İdman

Moskva olimpiadasının boykotu

Olimpiadaların siyasi səbəblərdən boykot olunması əvvəllər də baş vermişdi

Sovet hökuməti ilk dəfə 1976-cı ilin yay olimpiya oyunlarını keçirməyə Moskvanın namizədliyini irəli sürdü. Ondan başqa Kanadanın Monreal və ABŞ-ın Los-Anceles şəhərlərinin də namizədliyi irəli sürülmüşdü. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 1970-ci il mayın 12-də keçirilən toplantısında Monreal qalib gəldi.

Dörd il sonra Moskva və Los Anceles yenidən, artıq 1980-ci il yay olimpiadası uğrunda rəqabət apardılar. Həmin ilin qış olimpiya oyunlarını keçirmək hüququ ABŞ-ın Leyk-Plesid şəhərinə verildi (başqa namizəd yox idi). Yəqin ki, həm də bu səbəbdən yay oyunları seçkisində Moskva 39-20 səslə qalib gəldi.

Los-Anceles isə öz bəxtini sınamaq üçün daha dörd il gözlədi. Amma 1976-cı ildə Monrealda keçirilən oyunlar maliyyə cəhətdən o qədər ziyanla yekunlaşdı ki, namizəd olmaq istəyən bir çox şəhərlər geri çəkildilər. Son alternativ olan Tehran da analoji davranandan sonra Los-Anceles rəqabətsiz qalib gəldi və 1984-cü il yay olimpiya oyunlarının ev sahibliyi hüququnu qazandı.

Sovet hökuməti 1976-cı il olimpiadasının uduzmasından bərk narazı idi. Bununla əlaqədar TASS agentliyi xüsusi bəyanat yayaraq BOK üzvlərini olimpiya hərəkatının maraqları baxımından deyil, siyasi niyyətlərlə hərəkət etməkdə qınadı. Dörd il sonra qalib gələndə isə bu narazılıq yəqin ki, xeyli azaldı. Doğrudan da, dörd il əvvəl, ya dörd il sonra, nə fərqi var? Amma sonrakı hadisələr göstərdi ki, ciddi fərqi varmış.

***

1970-ci illərdə beynəlxalq münasibətlərdə xeyli yumşalma müşahidə olunurdu. Sovet lideri Leonid Brejnev xələfləri Stalin kimi təcavüzkar və ya Xruşşov kimi avantürist siyasət yürütmürdü. Bu dövrdə ABŞ-a rəhbərlik edən Nikson, Ford və Karter də SSRİ ilə münasibətlərin yumşalmasına töhfə verirdilər.

1972-ci və 1979-cu illərdə Strateji silahların məhdudlaşdırılması haqqında iki müqavilə (SSM-1 və SSM-2) imzalandı. Birinci müqavilənin imzalanması Brejnev və Niksonun zarafatlaşaraq özlərini bir-birindən köçürən şagirdlər kimi aparması ilə, ikinci müqavilənin imzalanması isə Brejnevin Karteri üç dəfə öpməsi ilə yadda qaldı.

Belə bir mülayim ab-havada keçən onilliyin son günlərində, 1979-cu il dekabrın 27-də SSRİ Əfqanıstana hərbi təcavüz etdi. ABŞ dərhal BMT Təhlükəsizlik şurasının toplantısının çağrılmasını tələb etdi. Ağ evin hazırladığı qətnamə SSRİ-nin qoyduğu veto üzündən keçmədikdə BMT-nin Baş assambleyasının çağrılması qərara alındı.

Baş assambleyanın toplantısında Əfqanıstana müdaxiləni pisləyən və xarici qoşunların çıxarılmasına çağıran qətnamənin lehinə 104 ölkə səs verdi. Moskvanın mövqeyini cəmi 18 ölkə dəstəklədi. Bu qədər böyük fərq Əfqanıstana müdaxilənin SSRİ-nin beynəlxalq nüfuzuna nə qədər böyük ziyan vurduğunu aydın göstərir.

Çox tezliklə də Moskva olimpiadasının boykotu gündəmə gəldi. Maraqlıdır ki, bu fikri ilk dəfə sovet dissidenti akademik Andrey Saxarov yanvarın 3-də “New York Times” qəzetinə verdiyi müsahibədə səsləndirdi. Kremlin reaksiyası özünü çox gözlətmədi. Yanvarın 8-də Saxarov üç dəfə Sosialist Əməyi Qəhrəmanı adı da daxil olmaqla bütün dövlət təltiflərindən məhrum edildi. İki həftə sonra isə saxlanılaraq Qorki (Nijni Novqorod) şəhərinə sürgün olundu.

Yanvarın 20-də isə Cimmi Karter boykot ideyasını dəstəklədiyini bildirdi və SSRİ-yə Əfqanıstandan qoşunlarını çıxarmaq üçün 1 ay vaxt verdi. Bir neçə gündən sonra Kanada hökuməti də boykota tərəfdar olduğunu açıqladı.

Amma bundan sonra tənqidlər bir qədər səngidi, çünki amerikalılar Leyk-Plesiddə qış olimpiadası (13-24 fevral) ilə bağlı problem yaşamaq istəmirdilər. İlk növbədə tələbələrdən ibarət ABŞ hokkey komandasının güclü SSRİ komandası üzərində sensassion qələbəsi ilə yadda qalacaq oyunların yekunlaşmasını gözlədilər.

***

Olimpiadaların siyasi səbəblərdən boykot olunması əvvəllər də baş vermişdi. İlk belə hal 1936-cı ildə baş verdi. Yay olimpiadasının nasist Almaniyasının paytaxtı Berlində keçirilməsinə etiraz edən İspaniyanın solçu Xalq cəbhəsi hökuməti oyunları boykot etdi və hətta alternativ Xalq olimpiadası keçirəcəyini bildirdi. Amma başlayan vətəndaş müharibəsi üzündən alternativ oyunlar baş tutmadı.

Daha ciddi boykot isə 1956-cı ildə oldu. Niderland, İsveçrə və yenə İspaniya (bu dəfə sağçı Franko hökuməti) SSRİ-nin Macarıstana qoşun yeritməsinə, Misir, İraq və Livan Süveyş böhranı çərçivəsində Böyük Britaniya, Fransa və İsrailin Misiri işğal etməsinə, Çin Xalq Respublikası isə Tayvanın Çin Respublikası adı ilə oyunlara dəvət olunmasına görə olimpiadanı boykot etdilər. Çinin eyni səbəbli boykotu növbəti beş olimpiadada davam etdi.

Moskvaya qədər ən kütləvi boykot isə Monreal olimpiadası zamanı oldu. Səbəb Yeni Zelandiyanın reqbi komandasının aparteid siyasəti üzündən idman yarışlarından təcrid edilən Cənubi Afrika Respublikasında bir neçə oyun keçirməsi oldu. Afrika ölkələri Yeni Zelandiyanın turnirdən kənarlaşdırılmasını tələb edirdilər. BOK isə reqbinin olimpiya növü olmaması arqumenti ilə bu tələbi qəbul etmədikdə, 26 Afrika ölkəsi, eləcə də İraq və Qayana oyunları boykot etdilər.

Çin və Tayvan ziddiyyəti bu dəfə o həddə gəldi ki, hər iki ölkə oyunları boykot etdi. Nəticədə Monreal oyunlarında 92 ölkədən 6084 idmançı iştirak etdi. Bu da dörd il əvvəlki Münhen olimpiadasından (121 ölkə, 7134 idmançı) xeyli az idi.

***

Leyk-Plesid olimpiadasından sonra boykot məsələsi yenidən gündəmə gəldi. ABŞ Dövlət departamentinin boykota mümkün qədər çox ölkənin qoşulması üçün yaratdığı qrupa bizim sonralar Milli Demokratiya İnstitutunun Avrasiya üzrə Baş direktoru kimi tanıyacağımız Nelson Ledski başçılıq edirdi.

Məşhur boksçu Məhəmməd Əlinin boykot kampaniyasına qoşulması sovet rəhbərliyi üçün pis sürpriz oldu. 1978-ci ildə SSRİ-ni ziyarət edən Əli Vyetnamda müharibə əleyhinə və Amerikanın qaradərili əhalisinin hüquqları uğrunda fəaliyyətinə görə yüksək səviyyədə qarşılanmışdı. Onu hətta Brejnev qəbul etmiş, qol saatı və özünün “Kiçik torpaq” kitabını hədiyyə etmişdi. ABŞ-a qayıdan Əli SSRİ haqqında yüksək fikirlər səsləndirirdi.

İndi isə o, həmin SSRİ-də keçirilən olimpiadanı boykot etməyə çağırırdı. Əlinin bu seçimində yəqin ki, Əfqanıstanın müsəlman ölkəsi olması mühüm rol oynadı. Əli bir neçə Afrika ölkəsində – Tanzaniyada, Keniyada, Nigeriya və Seneqalda oldu. Amma bu ölkələrdən yalnız Keniya boykota qoşuldu.

BOK prezidenti baron Killanin oyunları xilas etmək səy göstərir, gah Brejnevlə, gah da Karterlə görüşürdü. Nəticədə, Ağ ev Əfqanıstandan qoşun çıxarmaq üçün son müddət kimi mayın 24-nü təyin etdi. Bu da baş verməyəndən sonra boykot qərarı qətiləşdi.

Digər ölkələrin davranışları müxtəlif idi. Böyük Britaniya lap əvvəldən boykot tərəfdarı olsa da, sonra öz idmançılarına BOK bayrağı altında çıxış etməyə icazə verdi. Qərbi Almaniya isə əksinə, amerikalıların diktəsi ilə hərəkət etməyəcəklərini desələr də, sonra boykota qoşuldular.

BOK 1979-cu ildə keçirilən sessiyasında Çin adından çıxış etmək hüququnu müstəsna olaraq ÇXR-ə vermişdi. Beləcə, Pekin 1952-ci ildən sonra yürütdüyü boykot siyasətinə son qoya bilərdi. Amma Nelson Ledski xatırlayır ki, çinlilər amerikalılar qədər boykot tərəfdarı idilər. Üstəlik, Tayvan da boykota qoşuldu.

İran da Moskva olimpiadasında iştirak etməməyi qərar aldı. Əlbəttə, teokrat hakimiyyət bunu amerikalıların çağırışı ilə deyil, İslam Konfransı Təşkilatının Əfqanıstana müdaxiləni pisləyən qətnaməsinə istinad edərək atdı. İsrailin boykota qoşulduğunu nəzərə alsaq, bu, İslam inqilabından sonra iki dövlətin eyni addım atdığı nadir hallardan biri idi. Türkiyənin də boykota qoşulduğunu əlavə edək.

Ümumiyyətlə, olimpiadada iştirak hüququ olan 66 dövlət Moskvaya gəlmədi. Onların heç də hamısı rəsmən boykota qoşulduğunu bildirmədi. Mənbələrdə müxtəlif rəqəmlər səsləndirilir, təxminən 44-45 ölkə boykota qoşulduğunu bildirdi, qalanları isə maliyyə və başqa problemləri əsas gətirdi.

Əslində iyirmidən artıq ölkənin maliyyə problemi yaşaması inandırıcı deyildi. Hər halda, Moskvadan nə əvvəl, nə sonra belə hal olmamışdı. Çox güman ki, bəzi ölkələr nə ABŞ, nə də SSRİ ilə münasibətləri korlamamaq üçün bu bəhanəni seçmişdilər.

Oyunlarda ümumən 81 ölkə iştrak etdi. Bu son beş oyunlar üzrə ən aşağı göstərici idi. Daha az ölkənin (67) iştirakı 1956-cı il Melburn olimpiadasında qeydə alınmışdı. Müsəlman ölkələrindən Əlcəzair, İordaniya, İraq, Küveyt, Livan, Liviya, Suriya və əlbəttə, Əfqanıstan iştirak etdi.

İyulun 19-da baş tutan açılış mərasimində 16 ölkə açılış mərasiminə milli bayraqlarla qatılmadılar. Onlardan 14-ü ölkə BOK-nin, daha 2 ölkə isə Milli Olimpiya Komitələrinin bayraqları altında yürüdülər. Avqustun 3-nə qədər davam edən yarışlarda bu ölkələrin idmançıları medal qazandıqda həmin bayraqlar qaldırılır, çempion olduqda BOK himni çalınırdı.

Monreal olimpiadasında ümumkomanda hesabında ilk onluğa daxil olan komandalardan üçü (ABŞ, Qərbi Almaniya və Yaponiya) oyunlarda iştirak etmirdi. Nəticədə, 203 qızıl medalın 40 faizinə yaxının (80) SSRİ qazandı. Şərqi Almaniya isə 47 qızıl medal əldə etdi. Sonrakı ölkələrin nəticələri xeyli geridə idi. 3-5-ci yerləri tutan Bolqarıstan, Kuba və İtaliya hərəyə 8 qızıl medal qazandılar.

Ənənəyə görə, oyunların bağlanış mərasimində növbəti yay olimpiadasını keçirəcək ölkənin bayrağı qaldırılır, endirilən olimpiya bayrağı isə ev sahibi olacaq şəhərin nümayəndəsinə verilir. Bu dəfə təşkilatçılar ABŞ-ın deyil, Los-Anceles şəhərinin bayrağını qaldırdılar. Şəhərin meri Moskvaya gəlmədiyi üçün olimpiya bayrağı ABŞ-ın BOK-dakı nümayəndəsinə verildi.

***

SSRİ-nin dörd il sonra, Los-Anceles olimpiadasında boykotun əvəzini çıxacağı gözlənilən idi. Əlbəttə, bu zaman əvəz çıxıldığı bildirilməyəcəkdi, başqa səbəb göstəriləcəkdi. Gözlənilən baş verdi. Oyunların təşkilatçılığını, təhlükəsizlik tədbirlərini və s. uzun müddət tənqid edən SSRİ 1984-cü il mayın 8-də Los-Anceles olimpiadasında iştirak etməyəcəyini bildirdi.

SSRİ-nin qərarından sonrakı beş gün ərzidə Şərqi Almaniya, Bolqarıstan, Çexoslovakiya, Monqolustan, Laos və Vyetnam boykota qoşuldular. Daha sonra Polşa, Macarıstan, Kuba, Əfqanlstan, Şimali Koreya, Anqola və Efiopiya da idmançılarını Los-Ancelesə göndərməyəcəklərini bildirdilər.

İran, Albaniya və Liviya isə müstəqil şəkildə və müxtəlif səbəblər göstərərək oyunları boykot etdilər. Beləcə, İran və Albaniya həm Moskva, həm də Los-Anceles olimpiadasında iştirak etmədilər. Şərqi Avropanın sosialist ölkələrindən Yuqoslaviya və Rumıniya Moskvanın çağırışına qoşulmadılar. Eləcə də Çin 32 ildən sonra oyunlara qayıtdı.

Los-Anceles oyunlarında 140 ölkədən 6829 idmançı iştirak etdi. İlk baxışda sovet boykotunun elə də təsirli olmadığını düşünmək olar. Amma nəzərə almaq lazımdır ki, Monrealdakı həmin onluqda olan komandalardan altısı boykota qoşulmuşdu. Sosialist ölkələrinin xüsusilə güclü olduğu idman növlərində (ağır atletika, idman gimnastikası, bədii gimnastika, güləş, boks və s.) yarış səviyyəsi xeyli aşağı düşdü.

ABŞ komandası 83 qızıl medal qazandı və SSRİ-nin dörd il əvvəlki rekordunu üstələyərək komanda hesabında birinci oldu. Moskvanın istəyinə zidd gedərək oyunlarda iştirak etdiyinə görə tamaşaçıların xüsusi rəğbətlə yanaşdıqları rumınlar 20 qızıl medalla ikinci oldular. Qərbi Almaniya isə 17 qızıl medalla üçüncü oldu.

Yadigar Sadıqlı

Meydan.tv

Bənzər yazılar

Back to top button