AnalitikaİqtisadiyyatManşet

Yarımmilyondan artıq vergi borcu olan şirkət necə tender udur? – Əhməd Əhmədzadə qanunlara meydan oxuyur

Şəki Subartezian Quyularının İstismarı İdarəsi cari təmiri üçün nasos aqreqatlarının və elektrik avadanlıqlarının ehtiyat hissələrinin satınalınması müsabiqəsinə yekun vurub.

Valyuta.az xəbər verir ki, 208 min 674 manat məbləğində olan tenderin qalibi “Art-Proje” MMC olub.

1 milyon 370 min 10 manatlıq nizamnamə kapitalına malik “Art-Proje” MMC 18.05.2001 tarixində yaradılıb. Şirkətin hüquqi ünvanı Xırdalan şəhəri, 27-ci məhəllə, ev 4, m. 23, qanuni təmsilçisi usə Əkram Əliyev Musa oğludur.

Əkram Əliyevin şirkətinin hazırda 655 min 774 manat 8 qəpik (!) vergi borcu var. Məbləğin həcmindən məlum olur ki, borc son aylarda yığılmayıb. Bu isə o deməkdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarəsi satınalmalar haqqında mövcud qanunvericiliyi kobud şəkildə pozub. Qanuna görə, məcburi öhdəlikləri yerinə yetirməyən şirkətlər tenderlərdə iştirak edə bilməz.
Araşdırmalarımız zamanı məlum oldu ki, “Art-Proje” MMC Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumdan ən çox tender udan şirkətlərdən biridir. Məsələn, 2010-2017-ci illər arasında keçirilən 51 satınalmanı “Art-Proje” qazanıb. Bunların ümumi məbləği 18 milyon 232 min 507 manat 96 qəpik olub. Maraqlıdır ki, 51 satınalmanın 36-sını Əhməd Əhmədzadənin tabeliyində olan qurumlar keçirib.

27.06.2019 tarixindən indiyə kimi şirkətlə 16 satınalma müqaviləsi bağlanılıb ki, onlardan 10-nu Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan qurumlar keçirib.

Mediada yayılan məlumatlara görə, Əkram Əliyevin “Hidro-M” MMC adlı daha bir şirkəti var. Həmin şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 15, ev 3/6, mənzil 34-dur. Hazırda reyestr sənədlərində sözugedən şirkətin qanuni təmsilçisi Valeh Xələfov İsa oğludur. Şirkətin qeydiyyat sənədlərinə son dəfə 26.02.2019 tarixində dəyişiklik edilib.

2003-cü ildə yaradılan “Hidro-M” MMC də son 10 ildə dövlət satınalmalarını ən çox qazanan şirkətlərdən biri olub ki, əksər satınalmaları da Meliorasiya və Su Təsərrüfatı ASC keçirib. Bu isə deməyə əsas verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi ilə Əkram Əliyev arasında hansısa əlaqə var.

Ümumiyyətlə Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan qurumlarınn keçirdiyi əksər tenderlər mövcud qanunvericiliyin tələblərinə əməl olunmadan keçirilir. Səthi araşdırmalar belə bu qurumun keçirdiyi tenderlərdə korrupsiya hallarını ortaya qoymağa kifayət edir.

Bənzər yazılar

Back to top button