İqtisadiyyat

Komitə avtomobillər üçün sürtkü yağlarını diş klinikasından aldı? – FOTOFAKT

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibləri məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibləri “Neodent S” MMC (VÖEN- 2003559061) və “Avtodoktor” MMC (VÖEN- 2005345931) olub.

“Avtodoktor” MMC Komitəyə məxsus nəqliyyat vasitələrinin cari təmirini həyata keçirəcək və bu iş üçün 5 min 900 manat alacaq. “Neodent S” MMC isə Komitəyə məxsus nəqliyyat vasitələri üçün 6 min 507 manat dəyərində sürtkü yağları satacaq.
Məlumat üçün bildirək ki, hər iki MMC eyni ünvanda – Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov, ev 6-da yerləşir. Hər iki şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir. Hər iki şirkətin qanuni təmsilçisi eyni şəxsdir – Güləliyev Vidadi Haxverdi oğlu. “Neodent S” MMC 26.10.2015-ci ildə, “Avtodoktor” MMC isə 07.12.2018-ci ildə dövlət qeydiyyatına alınıb.
Maraqlı məqamlardan biri odur ki, Xətai rayonu Fəzail Bayramov ev 6 ünvanında “Avtodoktor” adlı avtomobillərin təmiri və texniki xidməti mərkəzi ilə bərabər “Neodents” adlı diş klinikası da fəaliyyət göstərir.

Qeyd edək ki, “Neodent S” MMC ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin təmirilə əlaqədar keçirilən tender müsabiqələrində də qalib gəlib.


Bənzər yazılar

Back to top button