AnalitikaDünya

Baydenin “qatil” ittihamı NATO-nu parçalayır – Merkel “qatil”dən qaz almaqda davam edir, Türkiyə çox sıx münasibətlər saxlayır…

ABŞ prezidenti Co Bayden Vladimir Putini “qatil” adlandırandan sonra bir çox NATO ölkəsi bu ifadəyə uyğun mövqe tutmaq məcburiyyətində qalıb. Ancaq eyni zamanda ABŞ Prezidentinin bu sərt mövqeyi NATO üzvləri arasında müəyyən parçalanmaya da səbəb olub. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baydenin sözlərini qəbuledilməz sayıb.

Sözügedən mövzunun nə dərəcədə kəskin şəkil aldığı NATO-nun Baş katibi Yens Stoltenberqin bu günlərdə keçirdiyi mətbuat konfransında bir daha təsdiqlənib. Belə ki, ona “Siz Baydenin söylədiyi sözlərlə razısınızmı?” sualı veriləndə zalda beş saniyə ərzində tam səssizlik hökm sürüb. Lakin Yens Stoltenberq sualdan yayınaraq cavab verib ki, Rusiya dövlətinin adından baş verən hər şeyə – beynəlxalq hüququn pozulmasına, qonşu ölkələrə qarşı hərbi təcavüzə, öz ölkəsindəki dinc nümayişçilərin döyülməsinə, dissidentlərin öldürülməsinə və ya onlara hücum olunmasına görə Putin cavabdehdir.

NATO ölkələri ABŞ-ın iqtisadi və hərbi gücündən tam asılı vəziyyətdədirlər. Söhbət Avropanın müdafiəsindən düşəndə, Amerikanın dəstəyinə böyük ehtiyac duyan alyans üzvləri Putinin “əlinin qana bulaşdığını” təsdiqləyən bəyanat verməyə məcbur qalırlar. Bununla yanaşı onlar digər faktorlarla da hesablaşmalıdırlar. Rusiya ilə bundan sonra yaxşı münasibətlər saxlamaq istəyən ölkələrin “qızıl orta” tapması çox çətin olacaq.

Məlumdur ki, Almaniyanın Rusiya ilə böyük təbii qaz biznesi var və tərəflər “Şimal axını-2”-dən imtina etməyiblər. Hərçənd ki, ABŞ layihəyə cəlb olunmuş şirkətlərə qarşı sanksiya tətbiq etməklə bu tikintini dayandırmağa çalışır.

Baydenin və ABŞ-ın fikrinə görə, təhlükəsizlik siyasəti baxımından bu cür təbii qaz tədarükü ağılsızlıqdır. Axı, Krımın işğalından sonra Baltik ölkələrinin və Şərqi Avropanın müdafiəsini gücləndirməkdən ötrü illər sərf edilib. Rusiya isə təbii qazdan əldə edilən pulları silahlı qüvvələrinin güclənməsinə yönləndirir.

Məsələ ondadır ki, Almaniya kansleri Angela Merkel təbii qazı həmin “qatildən” almaqda davam edir. Türkiyə isə Rusiyadan Hava Hücumundan Müdafə sistemləri alıb və Putinlə çox sıx münasibətlər saxlayır. Prezident Ərdoğan Baydenin sözlərini “qəbuledilməz və prezidentə layiq olmayan” adlandırıb. Beləliklə, NATO ölkələri arasında parçalanma artıq baş vermiş faktdır.

Digər yandan isə pandemiya vəziyyəti daha da mürəkkəbləşdirir. Rusiyalılar beynəlxalq bazara “Sputnik V” peyvəndini çıxarıblar və Slovakiya, Çexiya, Macarıstan, Almaniya, Fransa, İspaniya kimi NATO ölkələri bu və ya digər formada “Sputnik V” peyvəndinə maraq göstəriblər və bu istiqamətdə əməkdaşlığa hazırdırlar. Buna görə də Amerikanın peyvənd ehtiyatını ixrac məhdudiyyəti altında saxlayan Bayden üçün “qatil” Vladimir Putinlə mübarizə aparmaq asan olmayacaq.

İndiyədək Co Bayden təhlükəsizlik siyasətində özünü, öncədən necə gözlənilirdisə, məhz elə də aparır. O, ABŞ-ın Avropa və Asiyadakı müttəfiqlərilə münasibətləri normallaşdırıb, NATO-ya, həmçinin də Yaponiya və Cənubi Koreyaya lazımi dəstək göstəriləcəyini ifadə edib.

Beləliklə, Bayden Qərb dünyasının ümid bəslədiyi təcrübəli siyasətçi və sabitləşdirici amil kimi Çinin ambisiyalarına qarşı da sərt kurs tutacağını bildirir. Bütün bu mənzərənin içində yalnız onun Vladimir Putin barəsində söylədiyi sərt sözlər xüsusilə seçilir.

“Svenska Dagbladet” (İsveç)

Tərcümə: “AzPolitika.info”

Bənzər yazılar

Back to top button