Sağlamlıq

Mütəxəssislərin Azərbaycanda vaksinasiyanın sürəti haqqında rəyləri

Azərbaycan koronavirusa qarşı vaksinlərin bütün istehsalçıları ilə müqavilə bağlayıb. Bu barədə dünən, fevralın 26-da yerli və xarici jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında prezident İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, buna baxmayaraq, Azərbaycan vaksinlərin çoxunu, hələ ki, almayıb və alacağı vaxt bəlli deyil. “Biz “AstraZeneca” vaksinini çoxdan almalı idik. Almamışıq. Artıq bir neçə aydır ki, almamışıq. “Sputnik” vaksinini də almamışıq. “COVAX” təşəbbüsü üzrə “Pfizer” və “Moderna” peyvəndlərini almalı idik, almamışıq. Özü də bizə onları nə vaxt alacağımızı demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər”.

Yanvarın 16-da Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, Azərbaycana Çində istehsal edilən “CoronaVac” vaksininin bir hissəsi gətirilib. Ümumilikdə isə “CoronaVac” vaksininin istehsalçısı “Sinovac” şirkətinin regional nümayəndəliyindən 4 milyon doza vaksin alınması nəzərdə tutulub. Ş.Mövsumovun sözlərinə görə, Azərbaycana gətiriləcək 4 milyon vaksin 2 milyon insan üçündür.

Bəs digər istehsalçılar Azərbaycana vaksinin gətirilməsini gecikdirsələr Azərbaycanda vaksinasiya ilə bağlı problem yaranacaqmı? Belə olan halda Azərbaycan höküməti nə kimi addımlar atmağı düşünür?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı Turan-a bildirib ki, müqavilə imzalanmış istehsalçı şirkətlər Azərbaycana vaksinləri verəcək. “Verməyəcəklər söhbəti ola bilməz. Çünki onlarla müqavilə imzalanıb. Çatdırmasalar, Çindən yeni partiyalar sifariş ediləcək. O ki, qaldı ölkədəki vaksinlərin sayına, bununla bağlı problem yoxdur”.

Deputat qeyd edib ki, Azərbaycanın 10 milyon əhalisi var, onlardan 2 milyon 700 minə yaxını 18 yaşa qədər uşaqlardır. “Uşaqlara, hələ ki, heç bir ölkədə vaksin vurulmur. Ən vacib məqsəd hazırda risk qrupuna aid olan insanları vaksinasiya etməkdir və onların hamısına birmənalı olaraq vaksin vurulacaq. Bu, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda öz əksini tapıb. Həmin risk qruplarına aid olan insanların sayı 2 milyon eləmir. Biz risk qruplarına aid olan insanları vaksinasiya etməklə çox böyük təhlükənin qarşısını almış oluruq”.

M.İbrahimqızı vurğulayıb ki, bəzi ölkələrdə yaşı 65-dən yuxarı olan insanlar, hələ ki, vaksinasiya prosesinə cəld edilməyib. “Bizdə isə poliklinikalarda artıq 50 yaşdan yuxarı insanlara vaksin vurulması prosesi başlayıb. Demək istəyirəm ki, bizdə olan 2 milyon nəfərlik doza, hələ ki, risk qruplarına aid olan insanlara da, müəllimlərə də, əsgərlərə də çatır”.

Komitə üzvü qeyd edib ki, vaksinasiya prosesi zaman tələb edən prosesdir. “83 milyonluq Almaniyada, baxmayaraq ki, özləri vaksin istehsalçılarıdır, hələ ki, 3 milyon nəfərə vaksin vurulub. Həm Almaniyada, həm Azərbaycanda hər şəhərdə, rayonda vaksin vurulması üçün şərait var, sadəcə bu işin həcmi çox böyükdür. Əminəm ki, milyon insanı vaksinasiya edənə qədər digər vaksinlər də ölkəyə gətiriləcək”.

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da hesab edir ki, 4 milyon doza ilə vaksinasiya xeyli vaxt tələb edir. “Vaksini 10 milyon doza alsaq da, bunun qısa müddətdə bütün əhaliyə tədbiq etməsi çətin məsələdir”.

V.İsmayıl qeyd edib ki, peyvəndin vurulması miqyasından və sürətindən daha vacib məsələ var. “Biz, hələ ki, peyvəndin həqiqətən də effektiv olub-olmamağını bilmirik və bunu heç bir ölkə bilmir. Çünki peyvənd hələ təzə tədbiq olunmağa başlayıb. Əgər həqiqətən görünsə ki, peyvəndlənmənin cəmiyyətdə xəstəliyin yayılması üzərində həqiqətən də effekti var, onda, əlbəttə ki, istehsalın həcmi də artırılacaq, peyvənd siyasəti sərtləşdiriləcək, peyvəndlənmə daha geniş vüsət alacaq. İndi, hələ ki, yoxlayırlar, görsünlər peyvənd həqiqətənmi təsir yaradır?”.

Ekspert qeyd edib ki, Azərbaycan bütün vaksin istehsalçıları ilə müqavilə bağlayıb deyə, ölkənin vaksinsiz qalmaq riski yoxdur.

Azərbaycanın Çinin “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var). Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirdiyinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.

Azərbaycanda vaksinasiya prosesi yanvarın 18-dən başlayıb. İlkin mərhələdə tibb işçiləri, 65 yaşdan yuxarı olan şəxslər və polis işçiləri vaksinasiya prosesinə cəlb olunub. Səhiyyə Nazirliyinin məlumatına görə, artıq 200 mindən artıq insan vaksinasiya olunub.

Bənzər yazılar

Back to top button