Koronavirusa yoluxma statistikası artıb

by Aztoday Xəbər Portalı

Son günlərdə Azərbaycanda koronavirusa yoluxma statistikası artıb. Martın 1-də ölkə üzrə yoluxma sayı 125 olduğu halda növbəti gün bu göstərici artaraq 352 olub. Həmçinin koronavirusa yoluxanlarla sağalanlar arasında fərq də kəskin artıb.

Ölkədə aparılan vaksinasiya fonunda yenidən yoluxmaların artmasının səbəbi nədir? Yoluxma sayının artması vaksinasiya prosesinə əngəl olacaqmı?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı Turan-a bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda koronavirusa yoluxmaların sayı az olsa da, yoluxanlarla sağalanlar arasında artan fərq artıq narahatedicidir. “Yoluxanların sayı əhalinin ümumi sayına və digər ölkələrdəki statistikaya görə pis rəqəm deyil, amma sağalma ilə xəstələnmə arasındakı kəskin fərq narahatedicidir. Artıq xəstələnənlərin sayı sağalanlardan iki dəfə çoxdur. Hesab edirəm ki, Operativ Qərargah bu tendensiyanı azaltma tədbirləri ilə bağlı düşünür”.

Deputatın fikrincə, son vaxtlar Azərbaycanda karantin rejimi çox yumşalıb. “Bizdə son vaxtlar yumşalma çox olub. Gözəllik salonları, restoranlar, məktəblər, uşaq bağçaları açılıb. Məsələn, Almaniya və Avstriyada yalnız martın 1-dən uzun fasilədən sonra bərbərxanalar açılıb. Ora girişə isə ekspress testin nəticəsi neqativ olandan sonra icazə verilir. Bizdə isə, çox təəssüf ki, gözəllik salonlarında, restoranlarında bu praktika yoxdur. Bizdə yoluxanların sayı aşağı düşmüşdü, sağalanların sayı çox idi, amma görünür ki, bizdə insanlar bu koronavirus mühitində yaşamaq vərdişlərinə tam alışa bilmir. Düzdür, indi insanlar maska məsələsində daha çox intizamlıdır və qaydalara əməl etməyə çalışır, amma restoranlarda, insanlar sıx təmasda olan yerlərdə maska məsələsinə o qədər də ciddi yanaşılmır”.

Komitə üzvü qeyd edib ki, koronavirusa qarşı vaksinasiya prosesi başlayandan qısa müddət sonra xəstəlikdə artım tendensiyası təbiidir. “Vaksinasiya iki mərhələli aparılır. Birinci vaksin vurulandan 28 gün sonra ikinci doza vurulur. Azərbaycanda peyvənd ilk tibb işçilərinə vurulub və onlara ikinci peyvəndin vurulması mərhələsi təzəlikcə bitib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vaksinin ikinci dozası vurulandan 15 gün sonra immunitet yaranıb-yaranmamasını yoxlamaq üçün test edilir. Qurumun bildirdiyinə görə, bəzi insanlarda hətta peyvənddən sonra immunitet yaranmaya bilir. Azərbaycanda isə, hələ ki, yalnız həkimlər vaksinasiyanın ikinci mərhələsindən keçiblər və hazırda antikor testləri edilir”.

M.İbrahimqızı vurğulayıb ki, indiki dövr daha həssasdır. “Hərdən elə hallarla rastlaşırsan ki, insanlar vaksinin birinci dozasını alandan sonra çox rahatlaşır, fikirləşir ki, artıq xəstələnməyəcək. Amma bu, yanlış fikirdir. Birinci dozadan sonra qanda anticisimlər, ikinci dozadan sonra isə maksimum immunitet yaranmağa başlayır”.

Bununla belə, deputat düşünür ki, Azərbaycanda koronavirusla bağlı proqnozlar nikbindir.

Tibb elmləri doktoru Adil Qeybulla “AzadlıqRadiosu”na bildirib ki, son vaxtlar koronavirusa yoluxma sayı artmaqdadır və bunun səbəbi ondadır ki, sosial həyatın ayrı-ayrı sahələri yumşaldıqca karantin rejiminə riayət etmə arxa plana keçib. “İctimai nəqliyyat bizim ən zəif yerimizdir. Bu günə qədər pandemiyanın Azərbaycanda bu şəkildə yayılmasında, təmasların artmasında ictimai nəqliyyatın günahı az deyil. Bu sahədə biz qayda-qanuna nail ola bilmədik. Avtobuslarda yaranan basabasları kənardan müşahidə etsək, buna bir daha əmin olarıq”.

Ekspert qeyd edib ki, bundan əlavə, məktəblərin, ayrı-ayrı kafe və restoranların fəaliyyəti də yoluxma sayının artmasına şərait yaradır. “Bundan başqa Britaniya ştammı və digər mutogen formaların yayılması reallıqları var. Bunlar haqda Azərbaycan üzrə dəqiq məlumat hələlik əlimizdə yoxdur”.

A.Qeybulla hesab edir ki, epidemioloji vəziyyətdən asılı olaraq situasiyaya dəyər veriləcək. “Vəziyyət pisləşərsə karantin qaydaları yenidən sərtləşdirilə bilər. Vəziyyət bu şəkildə davam edərsə, indiki situasiyada sərtləşməyə heç bir lüzum yoxdur”.

Bənzər Yazılar