Cəmiyyət

Deputat gənclərə nikaha girməyi məsləhət gördü: “Toy sonra olar,..”

“Gənclərə məsləhət görürəm ki, pandemiyanı gözləməsinlər, gedib nikaha daxil olsunlar”.

Bu sözləri Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı cebhe.info-ya açıqlamasında bildirib.

Artıq bir ildir ki, pandemiya səbəbilə Azərbaycanda toy mərasimlərinin keçirilməsinə qadağa qoyulub.

Bu məsələ şadlıq saraylarının sahibkar və əməkdaşları ilə yanaşı, toy etmək istəyənlərin də narahatlığını günbəgün artırır. Hətta bəzi sahibkarlar bildirirlər ki, ötən ildən təxirə salınan toyların sahibləri hələ də bu barədə rəsmi qərarı gözləyirlər.

“Əlbəttə, çox istəyirik ki, gənclərimizin toy mərasimləri başlasın. Bu, eyni zamanda onların valideynlərinin də arzusudur. Bu barədə müxtəlif rəylər, fikirlər səsləndirilir. Düşünürəm ki, müəyyən məhdudiyyətlər tətbiq etməklə toy mərasimlərini keçirmək olar. Mən vaxtilə də söyləmişdim və hələ də bu fikirdəyəm ki, yaranmış situasiyaya görə gənclərimiz evlənmək üçün çox sayda adamın iştriak etdiyi təmtaraqlı mərasimləri gözləməsinlər. Bunun yerinə 2 nəfərin şahidliyi ilə nikaha girə bilərlər. Əgər istəsələr, pandemiyadan sonra özlərinə toy mərasimi edə bilərlər. Bir çox ölkələrdə bu cür qayda var. Hətta uşaqları da bu toyda iştirak edərlər və onların da həyatında maraqlı bir an kimi qalar”, – deyə deputat bildirib.

F.Ağamalı onu da qeyd edib ki, pandemiya əslində bizə bu barədə bir çox şey öyrətdi:

“Düşünürəm ki, toy və yas mərasimlərinin təmtaraqlı keçirilməsi ilə bağlı da bir az qayda-qanun yaratmaq lazımdır. Xüsusilə də, toyların böyük məsrəflərlə keçirilməsinə ehtiyac yoxdur. Bəzən toydan sonra uzun müddət ailələr borc ödəmək məcburiyyətində qalırlar. Buna görə də az sayda insanın iştirakı ilə, məsələn, yaxın qohumlarla, dostlarla mərasimin keçirilməsi daha məqsədəuyğun olar. Hər xalqın öz adət-ənənəsi olur. Toy da qədim zamanlardan bu günədək gələn bu ənənələrdən biridir və hər kəs onu keçirmək istəyir”.

Bənzər yazılar

Back to top button