Pedoqoji Universitet Əli Həsənovun şirkəti ilə müqavilə bağladı

by Aztoday Xəbər Portalı

Azərbaycan Dövlət Pedoqoji Universiteti (ADPU) bu gün 2020-ci il (?) üçün mətbuatın dövri abunə xidmətinin satınalınması ilə bağlı “Azərmətbuatyayımı” ASC ilə müqavilə bağlayıb.

Qaynarinfo xəbər verir ki, satınalma müqaviləsinin qiyməti 35 min 488 manat 80 qəpik olub.

Qeyd edək ki, 2007-ci ildə yaradılan “Azərmətbuatyayımı” ASC-nin nizamnamə kapitalı 345 min 304 manatdır. Şirkət Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 30 K ünvanında qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi isə Süleyman Əli oğlu Salmanovdur.

Süleyman Salmanov həm də “Kaspi Mətbuat Yayımı” MMC-nin qanuni təmsilçidir.

Hər iki şirkət Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənova məxsusdur.

Belə ki, “Azərmətbuatyayımı” ASC-nin səhmləri 2008-ci ilin əvvəlində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən keçirilən investisiya müsabiqəsində satılıb. Müsabiqənin qalibi “Kaspi Mətbuat Yayımı” MMC olub. “Kaspi Mətbuat Yayımı” MMC həmin vaxt təqdim etdiyi İnvestisiya Proqramına və komitə ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, səhmdar cəmiyyət bir il ərzində 450 min manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürübmüş.

Bu arada qeyd edək ki, ADPU-nun rektoru Cəfər Cəfərovun da adı Əli Həsənovla hallanıb. Rektor mediada daha çox Əli Həsənovun adamı kimi tanınıb. Təsadüfi deyil ki, Əli Həsənov işdən çıxarıldıqdan sonra onun müavinləri işləmiş Ərəstun Mehdiyev və Tahir Süleymanova Pedoqoji Universitetdə iş verilib.

Pedoqoji Universitetlə əlaqə saxlayıb 2020-ci il üçün mətbuatın dövri abunə xidmətinin satınalınması müqaviləsinin 2021-ci ilin martın 1-də niyə bağlandığının səbəblərinə aydınlıq gətirmək istədik. Universitetin mühasibatlığından Qaynarinfo-ya bildirildi ki, əslində müqavilə 2019-cu ilin dekabrın 25-də bağlanılıb. Dövlət Satınlamaları saytında müqavilə ilə bağlı məlumatın bu gün dərc olunmasının səbəbi isə texniki yanlışlıqla izah edilib.

Bənzər Yazılar