Hadisə

XİN 58 əcnəbi vətəndaşı “qara siyahıdan” çıxarıb

Azərbaycan XİN, Media İnkişafı Agentliyi və Mətbuat Şurası iyulun 22-də qeyd olunan Azərbaycan Milli Mətbuat Günü münasibətilə birgə bəyanat yayıb.

Sənəddə bildirilir ki, milli mətbuatın yaranmasının 148-ci illiyində keçmiş işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş 58 nəfər xarici media nümayəndələrinin adları Azərbaycan Respublikası ərazisinə daxil olmasına qadağa qoyulmuş şəxslər siyahısından çıxarılır.

XİN-in saytında bu jurnalistlərin siyahısı dərc olunur:

Ümumilikdə isə Azərbaycan XİN-in “qara siyahısında” müxtəlif vaxtlarda işğal altında olan ərazilərə qanunsuz səfər etmiş 2 mindən çox əcnəbinin adı var.

Adı çəkilən qurumların nümayəndələrinin iştirakı ilə keçirilən brifinqdə qeyd edilib ki, indi, işğal edilmiş ərazilər azad edildikdən sonra Ermənistanın KİV nümayəndələrinin də Azərbaycana səfər etməsi üçün heç bir problem yoxdur.

Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsələr, bunda problem olmayacaq, deyə Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

Amma bu səfərlər Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilməlidir.

Öz növbəsində, Azərbaycan XİN-in rəsmi nümayəndəsi Ayxan Hacızadə qeyd edib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı xarici nümayəndə heyətlərinin tərkibində erməni əsilli jurnalistlər də iştirak edib. “Azərbaycana səfər etməyin əsas şərtlərindən biri ölkə qanunlarına hörmət etməkdir”, deyə Hacızadə bildirib.

Azərbaycan qanunvericiliyinə əsasən, peşə fəaliyyəti ilə əlaqədar ölkəyə gələn əcnəbi jurnalistlər mütləq ölkə XİN-də akkreditasiyadan keçməlidir.

Bənzər yazılar

Back to top button