“Uşaq pulu” və ya 3 milyard manatın müzakirəsi

by Aztoday Xəbər Portalı

Artıq bir neçə ildir ki, mütəmadi olaraq müzakirə olunan “uşaq pulu” adlanan aylıq müavinət mövzusu yenidən gündəmə gəlib.

Sosial şəbəkələrdə 2006-cı ildən dayandırılan bu növ sosial müavinətin bərpa edilməsi ilə bağlı təkliflər çoxalıb. Təkliflərin bir hissəsində 18 yaşınadək insanların hamısına müavinətlərin verilməsinin vacibliyi qeyd olunur, digərləri isə bu müavinətlərin yalnız aztəminatlı ailələrə verilməsi təklif edir.

Eyni zamanda, insan hüquqları üzrə müvəkkilin 2020-ci il üzrə parlamentə təqdim olunan məruzəsində uşağın anadan olmasına görə və bir yaşınadək uşağı olan aztəminatlı ailələrə ödənilən müavinətlərin məbləğinin artırılması tövsiyəsi öz əksini tapır.

Bəs, görəsən, bu il “uşaq pulu” verilməsi mümkündür? Bu müavinətin verilməsi vacibdirmi?

2020-ci ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirələri zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatların “uşaq pulu” verilməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib ki, Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlər ödənilir.

Onun sözlərinə görə, sağlamlıq imkanları məhdud uşaqlara 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat ödənilir.

“Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa bu vəsait ödənilir. Orta məbləğ 100 manatın üzərindədir. Əgər biz bunu bütün uşaqlara şamil etsək, bu gün ölkədə 18 yaşına çatmamış 2 milyon 700 min uşaq var. Hələ, tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu 3,3 milyard manat edir”, deyə Babayev qeyd edib.

Nazir vurğulayıb ki, “uşaq pulu” kimi proqramlar ən azı 5 illik, 10 illik proqramlardır.

“Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir”.

Babayev ölkədə minimum pensiyaların və əməkhaqlarının, o cümlədən də 600 min insanın müavinət və təqaüdünün artdığını xatırladıb.

“Bu gün, yəni konkret ünvanlı olmayan, hamını əhatə edən bir proqram əvəzinə, ünvanlı olan sosial cəhətdən ən həssas kəsimləri əhatə edən və çox əhəmiyyətli sosial proqramlar eyni məbləğlə maliyyələşdirilir. Ona görə də hökumətin seçimi bu istiqamətdə oldu və belə də davam edəcək”.

2021-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı bəzi deputarlar “uşaq pulu” verilməsini təklif etsələr də, həmin təkliflər nəticəsiz qalıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov Turan-a bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən mütəmadi olaraq tədbirlər görülür və deputatlar hər zaman bu tədbirləri dəstəkləyib.

“Eyni zamanda, dövlətimiz hazırda müavinətlərdən çox insanların iş yerləri ilə təmin olunması, onların aktiv fəallığının artırılması üçün hər şey edir. Bu gün həm pensiyaların artırılması ilə bağlı, həm “Əmək Məcəlləsi”ndə bu məsələ ilə bağlı daim yeniliklər edilir”.

Soltan Məmmədov vurğulayıb ki, “uşaq pulu” məsələsi dəfələrlə qaldırılıb.

“Digər müavinətlərin, ünvanlı sosial yardımların bir hissəsinin “uşaq pulu” ilə əvəz olunması təklif olunmuşdu. Bu müzakirələr daimi gedir. Əhalinin sosial rifahının yaxşılaşması üçün istənilən tədbiri biz də, dövlət də dəstəkləyir. “Gəlin, bunu yığışdıraq, onun yerinə bunu verək” demək asandır. Amma bunların hamısı qiymətləndirmə, müəyyən bir hesablamalar aparmaqla həyata keçirilməlidir ki, bu, həm bütün hədəf qruplarını əhatə etsin, həm də bu gün keçirilən sosial siyasətə uyğunlaşsın”.

İqtisadçı Vahid Məhərrəmli hesab edir ki, uşaq pulunun verilməsi çox vacibdir.

“Hakimiyyət ölkədəki gərgin sosial-iqtisadi vəziyyətin fonunda uşaqların vəziyyətini nəzərə almalıdır. Bizim hesablamalarımız göstərir ki, ölkədə 3 milyona yaxın işsiz var, insanların sosial-iqtisadi durumu getdikcə pisləşir. Yeni nəslin sağlam yetişməsi üçün uşaqların sosial rifahı təmin olunmalıdır. Buna görə də dövlət hər ay “uşaq pulu”nu verməlidir”.

Ekspert AzadlıqRadiosu-na bildirib ki, bu praktika SSRİ dönəmində var idi və hazırda əksər dünya ölkələrində mövcuddur.

“Uşaq doğulandan 18 yaşınadək onun adına hər ay uşaq pulu verilir və valideynlər onun normal qidalanmasını, geyimini təmin edir ki, uşaq sağlam böyüsün, yaxşı təhsil alsın. Belə olan halda gələcəkdə həmin uşaqların dövlətin inkişafında rolu böyük ola bilər”.

Məhərrəmlinin fikrincə, “uşaq pulu” verilməsi ölkə əhalisinin alıcılıq qabiliyyətini artıra bilər. “Bu da istehlakın artmasına gətirib çıxara bilər. Bu da öz növbəsində real sektorun inkişafına stimul verər və ölkə iqtisadiyyatı böyüyər”.

Ekspert qeyd edib ki, ölkədə 2,5 milyona yaxın uşaq var.

“Onların hamısına uşaq pulu tədbiq oluna bilər. Uşaqların hər birinə ayda 100 manat verilərsə, bu, 2,5 milyard manat deməkdir. Azərbaycanın kifayət qədər maliyyə resursları var. Dövlət başçısı da qeyd edib ki, 41 milyard manat maliyyə ehtiyatımız mövcuddur. Buradan da 2,5 milyard ayırmaq böyük bir problem yaratmayacaq. Bundan əlavə, iqtisadiyyat get-gedə böyüdükcə, bu maliyyə daxili resurslar hesabına əldə ediləcək”, deyə o qeyd edib.

İqtisadçının fikrincə, “uşaq pulu” digər formalarda da hesablana bilər.

“Məsələn, belə bir model tədbiq edilə bilər ki, ailə üzvünün payına düşən gəlir orta əməkhaqqından müəyyən faiz artıqdırsa həmin ailəyə “uşaq pulu” verilməyə bilər. Bunu da nəzərə almaq lazımdır. Elə ailələr var ki, onların gəlirləri yüksəkdir və onlara “uşaq pulu” şamil edilməməlidir. Burada əsas hədəf aztəminatlı ailələr olmalıdır ki, onlara “uşaq pulu” mütləq verilməlidir”, deyə Məhərrəmli qeyd edib. (Turan)

Bənzər Yazılar