Dünya

Ermənistan böhranı və Ankaranın açıqlamaları: Erməni ekspertlər Ərdoğanı belə təhlil etdi

“Ermənistandakı daxili siyasi böhran qonşu Türkiyədə əsl ajiotaj yaratdı. Bütün ölkələr tərəfləri danışıqlar masasına oturmağa və məsələni konstruktiv şəkildə həll etməyə çağırırdıqları halda rəsmi Ankara üç dəfə İrəvan hadisələrindən narahatlığını dilə gətirməyə tələsdi”.

Qaynarinfo xəbər verir ki, bu fikirlər “Sputnik Ermənistan”ın bu günkü məqaləsində yer alıb. Məqalədə daha sonra
deyilir:

“Mütəxəssislər artıq Türkiyənin Ermənistanın daxili işlərinə bu cür müdaxiləsini ən azından anlaşılmaz, görünməmiş və yalnız təxmin edilə bilən bir sıra suallar doğuran problem adlandırdılar. Vəziyyəti bir az da Xarici İşlər Nazirliyinin təmsil etdiyi rəsmi İrəvanın hələ də Türkiyə tərəfinə cavab verməməsi qızışdırdı.

25 fevralda Ermənistanda baş verən hadisələr barədə ilk danışan Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu “çevriliş cəhdi”ni qınadı. Bundan əlavə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi vəziyyəti şərh etdi və ertəsi gün Türkiyə dövlət başçısının özü bir açıqlama verərək Ankaranın istənilən çevrilişə qarşı olduğunu vurğuladı.

İrəvan Dövlət Universitetinin (EDU) Beynəlxalq əlaqələr və diplomatiya kafedrasının dosenti, tarix elmləri namizədi Qriqor Balasanyan “Sputnik Ermənistan”a verdiyi müsahibəsində Türkiyə rəhbərliyinin verdiyi açıqlamaların bir sıra suallar doğurduğunu və bunlara hələ də cavab olmadığını qeyd edib.

“Türkiyədən başqa heç bir ölkə, heç bir siyasi qüvvə Ermənistandakı hadisələri hərbi çevriliş cəhdi kimi xarakterizə etmədi. Bunu yalnız Ermənistanın Baş naziri Nikol Paşinyan və rəsmi Ankara bəyan etdi. Ən azından Ermənistanda baş verənlərlə bağlı Türkiyənin həddindən artıq hazırlıq və narahatlığı qəribə görünür”, – Balasanyan deyib.

Onun sözlərinə görə, gerçəkdən Ermənistanda görünməmiş daxili siyasi vəziyyətyaranıb, belə ki, son 30 ildə Silahlı Qüvvələrin Baş Qərargahı heç bir böhran vəziyyətində belə bir açıqlama verərək, mövcud dövlət başçısının, Ali Baş Komandanın istefası üçün çağırış etməyb. Balasanyan Baş Qərargahın ordunun proseslərə qarışması ilə bağlı heç bir açıqlama vermədiyini qeyd edib.

Bu kontekstdə Ərdoğanın reaksiyası aydın deyil. Balasanyan Türkiyə liderinin narahatlığının Ermənistandakı bəzi hakimiyyət nümayəndələri ilə “Erməni Soyqırımı” mövzusunda bəzi razılaşmalarla əlaqəli ola biləcəyini qeyd edib.

Ekspert həmçinin 2020-ci ilin sonunda “Erməni Soyqırımı Muzey-İnstitutu” rəhbərliyinin bəzi maliyyə dəstəyi üçün Türkiyəyə müraciət etdiyi və ya Ankara tərəfindən maliyyələşdirilən bir layihədə iştirak haqqında bir razılaşma imzaladığı barədə mətbuatda məlumatlar yayıldığını xatırladıb. O vaxt Ankaranın artıq mütəxəssis göndərməyə hazır olduğu da qeyd edilir. Lakin Muzey-İnstitut bununla bağlı heç bir açıqlama verməyib.

“Bəlkə də Ərdoğanın Ermənistandakı müəyyən güc dairələri ilə müqavilələri var və onun narahatlığına da bu səbəb olub”, – Balasanyan sual edib.

Öz növbəsində türkoloq Tiran Lokmagezyan Ankaranın narahatlığını Ərdoğanın Ermənistan baş nazirinin istefa edəcəyindən qorxması ilə izah edib.

“Ermənistanda baş verənlər baş nazirin istefası prosesinin başlanğıcı ola bilər. Bu, Türkiyəyə xoş gəlmir, çünki Ankara hələ bölgədə hökm sürən reallıqlarla bağlı müəyyən baxışlara və gözləntilərə sahibdir. Nə qədər ki, proses başa çatmayıb, Ermənisatanda hakimiyyət dəyişikliyi Türkiyəyə sərf etmir”, – Lokmagezyan deyib.

Onun sözlərinə görə, Ankara Qarabağ məsələsinin həll olunduğunu hesab edir, amma növbəti məsələ Ermənistandır. Türkiyə Osmanlı İmperiyasını yenidən qurma planını tamamlamaqla yanaşı, qısa müddətdə Azərbaycana bir yol almaq istəyir. Ankara Ermənistandakı mövcud iqtidar dövründə buna nail ola biləcəyinə inanır”.

Bənzər yazılar

Back to top button