CəmiyyətGündəm

“AMEA-da elm adamlarını görmək istəmirlər” – Ramiz Mehdiyevin sonuncu manevri

Ramiz Mehdiyev AMEA-nın 500-dən çox əməkdaşına verilmiş bağ sahələrinin əllərindən alınması ilə bağlı göstəriş verib. Bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat yayıb.
AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarı ilə “Xızı”aqrar kompleksinin torpaq sahəsindən müvəqqəti olaraq Akademiyanın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb. Bağ sahələri AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin dövründə ayrılıb.

Əməkdaşlara bağ sahələriin nə üçün əllərindən alınması ilə bağlı ətraflı məlumat verilməsə də, bildirilib ki, AMEA-nın sabiq prezidentinin bu qərarı qanunsuz olub. İyun ayında torpaq sahələrinin verilməsi ilə bağlı müqavilə başa çatdığı üçün bağ sahələri geri təhvil verilməlidir. Məsələ ilə bağlı hay-küy yarandıqdan və mediada işıqlandırıldıqdan sonra AMEA rəhbərliyi problemlə bağlı iclas keçiriləcəyini deyib.

Bizimyol.info-ya danışan və həmin bağ sahələrindən birinin sahibi olan fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Bəndəliyev bildirdi ki, AMEA-da hazırda elm adamlarına qarşı qəribə qərəzli münasibət yaranıb. Qurum elmi məqsədlərə xidmət etməkdən daha çox siyasiləşdirilib.

“Bizim həmkarlar təşkilatına məktub göndərilib və yazılıb ki, daxili qanunauyğunluğa ziddiyyət təşkil edildiyi üçün bu qərar ləğv olunur. Amma konkret səbəb göstərilmir. Məntiqi izahı yoxdur. Məncə, bu AMEA rəhbərliyinin elmi işçilərə qarşı yönəlmiş fəaliyyətinin sübutudurur. Burada elmlə məşğul olan insanları görmək istəmirlər. Mənə elə gəlir ki, yeni rəhbərlik AMEA-ya siyasiləşdirilmiş bir qurum kimi baxmaq istəyir. Konkret olaraq ağır rəftar, təzyiq yoxdur. Lakin həqiqətən elmlə məşğul olan insanlara qarşı qəribə siyasət aparılır. AMEA-nın nəzdində 25 nəfər professordan ibarət Koordinasiya Şurası fəaliyyət göstərirdi. 2 il əvvəl bu şuranın yaradılmasına səs verənlər bu gün onun ləğvinə səs verib qanunsuz adlandırırlar. Bu nə məntiqdir belə? Hörmətli millət vəkili Qənirə Paşayaeva da bu şuranın üzvü idi. Mən Şuranın sədriyəm. Ramiz Mehdiyev gələndən bir ay sonra bu strukturu ləğv etdi. Halbuki bu quruma 25 nəfər iki dəfə seçki yolu ilə seçilmişdilər. Bura seçilən professorlar, elm adamları elə insanlardırlar ki, onların elmi nəticələri Rəyasət Heyətində oturanların elmi nəticələrindən qat-qat çoxdur. Biz onların haqqında qərar verməliyik, onlar bizim haqqımızda qərar verir, AMEA professor diplomlarının ləğvinə çalışırlar. Baxmayaraq ki, onların 70-80 yaşları var, elmi işlərimizin səviyyəsi və sayına görə əslində qərar verməli olan bizlərik. Mehdiyev ağsaqqal adamdır, o necə ki, söz düşəndə haqlarının qorunmasını məhkəməylə tələb edir, lazım gəlsə, biz də məhkəməyə müraciət edəcəyik. İndi dəridən-qabıqdan çıxırlar ki, biz bunu etməyək”.

Əslində məslənin məğzini bilməyənlər də başa düşsünlər deyə qeyd edək ki, professor adı iki şəkildə verilir.

Biri var Prezident yanında Attestasiya Komissiyasının verdiyi professor elmi adı, bir də var AMEA-nın öz daxilində verdiyi fəxri adlar.

“Bu ona görə təşkil edilmişdi ki, gələcəkdə seçkilər olarsa, hər dəfə Rəyasət Heyətinə 80-90 yaşlı qocaların seçilməsindənsə, 25 nəfərlik professor heyətindən 40-50 yaşlı “gənclərin” də seçim imkanı olsun. Onların arasında Avropa Cərrahlar Assosiasiyasının prezidenti Kənan Yusizfzadə də var idi. Yəni hamısı elmlə məşğul olan parlaq ziyalılardır. Lakin AMEA-da dəyər verilmir. Ramiz Mehdiyev bunu qanunsuz hesab edərək ləğv edib. Milli Elmlər Akademiyasına sonradan, hansısa vəzifədən çıxdıqdan sonra gəlib 70- 80 yaşında elmlə məğul olmaq mümkün deyil, olsa da, kimsə onların adından yazıb məqalələr buraxmalıdır”,- deyə professor qeyd edib.

Son olaraq bağ məsələsi barədə danışan Rövşən Bəndəliyev bildirib ki, yaranmış qalmaqalın yatması üçün söz veriblər ki, iclas olacaq.

“Amma iclasdan da gözüm su içmir. Bu adamların içərisində Rəyasət Heyətinin üzvlərinin də bağları var, onlar da narazılıq edirlər. Bu bağlar yalnız bağçılıq, bostançılıq üçün nəzərdə tutlmuşdu. Ev tikməyə icazə verilmirdi. Lakin orada ağaclar əkmişik, xərclər çəkilib. İndi 1 il ərzində bu ərazilər sadəcə, baxımsız qalıb. Həmkarlar İttifaqı məsələyə münasibət bildirmir”,- deyə professor qeyd edib.

Bənzər yazılar

Back to top button