İqtisadiyyatManşet

“Mərkəzi Bankın “Günay Bank”la bağlı qərarı legitim deyil”

Mərkəzi Bankın 16 may tarixli qərarı ilə daha bir bank – “Günay Bank” ASC bağlandı. Mərkəzi Bank əsas kimi “Banklar haqqında” Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə istinad edərək Bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olmasını, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasını, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyini göstərib.

“Günay Bank” ASC 1992-ci ildə yaradılıb. Bankın sahibləri Mahmud Məmmədov və Yeganə Şirinovadır. Mərkəzi Bank açıqlamasında qeyd edib ki, “Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Bankın fəaliyyət göstərdikləri filialların sayı 10, şöbələrin və valyuta mübadilə məntəqələrinin sayı isə 4 olub.

Günay Bank-ın sahibi Mahmud Məmmədov mayın 7-də bildirmişdi ki, Bankın ehtiyacı olsa da, Mərkəzi Bank “Günay Bank”-a vəsait ayırmayıb.

“Elə banklar vardı ki, 500-600 milyon manat kredit verirdi, bizə isə 1-2 milyon manat kredit verməyi də çox görürdü”.

Bundan sonra mayın 11-də “Günay Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağının keçirilməsinə dair elan verir və gündəliyə bankın nizamnamə kapitalının (hesabata görə, nizamnamə kapitalı 64,9 milyon manat idi) artırılması məsələsi daxil edilib. Amma mayın 16-da bank Mərkəzi Bank tərəfindən qapadılır.

Bununla da ölkədə fəaliyyət göstərən bankların sayı 24-ə düşdü.

Ekspertlər qeyd edirlər ki, proses bununla dayanmayacaq. Bir neçə bank var ki, onların bağlanmaq ehtimalı yüksəkdir. Bu, həm də ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir. Bu siyasət də ondan ibarətdir ki, neft pullarının azalması fonunda Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur. Son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək.

Bu addımı ekspertlər həm də “nəhəng balıqların kiçik balıqları yeməsi”nə bənzədirlər.

Bank-maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov ASTNA-nın suallarına cavab verib.

* * *

Sual: Əkrəm bəy, Mərkəzi Bankın 16 may tarixli qərarı ilə daha bir bank – “Günay Bank” ASC bağlandı. Günay Bank-ın sahibi Mahmud Məmmədov mayın 7-də demişdi ki, bankın ehtiyacı olsa da, Mərkəzi Bank “Günay Bank”-a vəsait ayırmayıb. Bankın bağlanacağı gözlənilən idimi?

Cavab: Obyektiv meyarlara görə heç bir bankın bağlanması hazırda gözlənilən deyildi. Ən pis halda “MuğanBank”ın bağlanması təəccüb doğurmazdı. Çünki orada ciddi problemlər var. “Günay Bank” isə ölkənin bəlkə də ən problemsiz bankıdır. Kiçik bankdır. Nə əmanətçiləri, nə də borcluları ilə ciddi problemi var. Bəli, inkişaf edə bilmirdi. Çünki Mərkəzi Bank ona kredit vermirdi. Digər kiçik və orta bankların çoxuna vermədiyi kimi. Mərkəzi Bank krediti də, xarici valyutanı da əsasən iri inhisarçı banklara verir. Ayrı-seçkilik edir.

Sual: “Günay Bank” ASC-nin bağlanması bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə təhlükə yaratmayacaq kİ?

Cavab: Mərkəzi Bankın məlumatında da deyilir ki, yaratmayacaq. Çünki çox kiçik bankdır. Və sağlam bankdır. Elə buna görə də bağlanması təəccüblüdür. Kapital tələblərini pozması iddia edilir. Əvvəla, kiçik bankın niyə 50 mln manat məbləğində kapitala malik olması lazımdır – özü sualdır. ABŞ-da və Avropada cəmi bir neçə mln dollar kapitalı olan kiçik banklar var. Azərbaycandakı kapital tələbi çox yüksəkdir və kiçik və orta banklara münasibətdə ədalətsizdir. Məqsəd elə sırf bankların sayının azaldılmasıdır.

Digər tərəfdən, bank özü kapital tələbini pozduğu iddiası ilə razı deyil. Mərkəzi Bankın hesablaması şübhəlidir. Bankda ötən il yoxlama olub, indiyədək nəticəsi üzrə hesabat banka təqdim edilməyib. Halbuki, qanuna görə dərhal təqdim edilməli idi. İndi bank haradan bilsin ki, Mərkəzi Bank nəyi necə hesablayıb orada.

Həm də ötən həftə bank mətbuatda da elan verib ki, 5 iyulda səhmdarları ümumi yığıncağını keçirəcək. Gündəlikdəki məsələ də elə kapitalın artırılması olub. Mərkəzi Bankın məhz bu elandan sonra bankı bağlaması niyyətinin sağlam olmadığından xəbər verir. Problem kapitaldırsa, niyə ay yarım olan müddəti gözləmədi? Nə qaçhaqaçdır?

Sual: Proses bununla dayanacaqmı? Yoxsa bankların bağlanması prosesi davam edəcək?

Cavab: Davam edəcək. Çünki əsl məqsəd bankların sayını azaltmaqdır.

Sual: Bankların bir-bir sıradan çıxmasının və ya çıxarılmasının səbəbi nədir və hansı məqsədə xidmət edir?

Cavab: Əvvəllər bağlanan bankların içində təbii ki obyektiv səbəbdən bağlananlar da olub. Texnikabank və Atabank kimi. Amma əksəriyyəti sırf bankların sayının azaldılması və inhisarçı bankların daha böyüməsi və bazarı tam ələ alması üçün bağlanıb. “Günay Bank” da buna görə bağlandı. İri bankların menecmenti bonusa işləyir. Buna görə də sağlam inkişaf yolunu bilmədikləri üçün rəqiblərini aradan qaldırırlar. Onların hamısı və Mərkəzi Bankın cari rəhbərliyi vahid komandadır. Odur ki, işlərini görürlər. Qanunu yox, şəxsi mənfəətlərini rəhbər tuturlar.

Qanuna gəldikdə Mərkəzi Bankın bu qərarı hüquqa ziddir. Əvvəla, Mərkəzi Bank haqqında Qanuna görə onun İdarə Heyətində 7 üzv olmalıdır. Yetərsay 4 üzvdür. Hazırda isə cəmi 3 üzv var orada. Deməli, qəbul edilən qərar legitim deyil.

Digər tərəfdən isə 2019-cu ildə Prezident maliyyə bazarlarına nəzarət səlahiyyətinin Mərkəzi Banka verilməsi haqda qanunlara düzəlişlərin edilməsi barədə sərəncam verib. Hələ də o qanunlar qəbul edilməyib. Mərkəzi Bank haqqında Qanunda belə onun bu səlahiyyətləri təsbit edilməyib.

Sual: Bankların ayaqda qalması üçün, sağlam rəqabət mühitinin yaranması üçün hansı addımlar atılmalıdır?

Cavab: Əvvəla, təkmil qanunlar olmalıdır. Prezident 2004-cü və 2014-cü illərdə Bank Məcəlləsinin hazırlanmasını tapşırıb Mərkəzi Banka. Hələ də icra etməyib. Rəqabət Məcəlləsinin qəbulu da mühümdür. Yaz sessiyasında qəbul ediləcəyini vəd etmişdilər. Amma hələlik xəbər yoxdur.

Mərkəzi Bankın özünün fəaliyyətinə ictimai nəzarət olmalıdır. Qanuna görə onun İdarə Heyətinin 2 üzvü kənar şəxslər (məsələn, ictimai xadimlər) olmalıdır. Amma həmin vəzifələr 27 ildir vakantdır.

Mərkəzi Bankın özünün fəaliyyəti qanun əsasında qurulmayınca, müsbət nəsə gözləmək əbəsdir. Taleh Kazımovun baş bankir olması nə Mərkəzi Bankın, nə də bank sisteminin taleyini dəyişdi.

Bənzər yazılar

Back to top button