Cəmiyyət

7,4 milyonluq qalmaqalla gündəmə gələn Kələntərovlar kimdir? – FOTO

Xəbər verdiyimiz kimi, ABŞ-ın Ohayo ştatında yaşayan Kələntərovlar ailəsi pandemiya dövründə dəstək kreditləri vasitəsilə onlarla saxta əkinçilik müəssisələri yaratmaqda və bunun üçün dövlətdən 7,4 milyon dollar kredit almaqda ittiham olunub.

Bəs birdən-birə gündəmə gələn Kələntərovlar kimlərdir?

AzToday.az qafqazinfo-ya istinadla ailənin Amerika hekayəsini təqdim edir:

Kələntərovlar ailədə üç qardaşdırlar: Aydın, Zaur və Əli Kələntərlilər.

Aydın Kələntərov ABŞ-a tələbə olaraq 2010-cu ildə yollanıb. Zaur və Əlinin Amerika macərası isə “Green card”la bağlıdır. Ailə üç dəfə çoxlarının xəyalı olan “Green card”ı udub. 2012, 2013 və 2014-cü illərdə. Birinci il nəticələr ləğv olunub, ikinci il sıxlıq səbəbindən onların xəyalları gerçəkləşməyib, üçüncü il isə nəhayət, onların Amerika hekayəsi başlayıb.

Aydın Kələntərov
Qardaşların ABŞ-a getmək həvəsi birdən-birə yaranmayıb. Onların atası Bakıdakı ilk özəl nəşriyyat şirkətlərindən birinin sahibi olub. Ancaq ailə biznesinin yerləşdiyi ərazi 2011-2012-ci illərdə Bakıdakı genişmiqyaslı tikinti işləri çərçivəsində plana düşüb və onların ABŞ-a yollanmaq həvəsi də bundan sonra meydana çıxıb. Onlar getdikləri bölgədə Bakıdakı ailə ənənələrini davam etdirmək qərarına gəliblər, ancaq bir qədər fərqli aspektdə.
Zaur Kələntərli
Belə ki, qardaşlar müxtəlif geyim növləri üzərində çap işləri xidmətləri təklif ediblər və bunun üçün əməli fəaliyyətə başlayıblar.

“Kalantarlı Brothers”in böyüyən biznes hekayələri Los-Ancelesdən start götürüb.

Qardaşların uğur qazanmasının köklərinə ensək, görərik ki, onları bir-birini tamamlayan fərqlilikləri uğura aparıb.

Aydın Kələntərov qrafik dizayner, internet, proqramlaşdırma üzrə peşəkarlaşıb. Zaur maliyyənin və biznesin qurulması, idarəsindən məsul olub. Kiçik qardaş Əli isə cihazlarla, xüsusən elektronika ilə işləməyi yaxşı bacarıb. Onlar güclərini və qabiliyyətlərini birləşdirməklə rəqibləri qarşısında üstünlük əldə etməyə nail olublar.
Qardaşlar çap sahəsində özlərini təsdiqləyəndən sonra bizneslərini fərqli sahələrə daşımaq qərarına gəliblər. Bunun üçün Ohayo ştatını daha əlverişli hesab edən Kələntərovlar burada daşınmaz əmlak işinə başlayıblar. Onlar evləri nisbətən ucuz qiymətə alıb, təmir-tikinti işlərini gördükdən sonra satışa çıxarıblar.

Ailənin fırıldaqçılıqda ittiham olunması məsələsinə gəldikdə, bunun kökləri hələlik qeyri-müəyyən olsa da, məhz daşınmaz əmlak bazarına daxil olmaları ilə bağlamaq mümkündür. Çünki ailə məhz saxta fermalar yaratmaqda ittiham edilir.

Qeyd edək ki, sözügedən ittiham çərçivəsində ailənin iki üzvü – Aydın Kələntərov və Günay Kələntərli yanvarın 25-də Kaliforniyada həbs olunub. Onlar bank və teleqraf xidməti ilə əlbir olaraq fırıldaqçılıq etməkdə günahlandırılırlar.

ABŞ Prokurorluğu ailənin digər dörd üzvünə – Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandi Rodrigezə qarşı da ittiham irəli sürüləcəyi istisna etmir.

Əli Kələntərli
Xatırladaq ki, ailənin hökumətdən ümumi məbləği 7 milyon 447 min 400 dollar olan 53 pandemiya yardım krediti aldığı bildirilir.

Belə ki, dövlətin pandemiya dövründə verdiyi kreditlər ötən ilin fevralın 1-dək yaradılmış şirkətlərə şamil olunur. Sözügedən şirkətlər isə apreldə yaradılıb.

Dostu açıqlama verdi: “Kimisə öldürməyib ki…”

“Yıxılana balta vuranlar, başqasının uğursuzluğuna sevinənlər, haqqını yeyənlərə “rəis”, “müəllim” deyənlər, bilib-bilmədən danışanlar, mərdi qovaraq namərd edənlər, hansısa mövzulardan istifadə edib özünə reytinq yığan insanlara nə ad vermək olar? Zaur dostumdur. Bankdan pul götürüb deyə dostluğumuzu pozmaq fikrimiz də yoxdur. Zaurun etdiyi yaxşılıqların bəlkə də heç 1 faizini belə, etməmisiniz. Zaur nə edib, öz işidir, cavab verir və həll edir”.

AzToday.az pravda.az-a istinadla bildirir ki, bunu Zaur Kələntərovun dostu Röyal İsmayılov deyib.

R.İsmayılov bildirib ki, Amerikada Zaur kimi 12 milyon adam belə pul götürüb: “Bu, səni niyə bu qədər maraqlandırır? Siz hamınız “süddən çıxmış ağ qaşıqsınız”, xəbərimiz yox imiş. Həmişə halal qazanıb, heç kimi aldatmamısınız və hamınız da bankdan pul götürəndə saxta sənədsiz götürmüsüz… Hamımız bilirik ki , Azərbaycanda banklardan pul götürəndə nə qədər saxta sənədlər düzəlir, Zaur kimisə öldürməyib və ya kiminsə cibindən pul oğurlamayıb, bankdan pulu götürüb və bu da onların öz arasında həll olunur. Zauru tanıyan bilir, necə insandır. Bu hadisə altı ay əvvəl olub, media indi paylaşır. Hər birimizin başına iş gələ bilər, heç kim həyatda sığortalanmayıb”.

Bənzər yazılar

Back to top button