İqtisadiyyat

Azərbaycanda onlayn bankçılıq: təhlükəsizlik necə qorunur? (ŞƏRH)

“Rəqəmsallaşma artıqca təhlükəsizlik problemləri də artır. Bu problemlərdən qorunmaq üçün də əsəs amil işini bilən mütəxəssis və kadrların olmasıdır”.

Bu sözləri EkoNews-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mobil bankçılıqda təhlükəsizlik məsələləri haqqında danışarkən deyib.

Ekspertin sözlərinə görə, əsas məsələ bankların özünün təhlükəsizlik sistemini necə qurmasıdır. Bir müddət öncə bizim bəzi banklarımızda bununla bağlı müəyyən problemlərin yarandığını bildirən Osman Gündüz əlavə edib ki, mobil internet xidmətinə qoşulan banklarda kartlardan istifadə ilə bağlı 3D təhlükəsizlik olmalıdır:

“Ancaq bu sistem bəzi banklarda yoxdur. 3D təhlükəsizlik – bizim mobil telefonumuza ödəniş etmək istəyərkən əlavə kod göndərilməsi deməkdir. Ümumi götürsək son dövrlərdə baş verən hadisələrdə göstərir ki, bizim banklarda təhlükəsizlik məsələləri təkmil deyil, müəyyən problemlər var.

Bu gün bankların daim təkmilləşməsinə ehtiyac var. Yəni banklar rəqəmsallaşdıqca, internetə inteqrasiya olunduqca, “internet bankinq”, “SMS bankinq” və s. bu kimi xidmətlər hazırlandıqca təbii olaraq banklar üçün potensial təhlükə artmış olur. Ona görə də bankların təhlükəyə hazır olması vacibdir. Son dövrlərdə bizim bank sistemində rəqəmsallaşma yavaş-yavaş artır. Və bu gün onlar təhlükənin qarşısını almaqda xüsusi mütəxəssis yetişdirməkdə, cəlb etməkdə maraqlı olmalıdır. Sistemli şəkildə, mütəxəssis cəlb etməyə, universitetlərdə belə şəxslərin yetişdirilməsinə, xaricdə təhsil almasına maraqlı olmalıdırlar. Rəqmsallaşma baş verdikcə təhlükəsizlik məsələləri artır və bu məsələlərdən qorunmaq üçün də əsəs məsələ işini bilən mütəxəssis və kadrlardır”.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov isə bildirib ki, bu məsələ bankların texniki tərəfi il bağlı olsa da, təhlükəsizliklə bağlı tələblərin yerinə yetirilməsi Azərbaycanda kartla olan hesablarda müəyyən qədər etibarlılığı artıra bilər:

“Bu istiqamətdə müxtəlif təcrübələr göstərmək olar. Məsələn, “Mastercard”ın bununla bağlı müxtəlif təklifləri var. Və o davamlı olaraq bu təklifləri təkmilləşdirərək onlarla əməkdaşlıq edən ölkələrə də təhlükəsizliyin qorunması ilə bağlı müəyyən tələblər qoyur.

Düşünürəm ki, Azərbaycanda da xüsusi ilə nağdsız ödəniş sisteminin inkişafı konteksində təmassız mexanizm vasitəsi ilə ödəniş həyata keçirtmək mümkündür. Bu da təhlükəsizliklə bağlı müəyyən xüsusi texnoloji dəstək tələb edir”.

Xatırladaq ki, bir müddət öncə Türkiyədə telefona düşən virusla bankın App-inə daxil olub, kartdan 4000 lirə pul köçürülmüşdü. Bizdə də bankların mobil App-ləri var və çoxunun da şifrəsi dörd rəqəmlidir. Bu da təhlükəsizliyin tam qorunmadığını, insanların təsadüfən belə yığdıqları kodla müəyyən əməliyyatlar edə bilməsinin mümkün olduğunu deməyə əsas verir.

Bənzər yazılar

Back to top button