Hadisə

DİN-dən “Park İnn” hotelində karantin qaydalarının pozulması xəbəri ilə bağlı AÇIQLAMA – VİDEO

Sosial şəbəkələrdə paytaxtın Səbail rayonunda yerləşən otellərdən birində xüsusi karantin rejiminin pozulması ilə bağlı yayılan görüntülər araşdırılıb.

DİN Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, tədbirin keçirildiyi gün polis əməkdaşları həmin ünvana yaxınlaşarkən orada keçirilən tədbirin konfrans xarakterli olduğu və sosial məsafə ilə bağlı tələblərə əməl edildiyi müəyyənləşib.

Konfrans pandemiya şəraitində qanunla nəzərdə tutulan normalar çərçivəsində təşkil olunub, yalnız səhnədə çıxış edən şəxslər tibbi maskadan istifadə etməyiblər.

***17:28

Bakıda karantin olmasına baxmayaraq, hotellərin birində kütləvi tədbir keçirilib.

BAKU.WS xəbər verir ki, martın 1-də “Park İnn” hotelində “Türkiyə Zirvə Ödülləri”nin təqdimat mərasimi keçirilib. Tədbirdə bir çox tanınmışlar da iştirak edib.

Mərasimdə 50 nəfərdən artıq şəxs toplaşıb. Hətta ara məsafə belə gözlənilməyib və bəzi şəxslər maska taxmayıblar.

Videogörüntülərdən də aydın olur ki, mükafatlandırma mərasimində karantin qaydaları pozulub.

Təşkilatçı İlmirzə Ağabəyovun özü də sosial şəbəkədə bu tədbir barədə paylaşım edib və bunları yazıb:

“Luxury Society Baku” və “Türkiyə Zirvə Ödülləri” layihəsinin çəkim və təqdimetmə mərasimi baş tutdu. Aparıcımız Respublikanın Əməkdar Artisti Elnur Kərimova öz minnətdarlığımı bildirirəm. Mükafat əldə edən hər bir nominantı təbrik edirəm. Gələcək İşlərində uğurlar arzulayıram. Layihə Sosial İzolyasiya qaydalarına uyğun keçirildi. Ən böyük mükafatınız Sizin sağlamlığınızdır”, – deyə bildirib.

Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumun İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu məsələ qurumun səlahiyyətləri çərçivəsindən kənardır.

“TƏBİB-in işi tibbi xidmətin təşkilini təmin etməkdən ibarətdir. Qapanma və ya karantin qaydalarının yumşaldılması qərarı TƏBİB tərəfindən verilmir”, – deyə Elnarə Baxış bildirib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən BAKU.WS-ə bildirildi ki, bu barədə məlumat daxil olub. Rəsmi açıqlama olan kimi ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimində ölkə ərazisində insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Bənzər yazılar

Back to top button