Bu səfirlər dərhal geri çağırılmalıdır: Diplomatik qalmaqal

by Aztoday Xəbər Portalı

“Azərbaycanın Moldova və Ukraynadakı səfirləri Qüdsi Osmanovla Elmira Axundova dərhal geri çağırılmalı və ağır şəkildə cəzalandırılmalıdırlar”. ADP sədri Sərdar Cəlaloğlu Moldovadakı fövqəladə və səlahiyyətli səfirimiz Qüdsi Osmanovun Krıma qanunsuz səfəri və orada Rusiya prezidenti Vladimir Putinlə foto çəkdirməsini şərh edərkən belə deyib.

Partiya sədri qeyd edib ki, Azərbaycan da Ukrayna kimi rus təcavüzü nəticəsində torpaqlarını itirən ölkədir və bu bu ortaq tale bizi birləşdirir, eyni mövqedən çıxış etmək zərurəti qarşısında qoyur: “Məhz bu zərurətdən çıxış edən Azərbaycan Krımın Rusiya tərəfindən ilhaqını tanımır. Bizim Moldova səfirimiz isə rəsmi Bakının yox, Moskvanın sifarişini yerinə yetirərək icazəsiz Krıma gedir və orada Putinin keçirdiyi tədbirə qatılaraq təcavüzə həmrəylik nümayiş etdirir. Bununla da Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinə kölgə salır”.

Sərdar Cəlaloğlunun fikrincə, Ukrayna Baş prokurorluğunun Qüdsi Osmanovun əməllərini araşdırması diplomatik skandaldır və bu adamın indiyədək səfir vəzifəsində saxlanılması rəsmi Bakının da həmin böyük qəbahəti səfirlə bölüşdüyü barədə yanlış təəssüratlar yarada bilər: “Mən başa düşmürəm, Ceyhun Bayramov hara baxır? Niyə Qüdsi Osmanovun geri çağırılması barədə ölkə başçısı qarşısında indiyədək təşəbbüs qaldırmayıb?”.

Həmsöhbətimiz xatırladıb ki, Qüdsi Osmanovun adı Serbiyanın Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah göndərməsi qalmaqalında hallanmışdı: “Bilirsiniz ki, o vaxt həmin silahlar Moldova üzərindən Ermənistana göndərilmişdi. Səfir də bu barədə müfəssəl informasiyaya malik idi. O zaman niyə Azərbaycan rəsmilərini vaxtında məlumatlandırmamışdı? Günahı Serbiyadakı sabiq səfir Eldar Həsənovun üstünə atırdı. Halbuki, özünün məsuliyyəti Eldar Həsənovdan az deyildi. Elədirsə, onda niyə Eldar Həsənov həbsdə yatır, Qüdsi Osmanov isə hələ də səfirdir və heç bir hüquqi əsası olmadan Putinin dalına düşüb Krıma səyahətə gedir?”.

Sərdar bəyin fikrincə, Azərbaycanın diplomatik korpusu hələ də Rusiyanın 5-ci kolonunun oylağına çevrilmək xüsusiyyətini tərk etməyib: “Ceyhun Bayramovu o vəzifəyə gətiriblər ki, diplomatik korpusu bu cür ünsürlərdən təmizləsin. Bildiyimə görə, bir çox ölkələrdən səfirləri, diplomatları geri çağırıb. Amma adı Rusiyanın “5-ci kolon”u olmaqda hallanan diplomatlara isə toxunmur. Əksinə, onların diplomatik protokola zidd fəaliyyətini ört-basdır edir”.

Partiya sədri Ukraynadakı səfirimizin də Qüdsi Osmanovdan geri qalmadığı qənaətindədir: “Bilirsiniz ki, onun səfir getmək üçün hazırda da fəaliyyətini davam etdirən məmurlardan birinə 1 milyon dollar rüşvət verdiyi barədə mətbuatda məlumatlar yayılmışdı. Məlumatlarda qeyd olunurdu ki, Elmira Axundova Ukraynadakı səfirlik postunu rüşvətlə alıb. Həqiqətən də bir müddətdən sonra həmin vəzifəyə təyin olundu və dolayısıyla bu fakt öz təsdiqini tapdı. XİN niyə bu səfir barədə ölçü götürmür? İstərdim ki, XİN aydınlıq gətirsin, görək, Elmira Axundova Ukrayna Baş prokurorluğunda Qüdsi Osmanov barədə araşdırma aparıldığı barədə Azərbaycanın müvafiq dairələrini məlumatlandırıbmı? Belə görünür ki, hər iki səfir eyni çevrənin adamıdır. İndi də arxalarında yeni nazir dayanır”. \\Ovqat.com

Bənzər Yazılar