Hadisə

Suvarma Sistemləri İdarəsinin rəisi cərimələndi – 4000 manat

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Ağsuçayın Ağsu şəhəri ərazisindən keçən hissəsində, Natəvan küçəsində və Ülgüc kəndinə gedən yolun sağ tərəfində tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən ərazilərə keçirilən baxış zamanı bərk mənşəli müxtəlif tərkibli tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı və qalaqlandığı aşkar edilib.

Faktla bağlı sözügedən ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 4000 manat məbləğində cərimə edilib.

Yol verilmiş qanun qozuntularının aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün Ağsu rayon Suvarma Sistemləri İdarəsinin, eləcə də Ağsu Kommunal Müəssisələr Kombinatının və Ağsu şəhər bələdiyyəsinin rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Bənzər yazılar

Back to top button