarabağ münaqişəsi hələ nizamlanmayıb”, – İ.İsmayıl vurğulayıb.(Turan)

Bənzər yazılar

Back to top button