Bakı sakini: “Mübariz Qurbanlı and içsin ki, dəbdəbəli villanı halal pulla tikib…”

by Aztoday Xəbər Portalı

Neyir Alxasov: “Marketimə bitişik özünə dəbdəbəli villa ucaldıb”

Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sakini Neyir Alxasov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdan şikayətçidir.

O, bu barədə prezident İlham Əliyevə mürciət ünvanlayıb.

Müraciətdə deyilir: “Cənab Prezident! Sizdən xahiş edirəm ki, mənə köməklik edəsiniz. Sizin ədalətinizə sığınıram. Xəzər rayonu Mərdəkan qəsəbəsində mənə məxsus olan “Ayka” marketimdə yaranan qəzalı vəziyyətə görə həm mənim həyatım, həm də marketimə daxil olan müştərilərimin həyatı təhlükə altındadır. Buna səbəb isə qonşuluğumda özünə qeyri-qanuni villa tikən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdır”.


Bakı sakini Arqument.az-a deyir ki, Mübariz Qurbanlı onun marketinə bitişik özünə dəbdəbəli villa ucaldıb: “Hələ üstəlik qaz və su xətlərini mənim marketimin içindən çəkib. Bu qaz və su xətlərini mənim marketimdən yığışdırmasını ondan xahiş etsəm də, sözümü qulaqardına vurdu. Mübariz Qurbanlı bununla yanaşı, tikdiyi villasının hasarını marketimə birləşdirib. Tələbim odur ki, hasarını da söküb marketimdən aralıda tiksin”.

Deyir ki, Mübariz Qurbanlı yenə də onun tələbinə məhəl qoymayıb və Neyir Alxasov ölkə başçısına şikayət etmək məcburiyyətində qalıb: “Mən bütün bunlardan sonra Mübariz Qurbanlının özbaşınalığından sizə və digər qurumlara məktubla müraciət etməyə başladım. Çox təəssüflər olsun ki, sizə yazdığım məktubları masanızın üstünə qoyan olmadı. Daha sonra Qurbanlı məni məhkəməyə verdi. Məhkəmədə hakim ədalətli qərar verdi. Onun iddiası əsassız hesab edildi”.

Alxasov deyir ki, əsl fəlakəti də bundan sonra başlayıb: “Bundan sonra Mübariz Qurbanlı məni vergi müfəttişləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polislə qorxutmağa başladı. Dəfələrlə polis şöbəsinə aparıldım. Amma bütün bunlara baxmayaraq sizə sığınaraq heç kimdən qorxmadım. Mən marketimin üstündə artırma işləri aparıb, marketimi genişləndirmək və əlavə adamları işə cəlb etmək istəyirəm. Mübariz Qurbanlı isə tikinti işi aparmağıma mane olur”.

“Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir, guya Allah adamıdır. Amma gəlsin Qurana and içsin ki, bu dəbdəbəli villanı halal pulla tikib. Sizdən xahişim odur ki, mənim problemimin həll edilməsi üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz”, – deyə o bildirib.

Arqument.az Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdan şikayətlə bağlı münasibət öyrənə bilməyib.

Bənzər Yazılar