Siyasət

AXCP və Müsavat sədrləri Agdam səfərində iştirak etmirlər

Azərbaycanda fəaliyət göstərən partiyaların sədrləri və fəalları işğaldan azad edilmiş Ağdam rayonunda vəziyyətlə tanış olurlar. Səfər martın 17-də səhər tezdən başlayb.

Heyətə Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev rəhbərlik edir.

“Ümid” partiyasının sədri İqbal Agazadənin Turan-a telefonla verdiyi xəbərə görə o, digər siyasətçilərlə birlikdə hazırda Ağdamın Uzundərə bölgəsində ermənilərin törətdikləri vəhşilikləri müşahidə edir.

“Heç nə salamat qalmayıb, hər şeyi dağıdıblar”, deyə Ağazadə əlavə edib.

“Azərbaycan iqtidarının yaratdığı, 50 partiya və iqtidarın dialoqunda Müsavat Partiyası iştirakçı deyil, belə formatda təşkil olunan siyasi prosesdən qıraqdayıq. Bu, bizim öz qərarımızdır. Ağdam səfəri məhz bu siyasi oyunun tərkib hissəsidir, buna görə səfərdə iştirak etmirik. Biz Ağdama digər siyasətçilərlə birlikdə getmək təklifindən imtina etdik. Müsavatçıların özlərinin Azərbaycan torpaqlarının istənilən bölgəsinə getmək hüququ var və gedəcəklər”, deyə Müsavat Partiyasının başqanı Arif Hacılı Turan-a məlumat verib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzinin sözlərinə görə, Xalq Cəbhəsi Partiyası Ağdam səfərinə dəvət almayıb. Seymur Həzi hesab edir ki, işğaldan azad olunmuş əraziyə xarici siyasətçilər və jurnalistlər getməlidir. Yerli insanların oradakı vəziyyətdən onsuz da xəbəri var.

“Prezident Administrasiyasının bu tədbiri daxili siyasi auditoriyaya yönəlib. Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq dəvət almamışıq və buna görə səfərdə iştirakımızı müzakirə etməyin mənası yoxdur”, deyə Seymur Həzi Turan-a bildirib.

Bənzər yazılar

Back to top button