İqtisadiyyatManşet

Azercell “dövlətləşəndən” sonra vəziyyəti necə olub?

Azercell –in prezidenti Vahid Mürsəliyevin ötən ilin yekunu ilə bağlı müsahibəsinə diqqət yetirdim. Qurum hazırda dövlət şirkəti olaraq kifayət qədər ictimai əhəmiyyət kəsb edir. Bu baxımdan hesabat xarakterli müsahibədə xeyli maraqlı, əhəmiyyətli məqamlara toxunulub.

Azercell- in rəhbəri 2019-cu ildə başlanan rəqəmsal transformasiya proqramına əsaslanaraq 2020-ci ilin uğurla başa vurulduğunu qeyd edib.

Hazırda 5 milyon abunəçi ilə ölkənin mobil bazarının 49%-nə nəzarət etdiklərini bildirib.

Amma müsahibədə həm bir çox ictimai əhəmiyyət kəsb edən sualların cavabını tapa bilmədim, həm də ziddiyyətli məqamlarla rastlaşdım.

Bu dövlət şirkətinin rəhbəri ötən il əsas gəlir mənbəyi olan səs trafikinin 14% yüksəldiyini, internet trafikin isə 60% yüksəldiyini qeyd edir.

Amma dərhal da təmiz mənfəətin ötən illə müqayisədə cəmi 1% artaraq 102 miln. manat olduğunu vurğulayıb. Trafikin bu qədər artmasının qarşılğında mənfəətin cüzi artımı anlaşılmazdır.

Ötən il dövlət şirkəti cəmi 58 miln. investisiya yatırıb.

Xatırladıram ki, 2019-cu ildə mənfəət artımı 0.9% olmuşdu.

Müsahibədə qurumun rəhbəri baza stansiyaların normativlərə və beynəlxalq standartlara uyğun olduğunu bildirib. Lakin bu məlumatın hansı lokal və ya beynəlxalq müstəqil qurumun apardığı monitorinqin nəticəsinə söykəndiyini açıqlamayıb.

Adi gözlə müşajidə etmək olar ki, hazırda bizim mobil sektorda olan əsas problemlərdən biri də baza stansiyalarının harada gəldi quraşdırılmasıdır.

Bəzən biz bunları şadlıq evlərin üzərində, məktəblər və uşaq bağçaları yaxınlığında, vətəndaşların həyətlərində, açıq-aşkar normativdən kənar olduğunu müşahidə edirik.

Yeri gəlmişkən, bu problem bütün MDB məkanında var, bəzi ölkələrdə radiofobiya halları daha kəskin olduğundan bir sıra baza stansiyaları etirazlar səbəbindən demontaj olunub.

Xatırlayıram ki, 2019-cu ildə Azercell-də ciddi kadr dəyişiklikləri olmuşdu, o zaman səriştəsiz kadrların cəlb olunduğu vurğulanırdı . “BARAMA” ondan alınmışdı. Azercell-in kimlər üçünsə “qidalanma mənbəyinə” çevrilə biləcəyi haqqında məlumatlar sızdırılırdı.

Qurumun rəhbəri müsahibəsində hazırda şirkətdə sağlam mühitin formalaşdığını diqqətə çatdırıb.

Maraqlıdır ki, müsahibədə bu qurumun dövlət şirkətinə çevriləndən sonrakı vəziyyəti, nə zaman özəlləşdiriləcəyi, AzİnTelekom tərkibində Holdinqin idarəetməsinə verilməsi ilə bağlı yaranan situasiya, 5G ilə bağlı gözləntilər və s. ictimai əhəmiyyət kəsb edən məqamlara aydınlıq gətirilməyib.

Xatırladıram ki Azercell -in səhmlərinin 51,3%-i NRYTN yanında “AzInTelecom” -a, 42,2%-i Türkiyənin “Cenay İletisim” şirkətinə, 6,5%-i isə Maltanın “FA Invest” şirkətinə məxsusdur.

NRYTN 2018-ci ildə Maliyyə Nazirliynin ayırdığı 450 milyon manat vəsaitlə Azercell-in 51,3%-ni Telia Sonera-dan alıb.

Ümid edək Hesabat tam açıqlanandan sonra daha ətraflı tanış ola biləcəyik.

Osman Gündüz, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti

Bənzər yazılar

Back to top button