Dövlət Agentliyindən COVAX-la bağlı daha bir açıqlama

by Aztoday Xəbər Portalı

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi ilə razı deyil”.

AzToday.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlamasında deyilir.

Bildirilib ki, ÜST tərəfindən təqdim edilən məlumatda 29 yanvar tarixinədək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələrin “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub:

“Bəyan edirik ki, bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə, üzvlük müqaviləsində və rəsmi yazışmalarda öz əksini tapmayıb.

Azərbaycan ÜST-ün tövsiyələrini nəzərə alaraq, vaksinasiya strategiyasını təsdiqləyib və COVID-19 vaksinlərinin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib.

Ötən il GAVI, CEPI və ÜST tərəfindən yaradılmış COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycandır.

Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır. Təəssüflə qeyd etmək istərdik ki, təcrübədə bunun əksini görürük.

Bir daha vurğulayırıq ki, Azərbaycan ilk gündən ÜST-ün tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini verib və vətəndaşlarının sağlamlığı üçün qarşıya qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə bu gün də davam edir”.

Agentlikdən qeyd olunub ki, bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir:

“Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir. Hesab edirik ki, COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır”.

Agentlik mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb.

Bənzər Yazılar