Dünya

Ərdoğan seçkiyə gedir: Kürəkənini yenidən siyasətə qaytarır

19 ildən bəri iqtidarda(cənab Erdoğanın hökumətləriylə 18 ildən bəri) olan AKP-nin vilayət konfransları başa çatarkən növbəti qurultayın tarixi də bu günlərdə müəyyənləşəcək.

Vİİ qurultay öncəsindəki vəziyyət heç bir baxımdan əvvəlkilərə bənzəmir; bəli, 1990-cı illərin əvvəlindən başda cənab Erdoğan olmaqla,bu adamların bir qisminin fəaliyyətini Erbakanın Refah Partiyasında yaxından izləmişəm,2 000-ci ilin mayında “yenilkçilər”in oradan ayrılaraq Erdoğanın liderliyində təşkilatlanmaları isə sanki dünən oldu.

”Qeyri-adi” demirəm, çünki Recep Tayyip Erdoğan heç bir şeyin qeyri-adi vəziyyətə gəlməsinə icazə verən bir siyasətçi deyil. Ona görə “diqqəti daha çox cəlb edən” mənzərə demək yerində olacaq. AKP Vİİ qurultayının diqqəti daha çox cəlb etməsinin birinci səbəbi- vilayət konfranslarının epidemiya şəraitində keçirilməsinə rəğmən partiyanın qurucu lideri Erdoğanın hər konfransda daha yüksək hədəflər açıqlamasıdır.

İctimai rəy sorğuları 19 illik iqtidar partiyasının reytinqini son seçkidəkindən ən az 10% aşağıda göstərərkən cənab Erdoğanın bu həmlələrinə qibtə etmək lazımdır.

Vİİ qurultay ərəfəsindəki diqqəti cəlb edən başqa bir mühüm cəhət- AKP lideri və dövlət başçısının, İzmir vilayət konfransında kürəkəni Berat Albayrakın fəaliyyətinə güclü dəstək verməsiydi.

2015-ci ildə millət vəkili olub enerji naziri kreslosuna oturan kürəkən Berat Albayrak sistemi dəyişdirən 24 iyun 2018 seçkisindən sonra qurulan hökumətdə xəzinənin və maliyyənin məsuliyyətini öz üstünə almış ancaq həm valyuta bazarındakı çalxantılar həm də Mərkəzi Bankın faiz siyasətinin iqtisadi göstəriciləri çox pis vəziyyətə salmasıyla keçən ilin noyabrında instagram vasitəsiylə istefasını açıqlamışdı.

O vaxtdan bəri heç kimin dəqiq məlumat ala bilmədiyi kürəkən Albayrakın adının birbaşa prezident tərəfindən gündəmə gətirilərək hərarətlə müdafiə edilməsi valyuta bazarında kəskin dalğalanmaya səbəb oldu; ümumiyyətlə,təkcə valyuta bazarı yox, iqtisadi sistem oyunçularının böyük qismi Albayrak soyadına mənfi münasibət bəslədiyi halda dövlət başçısının onu tərifləməsinin altında cürbəcür mənalar axtarıldı.

”Ailə” məfhumunu da işin içinə qataraq dövlət başçısının öz kürəkənini 4 aylıq qeybdən sonra bu qədər açıq müdafiə etməsi 2 ehtimalı gücləndirdi. Birinci ehtimal daha real görünür çünki Albayrakın yenidən hökumətə qayıtması və hətta ona vitse-prezident vəzifəsi verilməsi çətin deyil və prezident bunu edəcəksə, demək,çoxdan da çox variantı hesaba qataraq bu addımı atacaq. İkinci ehtimal isə yayda erkən seçki keçirilə biləcəyi ilə əlaqədardır. Vilayət konfranslarının birindəki çıxışında AKP lideri “Orucluqda ev-ev gəzib daha çox çalışmaqdan və ondan sonrakı proseslərə hazırlaşmaqdan” bəhs edincə onun sözləri bu ilin yayında vaxtından əvvəl seçki keçirilə biləcəyi kimi şərh edildi.

Cənab Erdoğanın “orucluqdan sonra seçki keçirmə” praktikasını siyasəti izləyənlər yaxşı bilirlər və son sözlərini də o praktika çərçivəsində analiz etməyin doğru olacağını yazıb-deyənlərin sayı heç də az deyil. Bu baxımdan kürəkən Albayrak seçki ərəfəsində cənab Erdoğana hava və su kimi lazımdır, onun bu aylardakı proseslərdə kənarda qalması, Türkiyədəki məşhur deyimlə, ”Əşyanın naturasına ziddi olacaqdır”.

Albayrakın yenidən rəsmi vəzifəyə gətirlməsi erkən seçki sonrası AKP-nin müqəddəratı baxımından da cənab Erdoğan üçün həyati dərəcədə önəmlidir. Zira seçkinin nəticəsindən asılı olmayaraq,Erdoğanın,partiya lideri kreslosunu tərk edəcəyinə dair söz-söhbətlər də getdikcə artmaqdadır.

Doğruluq payının heç də az olmadığı bu iddianın Erdoğanın indiyə qədər izlədiyi siyasət çizgisi çərçivəsində analizi partiya sədri vəzifəsinə Berat Albayrakın gətirilməsi ehtimalının da zəif olmadığını deməyə imkan yaradır. Çünki xüsusilə,s on 10 ildə Qara dəniz mənşəli siyasətçilərin çiyinləri üzərində duran AKP təşkilatlarını eyni siyasət doktrinasını pozmadan təkcə Berat Albayrak ayaq üstündə saxlaya bilər (irəli apara bilməsə də). Ona görə bazar ertəsindən gec olmamaq şərtiylə mart ayının Türk siyasəti üçün böyük önəm ərz edəcəyini indidən yazmaqda heç bir qəbahət olmadığına inanırıq.

İşin başqa bir qəribə tərəfi- iqtidarın kiçik ortağı Milliyyətçi Hərəkat Partiyasının da martda növbəti qurultayını keçirəcəyidir. Türk siyasətini izləməyə davam edərkən yazıya aşağıdakı sualla nöqtə qoymaq məqsədəuyğun olacaqdır:

“Bir lövhə bir mandat” partiyaları da qurultay keçirəcəklərmi yoxsa cənab Ədalət Vəliyev onlara zəhmət verməyib qurultay işini də özü həll edəcək? (Turan)

Bənzər yazılar

Back to top button