CəmiyyətGündəmXəbərlər

Rəsulzadənin Aşura ilə bağlı fikirləri: “Bu hal Kərbəla şəhidini məzarında rahatsız etməkdədir”

Aşura İslam tarixinin ən böyük faciəsi hesab edilən Kərbəla müsibətinin ən pik nöqtəsidir. “Aşura” ərəbcə, “onuncu gün” deməkdir. Yezid ibn Müaviyə İslamı tamam yox etmək üçün peyğəmbər ailəsinin üzvləri ilə həddindən artıq qeyri-bərabər döyüşdə qarşılaşır. Kərbəla düzündə min bir əziyyətə düçar olan İmam Hüseyn və 72 tərəfdarı məhərrəmlik ayının onuncu günündə şəhid olurlar.

Bu gün də bəzi İslam ölkələrində məhərrəmlik matəm ayı kimi qeyd olunur, aşura xüsusi şəbihlərlə xatırlanır. Təbii ki, bəzi ölkələrdə, eləcə də Azərbaycanda uzun illər aşura günü ifrat “şəriət qaydaları” ilə müşahidə olunub. İmamların böyük xarakterinin tərənnümü, təəssüf ki, ayrı bir müstəvidə insanlara çatdırılıb. Bu barədə danışmağa, yazmağa dəyməz. Yazıldıqda yazılıb, deyildikcə də deyilib…

Aşura günü ilə bağlı Azərbaycan Cümhuriyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin qeydlərini diqqətə çatdırırıq. “İqbal” qəzetinin 1914-cü il, 14 noyabr sayında işıq üzü görən məqalədə müəllifin dəsti-xəttini saxlayırıq:

“Vaqieyi-Kərbəlanı çox eşitmişik. Əhli-beytin məzlumiyyətlərini, min dürlü şəkil və növdə dinləmişik. Aşura gününün məzaliminə hər sənə göz yaşı və baş qanı tökərək gəlmişik. Gözlərimizlə bədənimizi zorlayaraq bu xüsusda əcirlər gözətləmişik. Yalnız bu, qiyamətə qədər böyük bir tufani-müsibət qoparan vaqeə haqqında ən az işlətdiyimiz bir şey vardır: əql!

Halbuki, bu kimi ictimai və siyasi vaqeələrdən istifadə edə bilmək və hikmətinə lüzumunca aşina ola bilmək üçün hissiyatı bihudə yerə sərf edən göz yaşlarından ziyadə bundan faydalı nəticələr istehsal edə biləcək əqllə göz yaşlarını siləcək və millətlərə təskinlik bəxş edəcək bu böyük qüvvətə müraciət etməli və Aşura vaqeəsi üzərində düşünülməlidir.”

“Hüseyni məzlum bilib də halına ağladığımız halda hər qism bəla və müsibətləri ancaq ağlamaq və yalnız ağlamaq təriqi ilə istiqbal etmək məzlumiyyətinə öyrənən bizlər, imamın bu böyük ruhu ilə aşina olub ona imtisal etmək xəyalında heç olmuyoruz. Bəlkə də bu hal Kərbəla şəhidini məzarında da rahatsız etməkdədir. Əqidə, amal və məsləki yolunda ölümünə razı olub da nəfsini fəda edən kim olursa olsun böyükdür!”

moderator.az

Bənzər yazılar

Back to top button