AnalitikaDünya

Ermənistanda çevriliş şousu və ya Paşinyanın hiyləgər gedişi (TƏHLİL)

Artıq Ermənistanda hərbi çevriliş planının bu dəfə baş tutmadığını əminliklə demək olar. 25 fevralda İrəvanda yaşanan hadisələrdən sonra müxalifətin kiçik aksiyaları müşahidə edilsə də, Ermənistanda bu gün siyasi proseslər normal məcraya dönüb. Müşahidəçilərin fikrincə, Paşinyan artıq bütün siyasi proseslərə nəzarəti ələ alıb və bundan sonrakı addımlarında daha qətiyyətli hərəkətlər edəcək.

Maraqlıdır ki, Ermənistanda yaşanan çevriliş prosesini oyun adlandıranlar da az deyil. Belə ki, adətən hərbi çevrilişlərin nəticəsiz qalması qeyri-adi hadisə kimi qiymətləndirilir. Bir-neçə hal istisna olmaqla müxtəlif ölkələrdə baş vermiş hərbi çevrilişlər hakimiyyət dəyişikliyi ilə nəticələnib. Bu baxımda dünən Ermənistanda yaşanan çevriliş prosesində Paşinyanın ailə üzvləri ilə birlikdə rahatlıqla tərəfdarlarının iştirak etdiyi aksiyada iştirak etməsini də təsadüf saymaq olmaz. Çünki 44 günlük döyüşlərdə Paşinyan ekstermal vəziyyətlərdə necə qorxduğunu bir-neçə dəfə nümayiş etdirmişdi.

Baş verən proseslərin xronoloji ardıcıllığı deməyə əsas verir ki, çevriliş prosesi əvvəlcədən planlaşdırılıbmış. Yəni, Paşinyan Rusiya silahlarına qarşı açıqlama verəcək, sonra belə bir tamaşa düzəldəcəyik, hamı deyəcək ki, Rusiya Paşinyanı devirmək istədi və alınmadı. Tətbiqi politoloqiyada bu, mümkün real çevriliş cəhdlərinin qarşısını almağın ən yaxşı yolu hesab olunur. Belə ki, çevriliş şousu hakimiyyət komandasının üzvlərinin sadiqliyindən tutmuş, gizli düşmənləri üzə çıxartmaq üçün də istifadə oluna bilər. Dünən İrəvanda hakimiyyət tərəfindən təşkil olunmuş mitinqdə dövlət qurumlarının, xüsusi ilə də güc qurumlarının bir-birinin ardınca Paşinyana dəstək verməsi ilə bağlı səslənən açıqlamalar da buna hesablanmışdı. Buna qədər isə Paşinyanın real əleyhdarları ona qarşı çevriliş planlarını açıq-aşkar bildirirdilər.

Başqa tərəfdən isə Paşinyanı istefaya çağıran Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyanla bağlıdır. Belə ki, Paşinyanla Qasparyan yerlidirlər. Qasparyan İcevan şəhərindəki 5 nömrəli, Paşinyan isə 1 nömrəli məktəbdə oxuyub. İki məktəb arasındakı məsafə 500-600 metr civarındadır. Qasparyanın vəzifə pillələrindəki yüksəlişində də yerlisinin böyük rolu olub. Qasparyan peşəkar hərbçi olmasına və uzun illər orduda xidmət etməsinə baxmayaraq, general rütbəsini yalnız Paşinyan hakimiyyətə gəldikdən sonra alıb. Həm də onu Baş Qərargahın rəisi təyin edən də Paşinyandır. Müharibə dövründə də Qasparyan Paşinyanın ən etibarlı adamlarından biri olub. Ermənistan, Azərbaycan və Rusiya arasında bağlanan 10 noyabr atəşkəs sazişini də Paşinyan Qasparyanla məsləhətləşdikdən sonra imzalayıb.

Proqnozlara görə, Paşinyan bundan sonra əleyhdarlarını, xüsusi ilə Rusiya ilə çox sıx əlaqələri olan Qarabağ klanını sıradan çıxartmaq üçün əməli addımlar atacaq. Artıq onun yerinə ən iddialı namizəd sayılan Manukyana qarşı cinayət işi açılıb. Eyni cinayət işinin Qarabağ klanının liderləri Köçəryan və Sarkisyana qarşı açılacağı da istisna deyil…

Orxan Həsənli

Mənbə: Qaynarinfo.az

Bənzər yazılar

Back to top button