Cəmiyyət

Bütün jurnalistlərə vahid vəsiqə verilməsi ideyasına tanınmış ekspertlərdən reaksiya

Qulu Məhərrəmli: “Dünyanın heç bir ölkəsində belə bir praktika mövcud deyil”

Jurnalistlərə vahid vəsiqə verilə bilər. Belə bir açıqlama ilə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edib. O, bildirib ki, “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bu məsələ müzakirə edilə bilər.

Bəs görəsən bu təklif nə dərəcədə real ola bilər? Bunun hansı müsbət və mənfi tərəfləri ilə qarşılaşa bilərik?

Bu barədə konkret.az-a açıqlama verən tanınmış jurnalist və teletənqidçi Qulu Məhərrəmli bildirib ki, ölkədə jurnalistlərin hamısına vahid vəsiqə verilməsi ideyası birmənalı qarşılanmır: “Niyyət yaxşıdırsa, hər kəsin bu sferaya daxil olmaması, jurnalist adından istifadə etməməsi üçün bu təklif müsbət dəyərləndirilə bilər. Amma dünyanın heç bir ölkəsində belə bir praktika mövcud deyil. Ancaq qardaş Türkiyədə “sarı kart” anlayışı var idi. Amma o özündə əlavə keyfiyyətlər ( məsələn, vəzifənin icrası zamanı nəqliyyatdan pulsuz istifadə və sairə) daşıyırdı. Amma bizim ölkəmizdə yalnız işləyən jurnalistlərə belə bir vahid vəsiqənin verilməsi bəzi suallar doğurur.

Birincisi, bu vəsiqə kimlərə veriləcək?

İkincisi, müstəqil jurnalistlər var ki, yalnız araşdırmalar aparır, redaksiyaların sifarişlərini yerinə yetirir. Bu adamlara vəsiqə verilib-verilməyəcəyi sual yaradır.

Üçüncüsü, belə bir təklifi dəstəkləməyən insanlar var ki, onlar vəsiqənin bir növ jurnalistika fəaliyyəti ilə məşğul olan insanlar üçün lisenziya rolunu oynaya biləcəyini düşünəcəklər. Yəni vəsiqə varsa, demək jurnalistika ilə məşğul ola bilərəm, əks halda isə buna icazə verilməyəcək. Bundan başqa blogerlər var ki, onlar da informasiya və araşdırma sahəsində fəaliyyət göstərirlər. UNESCO-nun təsbitinə görə, bu kateqoriyadan olan insanlar da jurnalist hesab olunurlar. Bu insanlara vəsiqə verilib-verilməyəcəyi də sual altındadır”.

Qulu Məhərrəmli əlavə edib ki, Medianın İnkişafı Agentliyinin yazılı mətbuat və saytlar sahəsində müəyyən qaydalar yaratmağa səy göstərməsi və bu istiqamətdə addımlar atması təqdirəlayiq haldır. Amma bu heç bir halda media azadlığının və jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönələ bilməz.

Ələsgər Məmmədli: “Vəsiqəsi olmayana informasiya verməmək kimi bir öhdəlik yoxdur”

Media üzrə ekspert Ələsgər Məmmədli isə mövzu ilə bağlı bildirib ki, jurnalist fəaliyyətinə dövlət qurumları qarışmamalıdır: “Jurnalist qurumlarını vahid vəsiqə ilə təmin etmək hökumətin vəzifəsi deyil. Hökumətin vəzifəsi bütün jurnalistlərin informasiya mənbələrinə çıxış imkanlarını təmin etməkdir. Jurnalist fərqli qurumları təmsil etdiyi üçün, fərqli kommersiya qurumlarına vahid bir vəsiqənin verilməsi qanunda nəzərdə tutulmayıb. Hətta bu media qanununda da nəzərdə tutula bilməz.

İnformasiya əldə etmək və özünüifadə hər kəsin hüququdur. Vəsiqəsi olmayana informasiya verməmək kimi bir öhdəlik yoxdur. Yəni Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsində deyilir ki, hər kəsin informasiya almaq hüququ var. Hər kəs dedikdə təkcə jurnalistlər nəzərdə tutulmur. Bu baxımdan hökumətin öhdəliyi açıq informasiyanı hər kəsə eyni şərtlərlə verməkdir. Belə olan halda vəsiqənin rənginin və özünün heç bir fərqi yoxdur. Yeni media qurumunun vəzifəsi hökumətin media siyasətini təmin etmək və jurnalistlərin fəaliyyətini asanlaşdıran mühit yaratmaqdan ibarətdir. Odur ki, bu cür ideyalar müzakirəyə çıxarılmamalıdır. Əsas hədəf bütün jurnalistlərin informasiyaya çıxış hüququnu bərabər şəkildə təmin etməkdir”.

Bənzər yazılar

Back to top button