GündəmSiyasət

Dronlardan istifadənin qadağan edilməsi nə dərəcədə qanunauyğundur?

Dünən bloger Mehman Hüseynovun saxlanılması və polisin onun dronunu müsadirə etməsi videoçəkilişlər üçün pilotsuz uçan aparatlardan istifadənin qanunauyğunluğu məsələsini aktuallaşdırıb.

Beş il əvvəl tətbiq edilən normalara əsasən, ölkəyə yalnız dövlət orqanlarının icazəsi ilə dron gətirmək olar.

İctimai fəal Bəxtiyar Hacıyev cidd-cəhdlə belə bir icazə almağa çalışıb. “İcazə alınması zərurəti prezidentin fərmanı ilə tətbiq edilib. İcazə almaq üçün dörd instansiyaya – Mülki Aviasiya Administrasiyasına, Dövlət Təhlükəsizliyi Xidmətinə, Müdafiə Nazirliyinə və Dövlət Mühafizə Xidmətinə müraciət etmək lazımdır”, deyə Hacıyev Turan agentliyinə bildirib.

Amma o, bu qurumların dördündən də dron gətirilməsinin “məqsədəuyğun olmaması” bəhanəsi ilə imtina cavabı alıb.

“Bu məhdudiyyət şəxsi həyatın müdafiəsi ilə əsaslandırılır, amma əslində bu, jurnalistlərin və blogerlərin anti-korrupsiya araşdırmaları aparmasına mane olmaq məqsədi daşıyır”, deyə Hacıyev qeyd edib.

Onun sözlərinə görə, demokratik dövlətlərdə dronlardan yalnız xüsusi yerlərdə, məsələn, aeroportlarda və ya strateji obyektlərin ətrafında istifadə etmək qadağandır. Azərbaycanda dronlardan ən yaxşı halda qapalı məkanlarda istifadə edilə bilər.

Hüquq müdafiəçisi Samirə Ağayeva da dronların gətirilməsinə və istifadəsinə tətbiq edilən məhdudiyyətləri qanunsuz hesab edir. Bu məhdudiyyətlər icra hakimiyyəti orqanlarının normativ aktlarına əsaslanır və qanunvericilikdə birmənalı olaraq əksini tapmayıb.

Çəkiliş üçün istifadə olunan dronlar faktiki olaraq videokameradır. Buna görə qadağa birbaşa fotokamera və ya videokamera ilə çəkilişlərə aid ola bilər, deyə Ağayeva Turan-a bildirib.

Bənzər yazılar

Back to top button