Sağlamlıq

COVİD-19-un yayılmasına qarşı mübarizə necə davam etdirilməlidir?

Son bir aya yaxındır Azərbaycanda koronavirusa gündəlik yoluxma sayı 2 mini ötür. Hər gün sağalanların sayı isə, çoxalsa da, hələlik yoluxanların sayından azdır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən son məlumata görə, ölkədə 30 082 nəfər aktiv koronavirus xəstəsi var.

Bəs mütəxəssislər vəziyyəti necə dəyərləndirir? Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər lazımdırmı?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı Turan-a bildirib ki, Azərbaycanda koronavirusun 3-cü dalğası müşahidə olunur. “Çox təəssüf ki, xəstələrin sayı artır. Bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunmaqdadır”.

Deputatın sözlərinə görə, insanlar çalışırlar ki, qaydalara əməl etsinlər. “Keçən illə müqayisədə indi insanlar pandemiya ilə mübarizədə daha çox səy göstərir, əksər hallarda qoruyucu maskalardan istifadə edirlər, ara məsafə saxlamağa çalışırlar. Amma yenə də prosesi tam idarə etmək çox çətindir. Hələlik hamı pandemiya şəraitində yaşamağa öyrəşə bilməyib”.

Komitə üzvü vurğulayıb ki, insanlar mütləq vakainasiyadan keçməlidir. “Vaksinasiya mütləq lazımdır. Mən özüm də vaksinasiyadan keçmişəm və səmimi deyirəm ki, bu prosesdən hamı keçməlidir. Çünki ən azı insanın bədənində immunitet yaranır və heç olmasa müəyyən dövr üçün bu, bizi qoruyur”.

M.İbrahimqızı qeyd edib ki, bu yeni virusdur, son vaxtlar onun yeni ştamları üzə çıxıb və hətta ən yaxşı mütəxəssislər belə yeni növ koronavirusla mübarizənin yol xəritəsini müəyyən edə bilmirlər. “Ona görə də bugünkü durumda çıxış yolu yalnız qaydalara əməl etmək və vaksinasiyadır”.

Deputatın fikrincə, Ümumdünya Səhiyyə Təşkilatı vahid qaydalar tərtib etməlidir. “ÜST-ün gördüyü iş yetərli deyil. Məsələn, Avropanın bir sıra ölkələrində açıq havada qoruyucu maska taxmaq məcburi deyil. Bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda isə açıq havada maska məcburidir. Təbii ki, qapalı mühitdə birmənalı olaraq hamı maska taxmalıdır. Amma Ümumdünya Səhiyyə Təşkilatının vahid qaydaları olmalıdır ki, açıq havada maska taxmaq effektivdir, yoxsa maska taxmamaq? Məktəblər əyani şəkildə öz işini davam etdirməlidir, yoxsa onlayn qaydada? Çünki hazırda hər ölkənin öz qaydası var, bu isə insanlarda çaşqınlıq yaradır”.

Tibbi elmləri doktoru Adil Qeybulla bildirib ki, hazırda Azərbaycanda epidemioloji vəziyyətin pisləşməsi gedir. “Bu cür davam edərsə, artım dinamikası olarsa, qadağalar tətbiq etmək, əlavə tədbirlər görmək zərurəti yarana bilər”.

Ekspert qeyd edib ki, ölkədə anlaşılmaz vəziyyət yaranıb. “Bir tərəfdən qapalı yerlərdə, restoranlarda, kafelərdə və digər iaşə obyektlərində insanlar saatlarla maskasız oturur və buna icazə var, digər tərəfdən isə açıq havada maska taxmaq məcburiyyətindədirlər. Bu, necə olur? Bunun bir yolla tənzimləməsinə ehtiyac var və karantin qaydalarına yenidən baxılmalıdır”.

Adil Qeybulla vurğulayıb ki, Azərbaycanda istər ölkə üzrə əhali sayına, istərsə də xəstələnənlərin sayına düşən ölüm halları başqa ölkələrə nisbətən yüksəkdir. “Buna görə də yeni yoluxma hallarının qarşısını almaq və epidemioloji vəziyyətə nəzarət üçün əsas tədbirlərdən biri kütləvi testləşdirmənin aparılmasıdır”.

Ekspert hesab edir ki, test üçün müraciət edən şəxslərə heç bir vəchlə məhdudiyyət qoyulmamalıdır. “Hərarəti olub olmamasından asılı olmayaraq, təcili tibbi yardıma, poliklinika və stasionarlara müraciət edən şübhəli şəxslərdən və test analizi müsbət çıxmış şəxslərlə təmasda olan şəxslərdən test analizinin götürülməsini təmin etmək zəruridir. Uşaq poliklinikalarında uşaqların test edilməsi təmin edilməlidir”.

O əlavə edib ki, müxtəlif mülkiyyətli tibb müəssisələrində, geniş iş yerlərində, iri marketlərdə vaksinasiya guşələri yaratmaqla peyvəndləmə işinin kütləviliyi təmin edilməlidir. “Bundan əlavə, evdə müalicə alanların antibiotiklərdən, antiviral dərmanlardan yerli-yersiz istifadəsinə son qoyulmalıdır, əhali arasında maarifləndirmə işi gücləndirilməlidir”, deyə professor Adil Qeybulla qeyd edib.

Bənzər yazılar

Back to top button