Sağlamlıq

FHN-in modil tipli xəstəxanasından şikayət: həkimlər 8 saat işlədilir, 1260 manat əvəzinə 600 manat alırlar

FHN-in modul tipli xəstəxanalarında çalışanlardan xeyli sayda şikayət gəlir. Yazırlar ki, müqavilədə bir məbləğ yazılır, ancaq maaşların yarısı verilir, müqavilədə istirahət günləri göstərilsə də, fasiləsiz şəkildə işlədilirlər.

Afn.az xəbər verir ki, bu haqda ictimai fəal Bəxtiyar Hacıyev bildirib. Onun sözlərinə görə, şikayətçi həkimlər bütün bunlardan sonra da ixtisara salınıb, bəzi hallarda o yarı maaşlarının da verilməməsindən şikayətçidirlər: “İstirahət günü dincəlmək şərtilə, gündə 4 saat iş üçün 1260 manat maaşa imza atıb, istirahət günü olmadan gündə 8 saat işlədilib, əvvəlcə 1000, sonra 600 manat maaş aldıqlarını deyirlər”.

B.Hacıyev daha sonra şikayətçilərin anonim qalmaq istəmələrindən gileylənib: “Bu mövzuda bir dəfə də yazmışdım, ölkə 2020-də iki müharibə apardı. Birini Qarabağda erməni separatçıları ilə, digərini xəstəxanalarda koronavirus pandemiyasına qarşı. Hərbçilərin maaşları yarıya endirildi, koronavirusla mübarizə aparanları da belə edirlər. Birinci dəfə yazanda müstəqil mediadan bəzi jurnalist dostlar əlaqə saxlayıb, danışacaq adam axtardılar. Şikayətçilər isə “atam dövlət işində işləyir”, “hələ orada işləyirəm”, “qorxuram problem olar” və s. deyib, danışmaqdan yayındılar.
Əgər haqlarınız pozulursa, özünüz də bunun müdafiəsinə qalxmalısınız. Əks halda, məlumat ötürüb, “siz ictimailəşdirin, biz danışmayaq” deyəcəksinizsə, heç nə düzəlməyəcək”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Bənzər yazılar

Back to top button