Mədəniyyət

Təmsilçimiz “Avroviziya -2021″də Mata Harini təbliğ edəcək

“Avroviziya-2021” təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə səhnəyə çıxacaq

Təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birs (keçən il “Cleopatra” mahnısının müəlliflərindən biri idi) və Toni Kornelissendir (o, 2020-ci ildə “Cleopatra” mahnısının prodüseri idi).

Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov mahnıdan danışarkən bunları qeyd edib: “Mata Hari” mahnısı böyük ruh gücünə malik, risk etməkdən qorxmayan və əlbəttə ki, zamanı qabaqlayan güclü və müstəqil qadının həyat hekayəsindən ilhamlanmışdır. Buna görə günümüzdə hələ də onun hekayəsini danışırıq.

Mahnıda ənənəvi Azərbaycan alətləri – zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi yallının melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilib.

Bundan başqa, Azərbaycanın müsabiqədə iştirakı tarixində ilk dəfə olaraq mahnıda Azərbaycan dilində sətir var – “Yalan da mən, yanan da mən, yaman da mən”.

“Xanımlara güclü qadınlar haqqında danışıb, onlara xatırlatmaq mütləqdir ki, bizim hələ də mövhumatlarla dolu dünyada yaşamağımıza baxmayaraq, qadın hər şeyi bacarır və qadın gücü heç nə ilə müqayisə edilə bilməz. Əgər indi ilham axtarışındasınızsa, qoy, tarixin güclü qadınları haqqında hekayələri o enerjinin mənbəyinə çevrilsin və sizə hər şeyin öhdəsindən gələ və daha böyük uğurlara nail ola biləcəyinizi xatırlatsın”, – deyə S.Əfəndi bildirib.

Mahnının klipi daha əvvəllər Zivert, Loboda, Maks Barskix və s. kimi məşhurlarla işbirliyi olan, quruluşçu rejissor və operator İlya Mixaylus tərəfindən Kiyevdə çəkilib.

Qeyd edək ki, S.Əfəndi Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində də təmsilçisi olub, lakin Avropa Yayım Birliyi (AYB) COVID-19 pandemiyası ilə əlaqədar müsabiqənin tarixində ilk dəfə olaraq onu ləğv edib.

Şüarı “Open up!” olan müsabiqənin yarımfinal mərhələləri may ayının 18-də və 20-də, final mərhələsi isə may ayının 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Azərbaycan təmsilçisi birinci yarımfinalda çıxış edəcək.

Xatırladaq ki, Azərbaycanı “Avroviziya-2021” mahnı müsabiqəsində təmsil edəcək mahnı əslən Hindistandan olan rəqqasə, alman kəşfiyyatçı Mata Hari (Marqareta Qertruda Zelle) ilə bağlıdır. O, 50 min fransız əsgərin ölümündə təqsirli hesab edilərək 1917-ci ildə edam olunub. 41 yaşlı Mata ölümündən sonra dünyada “Fransanı məhv edən qadın” adı ilə daha da məşhurlaşıb.

Onun haqqında çoxlu sayda filmlər çəkilib. Həmçinin, o, dünyanın axarını dəyişən əfsanəvi kəşfiyyatçı qadın olaraq qalmaqda davam edir. Amma bütün bunların nə Azərbaycan xalqına, nə də Azərbaycan tarixinə heç bir adiyyatı yoxdur. Azərbaycanın tarixdə çox sahələrə ilk imza atan güclü qadınları olub. Şərqdə ilk dəfə Azərbaycanda qadınların seçki hüququ tanınıb. İkinci dünya savaşında Azərbaycanlı döyüşçü qadınlar öz qəhrəmanlıqları ilə dünyaya səs salıblar.

Şərqdə ilk qadın opera müəllifi də azərbaycanlı olub. Lakin çox maraqlıdır ki, xaricidə mahnı müsabiqəsində hindistanlı bir kəşfiyyatçının qəhrəmanlığını təbliğ etmək üçün dövlət büdcəmizdən milyonlar ayrılır.

Onu da qeyd edək ki, Emənistan bu dəfə “Avroviziya-2021” mahnı yarışmasında iştirak etməkdən imtina edib və səbəb kimi ölkədə müharibəylə bağlı yaranmış maddi problemlərin olduğunu göstərib.

Bənzər yazılar

Back to top button